“Parlamentdə ən azı 8-9 azərbaycanlı deputat təmsil olunmalıydı”

 

“Parlamentdə ən azı 8-9 azərbaycanlı deputat təmsil olunmalıydı”

 

 

Əli Babayev: "Gürcüstanda bəzi təşkilatlara Azərbaycan icmasına daim zərbələr vurmuş və icmanı həmişə parçalayan şəxslər rəhbərlik edirlər”


Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayevlə müsahibəni oxucularımıza təqdim edirik 

- Əli müəllim, Gürcüstanda keçirilmiş son parlament seçkilərini necə dəyərləndirərdiniz və ölkə üçün vacib olan bu siyasi prosesdə yerli azərbaycanlılar nə qədər fəal oldular?
- Parlament seçkiləri olduqca azad ve demokratik keçirildi. Seçki prosesini müşahidə edən bütün xarici və beynəlxalq müşahidəçilər də bu nəticəyə gəldilər. Bəzi seçki məntəqələrində ikinci mərhələ keçirildi və bu da onu sübut edir ki, seçkidə heç bir saxtakarlığa yol verilmədi. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat” partiyası əsassız olaraq saxtakarlıqların olduğunu bəyan edirdi. Hesab edirəm ki, Gürcüstanda Mixail Saakaşvilinin dövrü başa çatıb. Gürcüstan ictimaiyyətində eks-prezidentin tərəfdarları getdikcə azalır. Bunu son parlament seçkilərinin nəticələri də sübut edir. Mixail Saakaşvilinin partiyasında seçkilərdən sonra ciddi fikir ayrılıqları yaranıb və mən istisna etmirəm ki, "Vahid Milli Hərəkat” partiyasının parçalanması artıq qaçılmazdır. 
Seçki qabağı dövrdə bizdə məlumatlar vardi ki, "Vahid Milli Hərəkat” partiyası Marneulidə təxribatlar hazırlayıb. Lakin buna baxmayaraq, Marneulidə bu partiya ciddi olaraq məğlub oldu. Əgər 2012-ci ildə keçirilmiş parlament seçkilərində Rustavi şəhərini çıxmaqla bütün Kvemo-Kartli regionunda Saakaşvilinin partiyası qələbə qazançışdısa, 2016-cı ildə isə partiya bu regionda məğlub oldu. Gürcüstan azərbaycanlıları bu seçkilərdə çox fəal oldular və mən deyərdim ki, artıq azərbaycanlılar ağı qaradan seçə bilirlər. 
Hakim "Gürcü arzusu”nun çöxluq təşkil etdiyi yeni parlamentdən gözləntilərimiz çoxdur. Yeni parlamentin üzvləri əsasən gənclərdən ibarətdir. Mən inanıram ki, yeni parlament effektiv işləyəcək son illərdə əsasən də əhalinin sosial rifahına yönəlmiş yeni qanunlar qəbul etməkdə davam edəcək. 
- Yeni seçilmiş azərbaycanlı deputatlar barədə fikrinizi öyrənmək istərdik.
- Azərbaycan icmasının sayını nəzərə alaraq parlamentdə ən azı 8-9 azərbaycanlı deputat təmsil olunmalıydı. Son parament seçkilərinin nəticəsi olaraq 4 azərbaycanlı deputat mandatı qazandı. Düzünü desəm, yeni deputatlara böyük ümidlər bağlaya bilmirəm. Çünki deputatlarımız Gürcüstanın dövlət dilini lazımı səviyyədə bilmirlər. Gürcüstan qanunvericiliyinə görə, dövlət dilini bilməyən şəxs deputat ola bilməz. Deputatlarımız parlamentdə Azərbaycan icmasının problemlərini parlamentdə qaldıra bilmirlər. Çünki təəssüflər olsun ki, gürcü dilini bilmirlər. Məsələn, "Gürcü arzusu”ndan Mahir Dərziyevin ikinci dəfə deputat seçilməsi bizim üçün olduqca gözlənilməz oldu. Ümid edirəm ki, növbəti dörd ildə o nəhayət gürcü dilini öyrənməyə başlayacaq. "Gürcü arzusu”ndan seçilmiş digər deputat Savalan Mirzəyev də uzun müddət indi müxalifətdə olan "Vahid Milli Hərəkat” partiyasının tərəfdarı olub və indi mövqeyini dəyişib. Bizim, deputat Ruslan Hacıyevə böyük ümidlərimiz var. O, söz verib ki, gürcü dilini tələb olunan səviyyədə öyrənəcək. Digər azərbaycanlı deputatlarla müqayisədə o layiqli deputat ola biləcək və azərbaycanlıların səsini parlamentə çatdıracaq. 
- Gürcüstanın yeni hökuməti formlaşır. Necə hesab edirsiniz bundan sonra Gürcüstanın Rusiya da daxil olmaqla qonşu ölkələrlə münasibətləri necə inkişaf edəcək?
- Gürcüstan hökumətində dəyişikliklərə baxmayaraq, Gürcüstan əlbəttə ki, Azərbaycan və Gürcüstanla dostluq və strateji əməkdaşlığını davam etdirəcək. Bildiyiniz kimi, Gürcüstan, Azərbaycan və Türkiyə regionda qarşılıqlı faydalı irimiqyasli energetik və nəqliyyat layihələri həyata keçirilər. Məlum olduğu kimi, Azərbaycan və Türkiyə Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdir. 
Gürcüstanın Rusiya ilə münasibətlərinə gəldikdə isə deyə bilərəm ki, bu münasibətlərin normallaşması Gürcüstana ilk növbədə iqtisadi cəhətdən çox əlverişli ola bilər. Lakin ərazi bütövlüyü problemi bu münasibətlərin tam norlamallaşmasına ciddi maneə yaradır. Lakin buna baxmayaraq, son illərdə iki ölkə arasında humanitar və iqtisadi sahələrdə yaxınlaşma hiss olunur. Rusiya qonşu və böyük ölkədir və bu münasibətlər sözsüz olmalıdır. Məsələn, bu ilin yayında Rusiyadan Gürcüstana gəlmiş turistlərin sayı rekord həddə çatdı. Rusiyanın bir sıra şirkətləri Gürcüstan bazarı ilə ciddi maraqlanmağa başlayıblar. İqtisadi münasibətlər çox vacibdir, belə ki, Rusiya bazarı gürcü məhsulları üçün həmişə əsas ixrac bazarı olub. Bu bazarı itirmək olmaz. 
Bilirsiz ki, Rusiya Gürcüstanla viza rejimini sadələşdirib və Rusiyada yaşayan miqrantlar arasında Gürcüstan vətəndaşları çoxluq təşkil edir. Hesab edirəm ki, Gürcüstan da bu istiqamətdə müəyyən addımlar atmalıdır. Son statistikaya görə Gürcüstana daxil olan pül köçürmələrinin böyük hissəsi Rusiyanın payına düşür. Buna görə də hesab edirəm ki, Rusiya ilə münasibətlər inkişaf etdirilməlidir. Bir sıra beynəlxalq təşkilatlar dəfələrlə Gürcüstanı qonşu Rusiya ilə münasibətləri normallaşdırmağa çağırıb. 
- Gürcüstanda yerli azərbaycanlıların bir sıra təşkilatları fəaliyyət göstərir. Sizcə hansı səbədən bu təşkilatlar arasında birlik müşahidə olunmur?
-Gürcüstanda yaranmış bu cür təşkilatların əksəriyyəti ya müəyyən maraqları güdüb ya da həmin təşkilatları yaradanlar cəmiyyətdə özünü reklam etməyə çalışıb. Belə təşkilatlar arasında xarici qrantları öz xeyirlərinə xərcləyənlər də var. Maraqlı burasıdır ki, bu cür təşkilatlar Gürcüstan azərbaycanlılarının hüquqlarının müdafiəsini, onların Gürcüstan cəmiyyətinə inteqrasiyasına dəstək, mədəniyyətin tanıdılması və s. bu kimi standart məqsədləri özlərinə guya əsas vəzifələr kimi müəyyən edirlər. Gürcüstanda QHT qeydiyyatdan keçirmə prosesi çox asandır. Yerli azərbaycanlılar arasında hörməti olmayan, Azərbaycan icmasına daim zərbələr vurmuş və icmanı həmişə parçalayan hörmətsiz şəxslər bu cür təşkilatlara rəhbərlik edirlər. Bu cü təşkilatlar heç Gürcüstanda yaşayan azərbaycanlıların hansı kəndlərdə və necə yaşadıqlarından məlumatsızdırlar və bu barədə heç maraqlanmırlar. 
İsak Novruzov Ağsaqqallar Şurası yaradıb. O, hökumət məmuru və deputat olub. Fikir verin o ətrafına kimləri yığıb? Onun ətrafında olanların 70%-i Gürcüstandakı azərbaycanlılara ziyan vurmuş, onların hüquqlarını tapdamış şəxslərdir. Mən bu insanları ağsaqqal kimi qəbul edə bilmərəm. Çünki ağsaqqal adına yalnız cəmiyyətdə böyük hörməti olan şəxslər layiq görülə bilər. İctimaiyyət özü müəyyən edir kimə ağsaqqal desin. 
2008-ci ildə Gürcüstan Azərbaycanlıları Konqresi yaratmışdıq və təşkilatımızın uğurlu fəaliyyətini bir çox şəxslər həzm edə bilmirdi. Bu şəxslər Kvemo-Kartlinin qubernatoru David Kirkitadze, Kvemo-Kartlinin ağası olan Vaja Leluaşvili və qubernatorun müavini Hüseyn Yusubov idi. Həmin dövrdə onları iki məsələ narahat edirdi – din və Konqres. Onlar qanunsuz yollarla Konqresi parçaladılar. 
Hüseyn Yusubov o şəxsdir ki, Sankt-Peterburqdan bəzi hərəkətlərinə görə qaçıb gəlib və Gürcüstanda vəzifə alıb. Öz kəndində və ətraf kəndlərdə yaşayan azərbaycanlıların torpaqlarını ələ keçirib. Sonra bu şəxs qubernatorun müavini oldu və Konqresə rəhbər gəldi. Həmin konqresin təsisçiləri fırıldaqçılardan ibarətdir. İcra başçısının müavinləri, deputatlar, məktəb direktorları olan bu şəxslərin Konqreslə heç vaxt heç bir əlaqəsi olmayıb. Bu şəxslərin fəaliyyətlərinin əsas məqsədi odur ki, hakim "Gürcü arzusu” partiyasına özlərini göstərsinlər. Saakaşvilinin dövründə Hüseyn Yusubova yüksək dövlət mükafatları təqdim olundu. Bu mükafatlar ona Konqresi parçaladığına görə verildi. 
Din məsələsinə gəldikdə, 2011-ci ildə Hüseyn Yusubov və Azər Süleymanovun təşəbbüsü ilə Gürcüstan Müsəlmanlar İdarəsi yaradıldı. Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyi ləğv olundu və beləliklə dini birliyə də ziyan vuruldu. 
Çox təəssüf edirəm ki, həm Gürcüstanda, həm də Azərbaycanda bu cür vicdansız insanlarla əməkdaşlıq edən təşkilatlar var. Görünür həmin təşkilatlar həmişə öz millətinə qarşı fəaliyyət göstərən bu insanları yaxşı tanımır. 
Hesab edirəm ki, Azərbaycan təşkilatları arasında birlik alına bilməz, çünki onların arasında Azərbaycan icmasına zidd fəaliyyət göstərənlər var. Gürcüstan Azərbaycanlılarının Milli Konqresi bir neçə QHT ilə Koordinasiya Şurası çərçivəsində əməkdaşlıq edir. Bu əməkdaşlıq Gürcüstan azərbaycanlılarının hüquqlarının müdafiəsi, onların din, dil, mədəniyyət və adət-ənənələrinin qorunub saxlanmasına yönəlib. Bizim əsas məqsədimiz Gürcüstan cəmiyyətində gürcü dilini bilən, dövlət idarələrində təmsil olunan və vəzifəsini vicdanla yerinə yetirən yerli azərbaycanlıların çox olmasına çalışmaqdır.

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti