8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Nümayəndəlik sisteminin ləğvi özü özlüyündə cəmiyyət üçün ciddi təhlükələr daşıyır. Bu Qanunun həm hüquqşünaslara (xüsusilə gənc hüquqşünaslara), həm cəmiyyətə, həm də biznes sektoruna mənfi təsiri danılmazdır. Belə ki, əgər Qanun layihəsi Prezident tərəfindən imzalanarsa minlərlə cavan və perspektivli hüquqşünaslar özlərinə iş tapa bilməyəcək. Vəkillər və Vəkillik fəaliyyəti haqında Qanun Vəkillər Kollegiyasının üzvü olması üçün 3 il iş təcrübəsi tələb edir. Bu 3 il təcrübənin gənc hüquqçu tərəfindən harada və necə yığılması sual doğurur. Qanunun qəbul olunmasından əvvəl də hüquqşünaslardan işə qəbul olmaq üçün bir çox işəgötürən tərəfindən iş təcrübəsi tələb edilirdi. Bu Qanundan sonra isə hətta şirkətlər belə Vəkillər Kollegiyasında üzvlüyü tələb edəcəklər. Bu gün məlum faktdır ki, hüquq təhsili ölkədə demək olar ki, pulludur. Hər bir tələbə hüquq təhsili almaq üçün ümumilikdə 10 000 – 20 000 manata qədər vəsait xərcləyir və təhsili bitirdikdən sonra məlum olacaq ki, o, özünə iş tapmaqda çətinlik çəkir. Layihənin bu formada qəbul olması minlərlə gənc hüquqşuların diplomunu əhəmiyyətsiz edir.
Cəmiyyət üçün də bu Qanun layihəsi heç bir ürəkaçan xəbər daşımır. Vəkillər Kollegiyasının saytında olan məlumatlara uyğun olaraq ölkədə 934 vəkil var, bunların bir hissəsi regionlarda çalışır, bir hissəsi isə öz fəaliyyətini bu və ya digər səbəbə görə dayandırıb. Bu isə o deməkdir ki, bu Qanunun rəsmi qəbulundan sonra 9 millionluq əhali 700 nəfərə yaxın vəkilin ümüdünə qalır. Nəticə etibarı ilə bu hal ona gətirəcək ki, yüz minlərlə işlər müdafiəsiz və keyfiyyətsiz bir şəkildə məhkəmələrə veriləcək, hakimlər onların baxılması və həll edilməsinə daha da çox vaxt sərf edəcəklər, hüquq xidmətinin haqqı qalxacaq və insanların çox hissəsi ondan məhrum olacaq. Bu Qanun yetərincə varlı və zəngin cəmiyyətlərə uyğun olsa da belə inkişaf edən və yoxsulluq səviyyəsi yuxarı olan cəmiyyətlər üçün uyğun deyil. Nəticə etibarı ilə Qanunun qəbulundan sonra öz sözünü məhkəmədə deməkdən məhrum olmuş vətəndaş öz agressiyasını digər bir formada cəmiyyətdə biruzə verməyə çalışacaq, bu isə öz növbəsində sosial partlayışa və narazılığa səbəb ola bilər. Digər tərəfdən vəkil istər-istəməz Vəkillər Kollegiyasından asılı vəziyyətə düşəcək, Vəkillər Kollegiyasının irad və tapşırıqlarına qarşı çıxış edə bilməyəcək, çünki üzvlüyünü itirən vəkil ixtisası üzrə işləyə bilməyəcək.
Azərbaycandakı biznes vəziyyətinə də Qanun birbaşa təsir göstərəcək. Minlərlə hüquq xidməti ilə məşğul olan şirkətlər bağlanmalı olacaqlar, öz işçilərini ixtisara salacaqlar, minlərlə vergi ödəyicisi öz VÖENi bağlayaraq dövlət büdcəsinə vergini ödəməyəcək. Nəzərə alsaq ki, dövlət büdcəsinə gələn gəlirlər bu gün çox aktualdır vəziyyət bir o qədər də ürək açan olmayacaq.
ABŞ praktikasında bu cür sistem çoxdan mövcuddur və həm vətəndaşlar, həm də hüquqşünaslar bundan şikayət edir. Ümumilikdə öz təhsilinə 100 000 dollar və artıq xərcləyən hüquqşünas başa düşmür niyə o, ali təhsili bitirəndən sonra öz ixtisası üzrə işləyə bilmir. Digər tərəfdən ölkədə mövcud olan sistem hüquq xidmətini o qədər baha edib ki, əhalinin bir çox hissəsi üçün bu xidmət əlçatmaz olub. Hətta orta təbəqənin nümayəndələri belə vəkil xidmətindən istifadə etməkdən baha olduğu üçün vaz keçirlər.
Bundan başqa əgər Qanunun qəbul olunması bu qədər aktualdırsa, onun üzərində yetərincə işləmək və boşluqları aradan qaldırmaq üçün o, ən azı Vəkillər Kollegiyası və digər ictimai qurumlarla məsləhətləşərək tərtib olunmalı idi. Bundan başqa bu cür Qanun mərhələli həyata keçirilməli idi ki, hüquqşünaslar Vəkillər Kollegiyasına imtahana hazırlaşa bilsinlər, Vəkillər Kollegiyasında vəkil üzvlərin sayı artsın və Qanunun qəbulu ölkədə həm hüquqi, həm də sosial şoka səbəb olmasın. Hüquqşünaslar və hüquq cəmiyyəti yenə də Qanunun ölkə Prezidenti tərəfindən imzalanmamasına böyük ümüd bəsləyir.
Aynur Bağırzadə,
hüquqşünas