8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan KİV-lərinin vəziyyəti barəsində çox yazılıb, çox qeydlər olub. Bu gün də heç kimə sirr deyil ki, bu sahədə peşəkarlıq səviyyəsi getdikcə azalmaqdadır. Kütləvi informasiya vasitələrinin səviyyəsinin aşağı düşməsinin səbəbləri çoxdur, lakin bu prosesin ən mühüm aspekti odur ki, görkəmli, ağıllı, parlaq, yaradıcı peşəkarları total şəkildə KİV-dən uzaqlaşdırıb, maliyyədən məhrum edib, hələ jurnalistika tarixində görünməmiş kateqoriyaya salıblar. Sonuncular ya KİV-i tərk edir, ya da sevimli işlərindən ayrılmamaq üçün AzərTAc-AzTV standartlarına uyğunlaşırdılar. Hazırda əlimizdə qalan budur. İnternet jurnalistikası ağlamalı vəziyyətdədir və ya kimsə muzdla tutub, yaxud da "sarı mətbuata” işləyir. Qəzet jurnalistikası isə alıcılar olmadığından dövlət orqanlarının icbari abunəliyinə möhtacdır. Tele-radio jurnalistləri da miskin verilişləri ilə özlərinə, parlaq və kreativ olanlara marağını itirmiş təqaüdçülərdən ibarət auditoriya tapıblar. Beləliklə, Azərbaycan dünya jurnalistikasına yeni təcrübə bəxş edib, burada "KİV” abbreviaturası deformasiyaya uğrayaraq, "LİV” olub, yəni, "lazımsız informasiya vasitələri”. Axı, normal halda KİV "Dördüncü hakimiyyət” rolunu oynamalı, cəmiyyətin və hakimiyyətin nöqsanlarını aşkara çıxarmalı, problemləri həll etməlidir. Lakin Azərbaycanda bütün bu həlqələr qırılıb, KİV öz vəzifəsi ilə məşğul olmur. Axı hətta prezident İlham Əliyev də dəfələrlə deyib ki, KİV bu və ya digər problemlərin həllində hakimiyyətə kömək etməlidir. Hər halda, nəticə göz qabağındadır, intellektual Azərbaycan cəmiyyəti Rusiya və Türkiyə telekanllarına "gedib” və indi yerli kanallar Azərbaycan tamaşaçısı üçün rus və türk kanallları qədər nüfuza və təsirə malik deyil. Bu tendensiya məhvedici də təhlükəlidir və Azərbaycanın məsul şəxsləri bunu anlamalı və qərar verməlidirlər.
Azərbaycanın jurnalistika məktəbi güclüdür və o öz müstəqil yoluna 90-cı illərdə belə başlamamışdı. Bir qədər geriyə gedək. 20 ildən yuxarı fəaliyyət göstərmiş "ANS” telekanalı var idi, ilk müstəqil telekanal statusu və brendinə malik idi. Bu kanal qaynar nöqtələrdən reortajlar verir, üslubiyyəti ilə seçilirdi. Cəmiyyətdə problemləri aşkara çıxarır və müəyyən sosial problemləri öz səviyyəsində həll eləməyə çalışırdı. Lakin, görünür, onlar həddən artıq parlaq idilər və onlarda kiçicik bir xəta taparaq, olduqca ciddi şəkildə cəzalandırdılar, daha doğrusu, kanalı ləğv etdilər. 90-cı illərin əvvəllərində Azərbaycanın "Zerkalo” qəzeti ölkə hüdudlarından kənarda da tanınır, Azərbaycandan danışır, xaricdə ictimai rəyə təsir göstərirdi, lakin indi bu qəzet tarixi keçmişə qovuşub. Azərbaycanın digər parlaq KİV-i bütün Qafqazda populyar olan day.az saytı idi. Azərbaycan jurnalistikası böyük ümidlər verirdi, amma indi Azərbaycan jurnalistikası hər şeyini və ən başlıcası, qələmini itirib. Bütün bunlar kimə sərf edirdi? Müasir Azərbaycan KİV-i loyallığını və Azərbaycan cəmiyyətinə təsirini itirib, vakuum yaranıb və Azərbaycanın informasiya meydanı çılpaq qalıb. Bu, Azərbaycan dövlətinin maraqlarına uyğundurmu? Elə düşünmürəm. Bütün bu bəlalara və problemlərə baxmayaraq və KİV-də yaradılmış problemləri həll eləmək əvəzinə, son dövrdə Azərbaycanda teleradio məkanında "yenidənqurma” başlanıb. Hər şey ATV-nin rəhbəri Vüqar Qaradağlının işdən çıxarılması ilə başladı. ATV telekanalı zərərsiz və siyasətdən kənar idi və prezidentin siyasətini dəstəkləyirmiş kimi görünürdü, amma nəyə görə isə onun loyallığı telekanal rəhbərliyini xilas etmədi. Bir həftə keçməmişdi ki, KİV-də "Lider” telekanalının rəhbərinin guya ki, ölkədən qaçdığı barədə informasiya peyda olmağa başladı. Lakin telekanal rəhbərliyi bu informasiyaya operativ şəkildə reaksiya verərək, onu təkzib elədi. Daha bir maraqlı fakt odur ki, əsas bazası Azərbaycandan kənarda olan "Meydan TV” adlı müxalifət orqanı, "Lider TV”-yə informasiya hücumunda fəal iştirak edirdi. Soruşulur, uşaqlar, bəs siz nə xəyaldasınız? Məgər "Lider TV” ilə nələr baş verdiyinin "Meydan TV” üçün bir fərqi varmı? Belə görünür ki, yox. Çünki onlar bu oyunda öz nömrələrini oynamaqda bir az irəli gediblər, bu da qeyri-ixtiyari, çox qəribə şübhələr doğurur. "Meydan”ın maliyyəçiləri amerikalılar ilə avropalılardırsa, mahiyyətçə, onların qarşılarındakı məsələlər də fərqli olmalı, daha doğrusu, "Lider” telekanlı ilə mübarizə yox, liberal dəyərlərin təbliğatı olmalıdır. Və ümumiyyətlə, telekanal olduqca, qəribə fəallıq şkalası üzrə işləyir, gah fəal olur, gah da lentlərdən çıxır, bəs liberalizm haradadır? Sonra biz görürük ki, KİV-də yeni yaradılmış "ARB” telekanlındakı problemlərdən danışılır, lakin mötəbər mənbələrdən olan məlumata görə, telekanalın heç bir problemi yoxdur və o, əvvəlki ritmində işləyir. Azərbaycan televiziyasının lazeretinin ümumi mənzərəsində parlaq, uğurlu, bir neçə gün bundan əvvəl bahalı oteldə təntənəli şəkildə öz onilliyini qeyd edən "Xəzər TV” də var. Rəhbərlik dəyişdikdən sonra telekanal, cəhalətpərəst AzTV-nin yolu ilə gedir və heç bir problemi yoxdur. Adam lap onların yerinə sevinir ki, Azərbaycan televiziyasındakı "yenidənqurma” onlara toxunmur və öz işlərinə uğurla davam edirlər. Nə olursa-olsun, indi Azərbaycan KİV-lərinin, o cümlədən televiziyasının strateji məqsədi Azərbaycan tamaşaçısını, oxucusunu və tamaşaçısını Azərbaycan informasiya məkanına qaytarmaqdır. Əks halda, Azərbaycan peşəkar jurnalistikanı itirəcək və informasiya məkanını boşaldaraq, xarici təbliğata meydan açmış olacaqdır.
Hurriyyet.org