8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Növbə kimindir?
Mövcud iqtidarın dövründə vəzifə karyerasında sürətli yüksəliş edən məmurlardan biri, iki il əvvələ kimi ən qüdrətli məmur-oliqarxlarından olan Ziya Məmmədov nəhayət ki, sabiq nazirə çevrildi. Artıq sabiq nəqliyyat naziri olan Ziya Məmmədov əmək fəaliyyətinə 1971-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi kimi başlayaraq, sonra maşinist vəzifəsində, daha sonra 1980-1983-cü illərdə Biləcəri Lokomotiv deposu istismar sexinin partiya təşkilatının katibi və Biləcəri Lokomotiv deposu həmkarlar komitəsinin sədri vəzifəsində çalışıb. 1983-1984-cü illərdə Azərbaycan Dəmir Yolu hərəkət xidmətinin Lokomotiv dispetçeri, 1984-1987-ci illərdə Biləcəri Lokomotiv deposu rəisinin kadr və məişət işləri üzrə müavini vəzifəsində işləyib. 1987-1989-cu il illərdə Biləcəri Lokomotiv deposu Dəvəçi əvəzedici məntəqəsinin rəisi, 1989-1991-ci il illərdə Gəncə Lokomotiv deposunun rəisi vəzifəsində işləyib. 1991-1993-cu illərdə Azərbaycan Dəmir Yolu Lokomotiv təsərrüfatı xidmətinin rəisi, 1993-1996-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəisinin lokomotiv və vaqon təsərrüfatı üzrə müavini ,31 iyul 1996-cı ildə prezidentin 379 nömrəli Sərəncamla Azərbaycan Dövlət Dəmir Yolunun rəisi vəzifəsinə təyin edilib. Belə deyək ki, 2002-ci ilin avqust ayına kimi bu vəzifədə çalışıb. Bundan sonra 8 avqust 2002-cı il tarixdə prezidentin 750 nömrəli Sərəncamı ilə nəqliyyat naziri vəzifəsinə təyin edilib. Ən nəhayət 13 fevral 2017-ci ildə prezidentin sərəncamı ilə Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb və yeni yaradılan nazirliyə Ramin Namiq oğlu Quluzadə rəhbər təyin edilib. Bu struktur islahat və nazir təyinatı isə Ziya Məmmədovu işsiz statusuna salıb. Ramin Quluzadə 2015-ci ilin sonlarında Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini, 2016-cı ilin yanvarında isə nazir təyin edilmişdi. İndi onun nazir təyin olunması, Ziya Məmmədovun isə işsiz durumuna düşməsi hakimiyyət daxilində baş verən nəsil dəyişikliyinin də göstəricisi kimi qəbul oluna bilər. Bu haqda bir qədər aşağıda bəhs edəcəyik. Hələlik isə qeyd edək ki, Nəqliyyat Nazirliyinin taleyinin belə olacağı hələ 2017-ci ilin dövlət büdcəsi qəbul olunanda məlum idi. Ancaq o zaman əksər media qurumları 2017-ci ilin dövlət büdcəsində Nəqliyyat Nazirliyinin maliyyələşdirilməsi üçün 2.2 milyon manat ayrılmasına istinad edərək bu nazirliyin 2017-ci ildə mövcudluğunu sürdürəcəyini ehtimal edirdilər. Lakin, "Yeni Sözçü” qəzetinin oxucuları bizim fərqli nəticə çıxardığımızı yəqin ki xatırlayırlar. Xatırladaq ki, 2017-ci ilin dövlət büdcəsidə Nəqliyyat Nazitliyinə Bakı Nəqliyyat Agentliyindən təxminən 24 dəfə az vəsait ayrılmasına görə bu nazirliyin ilin ilk ayında ləğv ediləcəyini və ya nazirliklərdən birinə birləşdiriləciyini proqnozlaşdırmışdıq. Bizim proqnozumuz cəmi iki həftə gecikmə ilə təsdiq olundu.
Ziya Məmmədovun özünün karyerasının sonuna gəldiyi isə hələ onun qardaşı Elton Məmmədov deputat seçilməyəndə məlum olmuşdu. Lakin, müxtəlif proseslər səbəbindən Ziya Məmmədov 13 fevral 2017-ci il tarixinə kimi vəzifə başında qala bildi. Ancaq bu nəhs tarix Ziya Məmmədovun vəzifə olimpindən enməsi ilə başlandı.Z. Məmmədov vəzifədən çıxarıldıqdan sonra həbsi haqqında məlumat yayılsa da, sabiq nazir bu məlumatı şəxsən təkzib edib. Ancaq gələcəkdə nələr olacağını, hətta sabiq nazirin özü də bilmir. Ancaq bizdə olan məlumata görə, Ziya Məmmədov Prezident Adminstrasiyasının rəhbər şəxsləri ilə danışıqlar apararaq Avropa ölkələrindən birinə səfir göndərilməsinə çalışır. Sabiq nazirin ailə üzvülərinin isə Londona köçməsi haqqında məlumatlar var.
Ziya Məmmədovun özünün gələcək taleyinə yaxın günlərdə aydınlıq gətiriləcək. Ancaq onun komandasında olmuş bəzi şəxslərin, xüsusi ilə də 13 fevral 2017-ci ilə kimi nəqliyyat nazirinin müavini olan Arif Əsgərovu ciddi problemlərin gözlədiyini ehtimal etmək olar. Arif Əsgərovun başı üzərini almış qara buludlarla bağlı "Yeni Sözçü” qəzetinin növbəti sayından məlumat ala biləcəksiniz. Buna görə də, bizi izləməkdə davam edin.
Eyni zamanda Ziya Məmmədovdan sonra vurulmaq növbəsinin kimə çatması haqqında məlumatı da ala biləcəyiniz ən yaxşı məlumat mənbələrindən biri də "Yeni Sözçü” qəzetidir.
Hələlik isə qeyd etmək istərdik ki, hökumətin tərkibində Ziya Məmmədovun taleyini yaşayacaq bir neçə nazir və komitə sədrinin adları sıralanır. Hətta bu yazını oxuyarkən dövlət komitələrindən birinin ləğv olunması haqqında məlumat yayılmış olsun. Çünki, struktur islahatlar və kadr dəyişikliklərinə artıq strat verilib və bu proses may-iyun ayına kimi başa çatmalıdr.
A.Nəbiyev,
"Yeni Sözçü" qəzeti