27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
ABŞ-ın Kaliforniya ştatında Qlendeyl adlı balaca şəhər var. Onu həm də "kiçik Ermənistan” adlandırırlar. Burada çoxdan böyük erməni icması özünə yer edib. Los-Ancelesin bu şəhərətrafı məntəqəsinə indiki Ermənistandan da xeyli adam köçüb. Onlar bura özləri ilə birgə öz davranışlarını və həyat tərzini də gətiriblər: məsələn, növbəti mer seçkilərində onlar namizədlərin plakatlarını bıçaqla cırıq-cırıq etmişdilər. Ədəbli amerikalılar da bundan şoka duşmuşdülər.
İndi isə seçki təbliğatının böyük bir hissəsi İnternetə keçib. Oranın isə artıq öz "çirkli oyunları” ilə bağlı qanunları var...
Fevralın 2-də "Yeni Müsavat” qəzetinin təsisçisi, 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizəd Rauf Arifoğlu Facebook-da özünün seçki afişasını yerləşdirib. Afişa seçki bülletenindən ibarətdir və orada seciçilərin çaşmaması üçün namizədlər arasında 2-ci sırada olan Rauf Arif oğlu Abbasovun adının qarşısında "quş” (işarə) qoyulub. Di gəl, heç iki gün keçməmiş Facebook-da bir növ "klon-plakat” peyda olub. Eyni ideya, eyni şrift, hətta "klon”a səs verməməyə çağırış. Ancaq plakat müəllifləri seçiciləri "quş”u üçüncü sətirdə qoymağa səsləyirlər. Və bütün bunlar səsləri Rauf Abbasova, yəni Rauf Çərkəz oğlu Abbasova vermək çağırışı ilə müşayiət olunur.
İndi bu nədir – bəsit plagiat, yoxsa afişanı təkrarlamaq istəyi?
Afişanı Qoşqar Bəylər yerləşdirib. Minval.az-ın artıq xəbər verdiyi kimi, onun FB-akkauntunda İqbal Ağazadənin çoxsaylı təbliğat materialları, o cümlədən Ümid Partiyasının afişası yerləşdirilib. İqbal Ağazadənin namizəd olduğu eyni dairədən başqa bir namizədin təbliğat plakatının onun qatı tərəfdarı olan birisinin səhifəsində yerlədirilməsi öz-özlüyündə nonsensdir. Ələlxüsus da söhbət Rauf Çərkəz oğlu Abbasovdan gedirsə.
Artıq Minval.az-ın da xəbər verdiyi kimi və "Yeni Müsavat” jurnalistlərinin müəyyənləşdirdiyi kimi, Rauf Çərkəz oğlu Abbasov – klassik "klon” namizəddir. Ümid Partiyasının fəalları Qusar rayonunun bu sakinini Bakıya gətirib və 35 saylı seçki dairəsindən "deputatlığa namizəd” ediblər. Bu da təbii ki, tamamilə aydın bir məramla edilib: bülletendə iki ard-arda gələn sətirdə "Abbasov Rauf Arif oğlu” və "Abbasov Rauf Çərkəz oğlu” görən seçici dolaşığa düşsün və Rauf Arifoğludan müəyyən səslər qoparılsın. Ümid edilir ki, FB-dəki "çaşmayın”, "klona səs verməyin” və "quş”u 3-cü sətirdə qoyun” sözləri yazılmış afişanı görən seçicilər daha çaş-baş vəziyyətə düşəcəklər.
Qeyd edək ki, 35-ci Xətai dairəsi "klon” namizəd olan yeganə dairədir. Əslində elə seçicilərə sırınan bu "tapmaca-oyun” da Rauf Arifoğlunu vadar edib ki, özünün "afişa-təlimatı”nı çap edib yaysın. Ancaq əgər sosial şəbəkələrdə eynən belə bir afişa, hələ üstəlik, "çaşmayın”, "klona səs verməyin” çağırışları ilə, özü də məhz elə "klon”un adı qarşısında "quş” qoyulmaqla peyda olursa, bu, artıq adi "çirkli oyun”un epizodu deyil. Bu – "çirkli oyunun” ən aşağı, ən iyrənc səviyyəsidir.
Bəli. Ancaq təkcə ona qarşı da yox. Məsələ ondadır ki, hazırkı parlament seçkiləri müsbət mənada tarixə düşmək üçün bütün imkanlara malikdir. Azərbaycan prezidenti İlham Əliyev son Davos forumu zamanı bu xüsusda seçiciləri əmin edərək deyib ki, Azərbaycan vətəndaşları kimə etimad göstərəcəksə, onu da seçəcəklər. Bu, o anlama gəlir ki, ölkədə şəffaf, ədalətli və rəqabətli seçkilər olacaq.
Dəyişikliklər artıq indidən görünür: bu, həm seçki bülletenlərində yeni adlar və sifətlər, həm minimuma endirilən "inzibati resurslar”, həm əvvəlki dövrlə müqayisədə namizədlərin qeydə alınmasında daha liberal qaydalar və s.-dir. Əsas rəqabətin Rauf Arifoğlu və İqbal Ağazadə arasında getdiyi 35 saylı Xətai dairəsi belə "seçki özəllikləri”nə parlaq sübutdur. Burada həm kəskin rəqabət var, həm inzibati resurslar minimumdur, həm də namizədlərin öz seçiciləri ilə rahat şəkildə görüşlər keçirib təşviqat aparması üçün "əl-qolları” tam sərbəstdir.
Hakimiyyət öz sözünü tutur. Əks halda, heç kimin uzaq Qusar rayonundan Abbasov Rauf Çərkəz oğlunun timsalında "klon” tapıb gətirtməsinə lüzum qalmazdı. Və ikiqat təəssüf doğurur ki, bu fonda bəzi namizədlər belə aşağı əyarlı fəndlərə əl atırlar. Hələ üstəlik, bununla özünü müxalifətçi və demokrat sayanlar məşğul olurlar. Əməldə isə bu "badalaq” heç də bir namizədin ziyanına, digərinin isə xeyrinə deyil. Bu - ədalətli seçkilər ideyasının özünə, bütün islahatçı bloka zərbədir və süni şəkildə yaradılmış "biz hələ demokratiya üçün yetişməmişk” kimi söz-söhbətlərə töhfədir.
Bu çirkli oyun seçicilərə qarşıdır – onları çaşdırmağa, hər şeyi öz adı ilə desək, səslərini bu yolla oğurlamağa çalışırlar. Gəl ki, yekunda rəqibləri bu oyunu Rauf Arifoğluna qarşı yox, özlərinə qarşı aparırlar. Sadə səbəbdən: çünki bütün zamanlar üçün "reputasiya”, "reputasiya itkiləri” adlanan anlayışları hələ heç kim ləğv eləməyib.
İş də ondadır ki, seçkilər bitəcək, reputasiya isə qalacaq - "post-seçki” formasında, özünün bütün nişanələri, "quş”ları ilə birgə. Onları artıq tarix özü yerbəyer edəcək...