8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
1990-cı ilin 20 yanvarında törədilən beynəlxalq cinayət öz qəddarlığına görə kommunist diktaturasının bütün əvvəlki cinayətlərindən fərqlənirdi.
Trend -in məlumatına görə, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş "20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən keçirilən elmi konfransda Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib.
Onun sözlərinə görə, 20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq salnaməsinin parlaq nümunəsidir: "Kommunist diktaturası 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqanıstana qarşı törətdiyi cinayətkar hərbi müdaxiləni 1990-cı ildə Azərbaycan xalqına qarşı da həyata keçirdi. Lakin bu beynəlxalq cinayət öz qəddarlığına görə, kommunist diktaturasının bütün əvvəlki cinayətlərindən fərqlənirdi. Fərq onda idi ki, Azərbaycana göndərilən peşəkar cəza dəstələrinin tərkibinə Stavropol, Krasnodar, Rostov və başqa yerlərdən səfərbərliyə alınan erməni əsgər və zabitləri, Azərbaycandakı sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi”.
Y.Mahmudov qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəsinin qarşısını almaq məqsədi daşıyırdı: "1988-1990-cı illərdə BDU-nun Tarix fakültəsinin qabaqcıl tələbələri xalq hərəkatında gənclərin demək olar ki, başında gedirdi. BDU-nun Elmi Şurasında milli-azadlıq hərəkatının fəalları olan bir qrup tələbənin universitetdən xaric edilməsi barədə qərar çıxarılmasına kəskin etiraz etdim və onları qovmağa qoymadım. Mənə qarşı elə rejim yaratdılar ki, Tarix fakültəsinin dekanı işləyə bilmədim və istefa verdim. Məni o zaman Moskva Azərbaycandakı xalq hərəkatına qarşı mübarizəyə cəlb etmək istədi. Mən dedim ki, bu, Azərbaycanın daxili işidir. Öz ölkəmdə təqib olunduğum üçün mənə Ukraynada ev verib, işə dəvət etdilər. Mən Azərbaycanı tərk etmədim. Fəxr edirəm ki, 1990-cı ildə – hələ SSRİ dağılmamış bir dekan kimi Tarix fakültəsində gənclərin təşəbbüsü ilə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adının (Bakı Dövlət Universiteti) bərpa olunması barədə sədri olduğum Elmi Şurada məsələ qaldırdım və buna nail oldum".
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova qeyd edib ki, 1990-cı il yanvarın 21-də Ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, xalqla birgə olduğunu bildirib və 20 Yanvar faciəsinin Mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş siyasi səhv olduğunu göstərib. Tədbirdə AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov bildirib ki, 20 Yanvar faciəsinin birbaşa səbəbkarı olan Mixail Qorbaçova Nobel sülh mükafatı verilib: "Bu adam sülhsevər və sülhün bərqərar olunmasına çalışan biri idisə, Bakıda niyə əliyalın insanları tankla qırdırdı”.
Tarix İnstitutunun şöbə müdiri İlqar Niftəliyev isə qeyd edib ki, 20 Yanvar faciəsi Sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi planlaşdırılmış ağır cinayətdir. Konfransda digər çıxış edənlər 20 Yanvar faciəsinin Azərbaycanın tarixinə qanla yazıldığını və xalqımızın azadlıq mübarizəsində şərəfli bir səhifə olduğunu söyləyiblər.