Cavid Qurbanovla Arif Əsgərov nəyi bölüblər?

 


"Azərbaycan Dəmir Yolları” QSC-dəki maliyyə fırıldaqlarına Cavid Qurbanovun göz yummasının səbəbi üzə çıxdı

"Reytinq” qəzeti Arif Əsgərov "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin sədri vəzifəsindən azad edib, Cavid Qurbanov bu quruma sədr təyin ediləndən sonra sabiq sədrin rəhbərliyi dövründə baş verən müəmmalı maliyyə əməliyyatlarının üstünün açılmamasının səbəbinə işıq salacaq araşdırma aparıb. "Reytinq” qəzetinin 21 avqust 2016-cı il tarixli, 30(829) sayında dərc olunan "Cavid Qurbanovla Arif Əsgərovun şərikli biznesi üzə çıxdı” yazıda qeyd olunur ki, Cavid Qurbanovla Arif Əsgərovun ortaq biznesləri mövcuddur. Belə ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin indiki sədri Cavid Qurbanovun diplomat oğlu Şəmşirli Şəmşir QSC-nin sabiq sədri Arif Əsgərovun övladlarının anası Balaxatın Tapdıq qızı Məmmədova, onun bacısının əri Rzayev Rizvan İlyas oğlu ilə bərabər hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Şossesi, ev-54 də yerləşən, nizamnamə kapitalı 100 min manat olan "Araz LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin həmtəsisçisi və payçısı imiş. Qəzetin araşdırmasından məlum olur ki, "Araz LTD” MMC-nin hər biri iki yüz manat olan, 500 paydan ibarət səhmləri bu üç şəxs arasında "dədə malı” kimi bölünüb. Hörmətli oxucu düşünə bilər ki, bir özəl şirkətdə pay bölgüsü onun təsisçilərnin müstəsna hüququdur. Əlbəttə, biz də onların bu hüquqa malik olduqlarını bilirik. Ancaq araşdırmalarımız zamanı məlum oldu ki, "Araz LTD” MMC-i sıradan bir şirkət deyil. Əgər bu şirkət yalnız nizamnamə kapitalından ibarət olsaydı, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, deputat Cavid Qurbanov hazırda Azərbaycan Respublikasının İstanbuldakı konsulluğunda 3-cü katib vəzifəsində işləyən oğlu Şəmşirli Şəmşirin adının hansısa qeyri-qanuni işlərdə hallanmasına razı olmazdı. Çünki, mövcud qanunvericilik Şəmşirli Şəmşir Cavid oğluna diplomatik fəaliyyətlə yanaşı biznes və sahibkarlıq faəliyyəti ilə məşğul olmağı qadağan edir. Şəmşirli Şəmşirin qanunvericiliyə zidd olaraq sahibkarlıq və biznes fəaliyyəti üzə çıxdıqdan sonra Xarici İşlər Nazirliyinin onu İstanbuldan geri çağırıb-çağırmayacağına aydınlıq gətirməyə çalışacağıq. Hələlik isə qeyd edək ki, Cavid Qurbanovun diplomatik xidmətdə olan oğlunun "Araz  LTD” MMC-də təsisçi və payçı olmasına razılıq verməsi üçün çox mühüm səbəblər olmalı imiş. Əks halda Şəmşirli Şəmşirin 13 yaşı olanda təsis edilən bir şirkətin təsisçiləri sırasına onun adı necə düşə bilərdi ki?

Büdcə pulları və Əsgərovların biznes imperiasına daxil olan şirkətlər

Əldə etdiyimiz məlumata görə, Arif Əsgərovun "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri olduğu 2006-2015-ci illər arasında dəmir yolu təsərrüfatına dövlət büdcəsindən ayrılan və eləcə də dövlət zəmanəti ilə alınan kreditlərin önəmli bir hissəsi məhz bu şirkət vasitəsilə istifadə olunub. Məlumatlara görə, yalnız 2007-2014-cü illərdə dövlət büdcəsindən dəmir yolu təsərrüfatına 800 milyon manata yaxın vəsait ayrılıb. Bu vəsaitin təyinatı isə infrastrukturun, texnikanın yenilənməsi və təmiri olub. Həmin 800 milyon manat (o zaman bu bir milyard dollardan çox pul demək idi) əsasən "Araz LTD” MMC-nin vasitəsilə sərf olunub. Ekspertlər isə hesab edir ki, dəmir yolu infrastrukturunun hazırkı bərbad durumu "Araz LTD” MMC-i vasitəsilə aparılan əməliyyatların irimiqyaslı korrupsiyadan başqa bir şey olmadığı qənaəti yaranır. Qeyd edək ki, bir neçə il əvvəl Latviya mediasında gedən məlumata görə, Azərbaycanın xaricdən aldığı vaqon və elektrovozlar Latviyanın istismar müddətini başa vurmuş "metallom”luq texnikaları olub. Ancaq Əsgərov Latviyadan alınan "metallom”luq vaqon və elektrovozları müasir texnika kimi sənədləşdirib. Məlumata görə, 2007-2014-cü illərdə dövlət büdcəsindən ayrılan bir milyard dollardan artıq daxili sərmayədən başqa həm də xarici mənbələrdən alınan iri həcmli investisiyaların önəmli bir hissəsi "Araz LTD” MMC-i vasitəsilə istifadə olunub. Onların arasında Çexiyanın ixrac bankından Bakı-Böyük Kəsik marşrutu üzrə dəmir yolunun 317 kilometrlik hissəsinin əsaslı yenidən qurulması üçün 215 milyon avro kreditin də olduğu verilən məlumatlar arasındadır.

"Reytinq” qəzetinin üzə çıxardığı fakta görə, Cavid Qurbanovun diplomat oğlu Şəmşirli Şəmşir və Arif Əsgərovun övladlarının anası Balaxatın Məmmədovanın təsisçiləri olduğu "Araz LTD” MMC-i dövlət orqanları qarşısında Məmmədov Fərahim Elman oğlu təmsil etsə də, əslində MMC-nin idarə olunmasını Arif Əsgərovun böyük oğlu Elnar Əsgərov və Balaxatın Məmmədovanın qardaşı İbrahim Tapdıq oğlu Məmmədov həyata keçirir. Qəzetin araşdırmaları zamanı məlum olub ki, Elnar Əsgərovun idarə etdiyi Lexus markalı Az 10 AA 887 dövlət nömrəli avtomobil də "Araz LTD” MMC-nin balansına daxildir. Bizim əldə etdiyimiz məlumatlara görə isə bu şirkətin balansındakı daşınar və daşınmaz əmlakın dəyəri ən azı 500 milyon manatdır. Əlbəttə, son zamanlar əmlakların qiymətinin ucuzlaşmasından sonra "Araz LTD” MMC-nin balansındakı daşınar və daşınmaz əmlakın qiyməti də ucuzlaşıb. Ancaq Cavid Qurbanovun diplomat oğlu Şəmşirli Şəmşir "Araz LTD” MMC-nin təsisçisi və payçısına çevriləndə bu MMC-nin balansındakı daşınar və daşınmaz əmlakın ümumi dəyəri 500 milyon manatdan çox olub. Görünür məhz bu məqam Cavid Qurbanovu vadar edib ki, diplomatik xidmətdə olan oğlunun adının Arif Əsgərovun övladlarının anası ilə bərabər "Araz LTD” MMC-nin təsisçisi kimi göstərilməsinə razı olsun. Bununla bağlı məsələrə növbəti araşdırmalarımızda da aydınlıq gətirməyə çalışacağıq. Hələlik isə qeyd edək ki, Arif Əsgərov "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri olanda QSC-nin istifadəsinə verilən büdcə pulları və dövlət zəmanəti ilə alınan kreditlər "Araz LTD” MMC-dən başqa "ADAMAN GROUP” MMC-i, "Arko-LTD” MMC-i, "Selva” MMC-i, "DONDARLI SERVİS” MMC-i və xüsusən də "HİLUX SERVİCES” MMC-i vasitəsilə istifadə olunub. Araşdırma zamanı əldə etdiyimiz məlumata görə, bu prosesdə əsasən "HİLUX SERVİCES” MMC-i və "ADAMAN GROUP” MMC-dən istifadə olunub. Bu da səbəbsiz deyil. Çünki, bu şirkətlər Arif Əsgərovun böyük oğlu Elnar Əsgərovun  şirkətləri hesab olunur. Bu şirkətlərin təsisçisi Xəyal Camal oğlu Rəhimov Elnar Əsgərovun köməkçisi kimi tanınır. Xəyal Rəhimovun Əsgərov ailəsinə bağlı olduğunu göstərən başqa bir fakt onun uzun müddət "Lokomotiv Qadın Voleybol Klubu” MMC-nin rəhbəri olmasıdır. Qeyd edək ki, bu MMC-nin Müşahidə şurasının üzvləri Arif Əsgərov və "Azərbaycan Dəmir Yolları” QSC-nin hazırda sədr müavini olan Əlirza Süleymanov olublar. Yeri gəlmişkən Arif Əsgərovla Əlirza Süleymanovun birgə"Lokomotiv Qadın Voleybol Klubu” MMC-dən başqa da biznes strukturlara rəhbərlik etməsi, ümumi biznesləri və "Yurd” adlı restoranlarının olmasına dair məlumatlar da var. Hələlik isə qayıdaq Xəyal Rəhimovun Əsgərovlar ailəsinə bağlılığını sübut edən məsələlərə. Belə ki, Əsgərovların evlərinin məişət ehtiyaclarını ödəmək üçün istifadə etdikləri Fiat markalı Az 10 PN 635 dövlət nömrə nişanlı avtomobil də "HİLUX SERVİCES” MMC-nin balansındadır. Məlumatlara görə, "HİLUX SERVİCES” MMC-i "Araz LTD” MMC-dən sonra Əsgərovların biznes imperiyasına daxil olan ikinci böyük şirkətdir. Əsgərovların biznes imperiyası isə Azərbaycanda Tovuzun kəndlərindəki iaşə, kənd təsərrüfatı obyektlərindən başlayaraq doğulduğu Qovlar şəhərində ticarət mərkəzlərini də içinə alaraq Bakıya kimi uzanır. Ancaq elə düşünməyin ki, Əsgərovların biznes imperiyası Azərbaycan sərhədləri  daxilində qalmaqla kifayətlənir. Onların biznes imperiyasının və mülklərinin izləri Rusiya, Türkiyə və Avropa ölkələrinə kimi uzanır. Hələlik onu qeyd edək ki, Əsgərovlar ailəsinin Rusiyadakı biznesində Elnar Əsgərovun həyat yoldaşının əmisinin fəal rol oynadığı haqqında məlumatlar əldə etmişik. Bütün bu məlumatlara aydınlıq gətirməyə çalışacağıq. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

"Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu



Oxşar Xəbərlər

Xəbər lenti