ABŞ əleyhinə layihə Milli Məclisin komitələrinə göndərildi

ABŞ əleyhinə layihə Milli Məclisin komitələrinə göndərildiAzərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsi təqdim olunub.

APA-nın məlumatına görə, layihənin müəllifi olan deputat Rövşən Rzayev tərəfindən elan edilib. R. Rzayev qərar layihəsinin Milli Məclisin müvafiq komitələrdə müzakirəyə çıxarılmasını da xahiş edib: "Bu, mənim Azərbaycana qarşı ikili standartlara bir etirazımdır”.

Spiker Oqtay Əsədov qanun layihəsinin müvafiq komitələrdə müzakirə olunmasını tapşırıb. O. Əsədov bildirib ki, Milli Məclisdə layihənin forması var. O, layihəni Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyevə təqdim etməyi tövsiyə edib. Spiker eyni zamanda layihənin Milli Məclisin İnsan hüquqları komitəsində, Hüquq siyasəti və dövlət quruculuğu komitəsində və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə edilməsi barədə tapşırıq verib.

*    *    * 10:33

Bu gün millət vəkili Rövşən Rzayev ABŞ əleyhinə hazırladığı "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi ilə bağlı parlamentdə çıxış edəcək.

Millət vəkili azvision.az-a açıqlamasında bildirib ki, bugünkü iclasda spiker Oqtay Əsədova qanun layihəsi ilə bağlı prosedur qaydalarına uyğun göstəriş verməsi üçün müraciət edəcək: "Milli Məclisin plenar iclasında yeni hazırladığım qanun layihəsi ilə bağlı çıxış edəcəyəm. Milli Məclisin spikeri Oqtay Əsədova müraciət edəcəm ki, qanun layihəsi ilə bağlı müvafiq göstəriş versin və bundan sonra hazırladığım qanun layihəsinin komitələrdə müzakirə edilməsinə başlanılacaq”.

Qeyd edək ki, ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit Azərbaycanın yüksək vəzifəli məmurlarına sanksiyalar tətbiq olunmasını nəzərdə tutan qanun layihəsi hazırlayaraq, Konqresə təqdim edib. "Azərbaycan Demokratiya aktı” adlı sənəd Milli Məclisin son iclasında da sərt şəkildə tənqid edilib.



Oxşar Xəbərlər

Xəbər lenti