Xarabalıqlar Üzərindən Yüksələn Şöhrət: Ağdamın Yeni Tarixi

Hər birimizin qəlbində böyük qürur hissi ilə qeyd etdiyimiz 20 Noyabr – Ağdam şəhəri Günü, sadəcə bir tarixi yubiley deyil, həm də xalqımızın sarsılmaz iradəsinin, milli qürurunun və qədim keçmişinə sahib çıxmaq əzminin parlaq təcəssümüdür. Təhsil işçiləri olaraq biz, Ağdamın çoxəsrlik tarixini, mədəni irsini gənc nəslə aşılamaqla, Vətən müharibəsində qazanılan Zəfərin fəlsəfəsini onların ruhuna hopdururuq. Bu gün, işğaldan azad edilmiş, dağılmış, lakin mütləq bərpa olunan Ağdamın simasında, biz böyük bir tarixi dərsin şahidiyik.


Ağdamın adı, sadəcə coğrafi bir məkanın adı deyil, həm də min illərin yaddaşını daşıyan, xalqımızın köklü tarixindən xəbər verən bir mənəvi dəyərdir. Bildiyimiz kimi, "Ağdam" sözünün etimologiyası qədim türk dilində "kiçik qala" mənasını daşıyır. Bu, bizə uzaq keçmişdə türkdilli qəbilələrin bu ərazilərdə yaşayaraq özlərini müdafiə etmək üçün məskənlər saldığını göstərir. Bu, həm də Ağdamın tarixin ilk çağlarından bəri strateji və məskunlaşma baxımından mühüm ərazi olmasının sübutudur. Daha sonra, XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xanın ağ daşdan imarət tikdirməsi barədə əmr verməsi ilə "Ağdam" sözü "günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev" kimi bədii və mənəvi məna qazanır. Bu "Ağ Ev" uzun müddət ətraf kəndlərin sakinləri üçün bir oriyentir, bir istiqamət simvolu olmuşdur. Bu, Ağdamın həm fiziki, həm də mənəvi mərkəz olmasının tarixi zəruriliyini göstərir.


Arxeoloji tədqiqatlar Ağdamın ərazisinin ilk qədim insanların yaşayış məskənlərindən biri olduğunu sübut edir. Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edən "misdaş" dövrü), yəni altı-səkkiz min il əvvəl insanların burada yaşaması, Ağdamın Yaxın Şərq və Qafqaz sivilizasiyasında oynadığı rolu göz önünə gətirir. Üzərriktəpədə tapılan taxıl və üzüm dənələri, yerli əhalinin sadəcə oturaq həyat sürmədiyini, həm də yüksək əkinçilik mədəniyyətinə malik olduğunu təsdiqləyir. Arxeoloqların Ağdamı Zaqafqaziyada ən zəngin abidələri olan və Qafqazda ilk şəhər tipli yaşayış məskənlərindən biri kimi dəyərləndirməsi, bu torpaqların tarixi əhəmiyyətini bir daha sübut edir. Biz, bu mədəniyyət beşiyini gələcək nəsillərə öyrədirik və bu, onların milli kimliyinin, özünə hörmət hissinin təməlini qoyur.


Qırx dörd günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər, Azərbaycanın gücünü, sarsılmazlığını və beynəlxalq hüquqa söykənən ədalətli mövqeyini bütün dünyaya nümayiş etdirdi. Ağdamın 20 Noyabr 2020-ci il tarixində bir güllə atılmadan, düşmən üzərində qazanılmış hərbi-siyasi qələbə nəticəsində geri qaytarılması, Prezident cənab İlham Əliyevin həm sərkərdəlik, həm də diplomatik məharətinin ən parlaq nümunəsidir.


Prezident cənab İlham Əliyev bu tarixi qələbədən sonra, 2021-ci il 28 may tarixində, Müstəqillik Günündə Ağdam şəhərinin bərpasının təməl daşını qoyarkən və Baş Planı təsdiq edərkən Ağdamın gələcəyini də bəyan etdi: "Elə bir Ağdam quracağıq ki, bu, bütün dünya ölkələrinə örnək olsun.". Bu, sadəcə tikinti planı deyil, həm də böyük bir milli ideologiyanın, Böyük Qayıdış fəlsəfəsinin bəyanı idi. İşğal dövründə erməni barbarlığı nəticəsində Ağdam "Qafqazın Xirosiması" adlandırılırdı; lakin Prezident cənab İlham Əliyevin rəhbərliyi altında aparılan quruculuq işləri sayəsində bu şəhər qısa zamanda dirçəlişin, bərpası qeyri-mümkün görünənin mümkün olmasının simvoluna çevrilir. Bu, gənclərimiz üçün ən böyük vətənpərvərlik dərslərindən biridir.


Bu gün Ağdamın bərpasında və milli irsinin qorunmasında Ümummilli Lider Heydər Əliyevin Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki fəaliyyəti unudulmazdır. Ulu Öndər Heydər Əliyev Ağdamın işğalından sonra Milli Məclisdə çıxışında bu torpaqların əhəmiyyətini vurğulayaraq, Ağdamın Azərbaycanın ən gözəl, əziz və müqəddəs şəhəri olduğunu bəyan etmişdir. Onun bu fikirləri o dövrün çətinliklərində xalqa mənəvi dayaq olmuş, azadlıq mübarizəsinin təməlini qoymuşdur.


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti isə bu mənəvi dəyərlərin və mədəni irsin bərpası sahəsində xüsusi qeyd edilməlidir. Mehriban xanım Əliyeva həm Ağdamın işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik etmiş, həm də Heydər Əliyev Fondunun rəhbəri kimi mədəniyyətin, xüsusilə də muğam sənətinin inkişafı və təbliği sahəsində mühüm işlər görmüşdür. Ağdam Muğam Mərkəzinin açılışında Prezident cənab İlham Əliyevlə birgə iştirakı Qarabağ mədəniyyətinin, xüsusən də muğam incisinin bərpasına verilən yüksək dövlət dəstəyinin təzahürüdür. Bu, mədəni irsimizə sahib çıxmağın ən gözəl nümunəsidir.

Bu tarixi biliklər gənclərimizin milli qürurunu daha da artırır və qədim torpaqlarımızın keşməkeşli tarixini dərindən anlamağa kömək edir. Lakin bu tarixi qayıdışın təməli, Vətən müharibəsində döyüşən, canından keçən igid Vətən övladlarının misilsiz şücaəti ilə qoyulmuşdur. Azərbaycanın mübariz oğulları Müzəffər Ali Baş Komandanın əmri ilə sinələrini sipər edərək, Ağdamın işğaldan azad edilməsinin siyasi-hərbi təməlini yaratdılar. Onların hər damla qanı, hər qəhrəmanlıq anı, bu gün işığına qovuşan Ağdamın gələcəyinin zəmanətidir. Biz, gənc nəslə təkcə tarixi faktları deyil, həm də Şəhidlərimizin müqəddəs ruhunu və Qazilərimizin şərəfli iradəsini yaşatmalıyıq. Prezident cənab İlham Əliyevin hərbi rəhbərliyi altında qazanılan bu qələbə, məhz o igidlərin qəhrəmanlığı ilə tamamlanmışdır.


Təhsilin bərpası Ağdamın yenidən həyata qayıdışının əsas sütunudur. Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimi (28.05.2021) və Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimi (25.04.2024), həmçinin Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı (18.07.2025) və 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı (18.07.2025) – bütün bunlar gələcəyə, elmə və maarifə yatırılan investisiyadır.

Məktəb – sadəcə təhsil ocağı deyil, həm də gələcəyin təməlidir. Dağılmış xarabalıqların üzərində ucalan hər bir məktəb binası, Vətənə qayıdan hər bir müəllim və şagird, Prezident cənab İlham Əliyevin "Böyük Qayıdış" ideyasının zəfər yürüşünün simvoludur. Biz, təhsil işçiləri olaraq, gənc nəsli Ağdamın tarixi keçmişi və parlaq gələcəyi haqqında məlumatlandırmaqla, onların Vətənə bağlılığını və milli məfkurəsini daha da gücləndiririk.

Ağdam Günü mübarək olsun! Qoy həmişəyaşıl Qarabağımızda yalnız quruculuq və inkişaf küləyi əssin!


Ləman Hacıyeva 

Suraxanı rayonu N.Həmidov adına 208 №li tam orta məktəbin direktoru 

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti