Azərbaycanlı çempiona Rusiya türməsində erməninin əli ilə işgəncə verilir

 

Uşu-sanda üzrə ikiqat dünya və Avropa çempionu, Dünya Kubokunun sahibi, Azərbaycan uşu-sanda yığmasının sabiq baş məşqçisi Canpolad Budaqovun həyatı təhlükə altındadır.

C.Budaqov indi saxlanıldığı həbsxanada yeni erməni rəisin işgəncələrinə məruz qalır. Ailəsi isə onun xilas edilməsi üçün dəstək gözləyir.

Bu haqda virtualaz.org saytına C.Budaqovun qardaşı Elman Budaqov məlumat verib.

E.Budaqov qardaşını çempionluqdan həbsxanaya aparan yoldan, indi üz-üzə qaldığı vəziyyətdən danışıb, onu erməni rəisin əzablarından qurtararaq Azərbaycana gətirməyin vacibliyindən və bunun yollarından bəhs edib.

Əvvəlcə Canpolad Budaqov haqda...

1971-ci il təvəllüdlü C.Budaqov ikiqat dünya və Avropa çempionudur. Peşəkar idmanla məşğul olan C.Budaqovun sonuncu böyük uğuru 2001-ci ildə Dünya Kubokunu qazanmasıdır.

C.Budaqov 2005-ci ilədək uşu-sanda üzrə Azərbaycan milli komandasının baş məşqçisi olub. 4 il baş məşqçilik edən C.Budaqov bu postdan ayrılandan sonra bir müddət özəl məşqlər keçərək tələbələr yetişdirib.

Onu da deyək ki, C.Budaqov orta məktəbi qızıl medalla, daha sonra isə Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib, cərrah olub. Eyni zamanda tar və rəssamlıq kurslarına gedib.

Uğurlu idman karyerasından sonrahadisələr...

Amma bu peşəkar idmançının həyatında sonradan gözlənilməz hadisələr baş verib. 2007-ci ilin mayında Bakıda 2,53 qram heroinlə tutulan Budaqov 2 il həbsdə yatandan sonra 2009-cu ildə azadlığa çıxıb.

Lakin C.Budaqovun qardaşı Elman Budaqov onun heç vaxt narkotik istifadəçisi olmadığını deyir. E.Budaqov qardaşının qisas məqsədilə şərlənərək həbs edildiyini bildirir.

Canpolad Budaqov 2009-cu ildə azadlığa çıxandan sonra da başı bəladan qurtulmur. Bu dəfə isə ona xuliqanlıq maddəsi ilə yeni cinayət işi açılır. Lakin C.Budaqov cinayət işi açılarkən Azərbaycanı tərk edir. Və onun barəsində axtarış elan edilir.

Qardaşı Canpolada qarşı açılan bu cinayət işinin də səbəbini belə danışır:

"Canpoladın xuliqanlıqda təqsirləndirilməsinin səbəbi qonşunu şillə ilə vurması oldu. Biz "Papanin”də qalırdıq. Canpolad maşınını dalanda saxlamışdı. Arxasında isə başqa bir maşın saxladığından o, maşınını çıxara bilmədi. Məhəllədə bunun üztündə mübahisə düşdü. Qonşulardan biri səs-küydən sonra Canpolada xəbərdarlıq elədi ki, sakit olsun. Bu zaman onların arasında mübahisə oldu. Mübahisə qızışanda qardaşım qonşuya bir şillə vurdu. Başqa bir qonşu 102-yə zəng eləmişdi. Bu zaman hadisə yerinə polis əməkdaşları gəldi. Hadisənin başvermə səbəbi budur - bir şillə...”

Azərbaycanı tərk edən Canpolad 2009-cu ildə Moskvaya - dostlarının yanına, oradan isə Samara şəhərinə gedib. Samarada yeni zal açaraq məşq keçməyə başlayıb.

Qeyd edək ki, xuliqanlıq maddəsi ilə açılan cinayət işinə görə, Canpolad Budaqov 2013-cü ilin sentyabrında Bakıya gətirilmişdi. Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 6 ay həbsə məhkum olunan C.Budaqov məhkəmə qərarı qüvvəyə minəndən sonra Samara həbsxanasına geri qaytarılmışdı.

Canpoladın ermənini öldürməsi və türməyə aparan yol...

Canpolad Budaqovun Rusiyada bir ermənini öldürməsi haqda həm yerli, həm də Rusiya mətbuatı yazıb. Lakin Rusiya mətbuatı hadisəni o vaxt fərqli şəkildə təqdim etmişdi. Bəzi Rusiya mətbuat orqanları yazırdılar ki, guya azərbaycanlılar öz aralarında dava edərkən polis əməkdaşı onları sakitləşdirmək istəyib. Bu zaman Canpolad Budaqov erməni polisi qətlə yetirib.

Hadisəyə gəlincə isə qeyd edək ki, C.Budaqov 2011-ci ilin avqustunda Samara vilayətində azərbaycanlılara məxsus "Vodopad” kafesində polis sahə müvəkkili, erməni əsilli Samvel Mehrabovu öldürüb.

Elman Budaqov həmin hadisənin necə baş verdiyini bizə qardaşından necə eşidibsə, o cür də nəql edir:

"Canpolad 3 azərbaycanlı dostu ilə "Vodopad” kafesinə gedib. Onun əynində üzərində Azərbaycan atributları olan köynək olub. Həmin vaxt kafedə qadınlı-kişili 60 nəfər erməni varmış. Onlar ölən Samvel Mehrabovun atasının ad gününü qeyd edirmiş.

Ermənilərdən bəziləri Canpoladgili görəndə qıcıqlanıblar. Dava 4 azərbaycanlıdan birinin döyülməsi ilə başlayıb. Canpoladgil masada əyləşəndə onlardan biri çölə çıxıb. Qayıdanda ermənilər buna sataşıblar. Aralarında mübahisə düşüb və 6-7 erməni azərbaycanlı gənci döyməyə başlayıb. Canpoladgil də buna müdaxilə etmək istəyib. Onların çox olduğunu görən Canpolad mətbəxdən bıçaq götürüb, onları qorxutmaq istəyib. Lakin qarışıqlıqda məhz polis olan erməni bıçaqlanıb. Bıçaq bilərəkdən ona dəyməyib.

Canpolad dedi ki, əgər öldürmək istəsəydim, tək onu öldürməzdim və bir bıçaq zərbəsi də endirməzdim. Bıçaq onun ürəyinə dəyib. Elə davanın səbəbkarı da ölən polisin böyük qardaşı olub. Davanı o başlayıbmış”.

Bu hadisə o zaman mətbuatda milli zəmində baş verən münaqişə kimi təqdim edilmədi. Əgər bu şəkildə təqdim edilsəydi,proseslərin gedişatı bəlkə dəfərqli olacaqdı.

Hadisənin bu şəkildə təqdim edilməməsi təklifini Budaqovlara Azərbaycanın Samaradakı diaspor rəhbəri verib.

Bu qətl işi üzrə açılan cinayət işinin nəticəsi olaraq Canpolad Budaqov 2011-ci ilin sentyabr ayında 13 il müddətinə azadlıqdan mərhum edilib. O, cəzasının hazırda Samara həbsxanasında çəkir.

Canpoladın həbsindən sonra baş verənlər

Canpolad Budaqov 3 il 6 aydır ki, həbsxanadadır. Bu müddət ərzində qardaşları onun bütün maddi ehtiyaclarını qarşılamağa çalışıb.

Elman Budaqovun sözlərinə görə, C.Budaqov həbs edilən gündən bu günədək ona 80 min dollardan çox xərc çəkiblər. Lakin artıq ailənin maddi imkanı yoxdur.

Məsafə uzaq, yol xərcləri çox olduğundan ailə üzvləri Canpoladın görüşünə gedə bilmir. Sadəcə olaraq bayramlarda poçtla pay göndərə bilirlər.

"Özümüzün maddi gücümüz qalmayıb. Nəyin bahasına olursa olsun onu Bakıya gətirmək istəyirik. Anam onu görmək istəyir. Əvvəl skaypla danışa bilirdik. Həbsxanaya yeni rəis təyin olunandan sonra daha bu da mümkün deyil”- deyə E.Budaqov bildirir.

Onu da qeyd edək ki, həmin davada iştirak edən digər 3 azərbaycanlı hazırda azadlıqdadır.

E.Budaqov deyir ki, bu günədək Canpolada naxələf çıxmayan dostları onlara dəstək olub. Canpolad üçün çəkilən xərclərin böyük hissəsini onlar öz üzərinə götürüb.

Lakin Canpoladın vaxtilə dəstək olduğu, özünə yaxın bildiyi bir çox insanlar indi vəziyyətləri yaxşı olsa da onun haqqında qətiyyən fikirləşmirlər. Elman Budaqov qardaşı üçün həmin şəxslərə müraciət etsə də dəstək olan olmayıb. 

E.Budaqov deyir ki, həbsxana həyatı çətindir, amma bu həyat Canpolad üçün son 6 ayda daha da çətinləşib. Bu 6 ay ərzində o, həbsxana rəisi tərəfindən işgəncələrə, təzyiqlərə məruz qalıb. Səbəb isə yeni rəisin erməni olmasıdır. Yeni rəis Canpoladın erməni polisin qətlinə görə həbsxanada olduğunu bildiyindən ona təzyiqlər edir, bütün hüquqlarını məhdudlaşdırır, yeri gəldi-gəlmədi "kars”a salır, psixoloji təzyiqlərə məruz qoyur.

Qardaşı deyir ki, Canpolad əvvəl evlə tez-tez əlaqə saxlaya bilirdi. İmkan olanda hətta skaypla belə danışa bilirdilər. Yeni rəis gələndən sonra isə vəziyyət pisliyə doğru dəyişib. Yalnız Canpolad imkan tapdıqca ailəsi ilə əlaqə saxlaya bilir.

Xilas yolu varmı?

C.Budaqovun Azərbaycana ekstradisiyası mümkündür. Və bunun üçün lazım olan sənədlərin hamısı artıq hazırdır. Yeganə əngəl məhkəmənin təyin etdiyi qanpulunun ödənilməməsidir. Əgər bu məbləğ qarşı tərəfə ödənilsə, Canpolad Azərbaycana qaytarılacaq.

Məbləğ isə çox deyil - cəmi 1 milyon rubl (təxminən 20 min dollar).

"Ermənilər qanpulu olaraq 3 milyon rubl istəyirdi. Buna da imkanımız yox idi. Vəkilimiz Daşdəmirovun səyləri nəticəsində bu məbləğ 1 milyon rubla endirildi. Azərbaycan Ədliyyə Nazirliyi Canpoladın Azərbaycana ekstradisiya olunması üçün Rusiyaya müraciət edib. Biz nazirlikdə qəbulda olmuşuq. Nazirlik də bu işlə məşğuldur, bütün problem həll edib. Razılıq əldə olunub. Canpoladın özü də bütün sənədlərə qol çəkib. Məbləğ ödəniləndən sonra Canpolad Azərbaycana göndəriləcək. Sənədlər artıq bir aydır ki, hazırdır” - deyir Elman Budaqov.

E.Budaqov bu məbləği ödəyə bilmədiklərini, bunun üçün də dəstəyə ehtiyaclarının olduğunu deyir: "Məni başa düşən düşəcək. Bunu qardaşım üçün edirəm. Onun həyatını xilas etmək lazımdır.

Canpolad ayaqlarından üç dəfə əməliyyat olunub. 1994-cü ildə Avropa çempionatında iştirak edəndə sağ ayağı qırılmışdı. O zaman Avropa çempionu oldu, indi isə bəlasını çəkir. Onun ayaqlarına su yığılır. Skaypla danışanda göstərirdi. Hər ikisi şişib. Bu vəziyyətdə bir neçə ay da qalsa, ya öləcək, ya da ayaqlarını kəsəcəklər”.

Uğurlu karyera, yaxın dostlar və... 20 minin çarəsizliyi

Əslində düşünmək olar ki, 20 min dollar bir insanın həyatını xilas etmək üçün o qədər də böyük məbləğ deyil. Həyatı xilas ediləcək insan üstəlik hələ dünya və Avropa çempionu olmuş, geniş biznes malik olan nüfuzlu şəxslərlə dostluq etmiş biridirsə...

Qardaşı deyir ki, Canpoladın dostluq etdiyi insanlar arasında hazırda Milli Məclisdə təmsil olunan iki deputat da var. Canpoladı bir zamanlar özünə dost bilənlər arasında icra başçısı, məmurlar, biznesmenlər də olub. Lakin Canpoladın başına gələnlərdən sonra necə deyərlər, onlar dostluğu, duz-çörəyi unudublar..

Elman Budaqovun dediklərindən: "Canpoladın yaxşı vaxtlarında yanında olan, indi isə yaxşı imkanı olan şəxslər yaxın durmur. Onların çoxu bu yardıma etiraz edib pul vermək istəmir. Yəqin fikirləşirlər ki, Canpolada 13 il iş verilibsə, qoy yatsın”.

Qardaşı deyir ki, Canpoladın ən yaxın və imkanlı dostu Şakir adlı biznesmen olub. O, çətin günlərdə Canpolada çox dəstək olurdu. Lakin sonra həmin iş adamı vəfat edib.

"Ərk elədiyimiz, kömək istəyə biləcəyimiz şəxslərə ağız açmışıq. Daha olmur. Hər kəsin problemi var. Bir dəfə kömək edənə bir də ağız açmaq olmur” - deyə Elman Budaqov bildirir.

Bu yerdə sual yaranır: bu cür uğurlu idman karyerası olan şəxsin necə olub ki, maddi imkanı yaxşı olmayıb və ya özünə yaxşı şərait yaratmayıb?

E.Budaqov bu suala belə cavab verdi: "Canpolad və bir neçə tanınmış idmançı Azərbaycanda idmana dəstəyin demək olar ki, olmadığı vaxtda parladılar. Onlar yarışlara getmək üçün borca girirdi. Azərbaycanda idmana indiki prezident İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra diqqət göstərilməyə başladı. Amma onda Canpolad üçün artıq gec idi. Yaş öz sözünü demişdi.

Yadımdadır, 1994-cü ildə Canpolad Avropa çempionatına getmək üçün faizə borc pul götürmüşdü. Çempion olub qayıdanda o zamankı gənclər, idman və turizm naziri Əbülfəs Qarayevlə görüşmüşdülər. Nazir Canpolada və digər idmançılara demişdi ki, sizə verməyə heç nə yoxdur, amma üç qərənfil verə bilərik”.

Elman Budaqov sonda onu da dedi ki, qardaşının bütün cəzasını son gününədək çəkməsinə razıdırlar. Lakin onun Samarada ermənilər tərəfindən əzab görməsinə göz yuma bilmirlər: "Hamımız razıyıq ki, qardaşım cəzasını sonadək çəksin. Amma gözümüzün önündə olsun. Azərbaycanda olsun. Qardaşım bilərəkdən, ya bilməyərəkdən cinayət törədib. Bunun cəzasını da mütləq çəkməlidir. Biz onun azadlığa buraxılmasını istəmirik. Sadəcə Azərbaycandakı həbsxanaya köçürülsün. Heç olmasa burada onu görmək imkanımız olacaq. Biləcəyik ki, sağdır, işgəncə görmür”.

İctimaiyyətə müraciət edən E.Budaqov deyir ki, bu addımı çarəsizlikdən atır. O, bütün imkan və əlaqələrindən istifadə etsə də bu məbləği toplaya bilməyib.

Bəlkə də bundan sonra Canpoladla kimlərsə bu məbləğin ödənilməsində, onun Azərbaycana gətirilməsində Budaqovlar ailəsinə dəstək olacaq...

Canpolad Budaqova dəstək olmaq istəyənlər onun qardaşı Elman Budaqovla əlaqə saxlaya bilərlər. Əlaqə nömrələri və açılan bank hesabı aşağıda qeyd edilib:

İlkin Muradov

Virtualaz.org

Elman Budaqov: 0552779009



Oxşar Xəbərlər

Xəbər lenti