8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakıda silahsız əhaliyə qarşı divan tutuldu
Qanlı Yanvar hadisələrinin canlı şahidi, iştirakçısı, həmin gün ağır yaralanmış, əslən
Borçalıdan olan soydaşımız Rövşən Hacıyev söhbət zamanı 20 Yanvar gecəsində Rus Ordusunun törətdiyi azğınlıqlardan böyük həyəcanla danışdı. Təsadüf nəticəsində sağ qaldığını bildirən ikinci qrup əlili və Qarabağ qazisinin söyləyədiyinə görə o, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə, Ə.Haqverdiyev və Ə. Əkbərov küçələrinin kəsişdiyi yerdə, "Salyanskiy” kazarmasının yaxınlığında yaralılara kömək edərkən ağır yaralanmışdır. Rövşən Hacıyevin bildirdiyinə görə yaralanan zaman o, çox qan itirib: " İşıqsaçan güllə yağışı altında bir taksi sürücüsü məni Qədirli adına xəstəxanaya çatdırdı. Dörd ay həmin xəstəxanada ölümlə mübarizə apardım və həkimlərin səyi nəticəsində həyata qayıtdım”. Bəli, həmin gecə rus ordusu Bakıda silahsız əhaliyə qarşı divan tutdu və tarixin ən qanlı cinayətini törətdi. Amma Azərbaycan xalqı bu mübarizə yolundan dönmədi, sınmadı və haqq etdiyi müstəqilliyini qazandı”.
Getsin o günlər, bir daha qayıtmasın
Şəhidlər xiyabanını ziyarət edənlər arasında Borçalı elinin ziyalılarından olan təcrübəli həkim, Qafqaz-Media İctimai Birliyinin sədri, tanınmış şair-jurnalist Hacı Azədə -Taleh Abbasqızı da Qanlı Yanvarın canlı şahidi olub. Onun söylədiyinə görə 3 gün işlədiyi 13 nömrəli şəhər poliknikasında növbədə olub, onlarla yaralını ölümün pəncəsindən alıb. Azadə xanım da qanlı gecəni çox həyacanla xatırladı: " O, günləri kim unudar? Dəhşətli, həyacanlı və qorxulu günlər yaşadıq. Tarix bu müsibəti unudarmı? 3 gün evə getmədim, gecə-gündüz yaralılara yardım göstərirdik. Hərbiçilər qadağan olunmuş güllərdən istifadə etdiyi üçün yaralar çox dərin və geniş idi. Amma biz yaralıları xilas etmək üçün əlimizdən gələni əsirgəmirdik. Getsin o günlər, bir daha qayıtmasın, təkrar olmasın...”.
"20 Yanvar” Cəmiyyəti üçün kitablar hədiyyə edildi
Şəhidlər xiyabanını ziyarət etdikdən sonra, "Borçalı” İctimai Birliyinin sədri Kərəm Məmmədov və birliyin bir qrup üzvü , "20 Yanvar” Cəmiyyətinin ofisində, cəmiyyətin sədr müavini Mustafa Əliyevlə görüşüb cəmiyyətin fəaliyyəti və şəhid ailələrinin vəziyyəti ilə maraqlanıblar. Sədr müavini cəmiyyətin fəaliyyəti, şəhid ailələrinə göstərilən dövlət qayğısı və üzləşdiyi problemlərlə bağlı ətraflı məlumat verdi. Sonda "Borçalı” İctimai Birliyinin sədri Kərəm Məmmədov "20 Yanvar” Cəmiyyəti üçün kitablar hədiyyə etdi.
Azadlıq yolunda tökülən bu qan bizi müstəqilliyə qovuşdurdu
Tarixçi- alim Kərəm Məmmədov rus ordusunun 1990-cı il yanvarın 19-dan 20- nə keçən gecə törətdiyi qanlı hadisə ilə bağlı bunları dedi : "20 Yanvar hadisələrindən artıq 27 il ötür. 27 il az vaxt deyil. Bir tarixçi kimi hər il biz bu günü yaşayanda kədər qarışıq, istər - istəməz bir qürur və iftixar hissi də yaşayırıq. Yəni təsəvvür edin ki, Macarıstan, Çexoslovakiya, Əfqanıstan, Polşa kimi ölkələrdəki azadlıq hərəkatını qan içində boğmuş bir orduya qarşı həmin gün Azərbaycan xalqı əli yalın mübarizəyə qalxdı və bir daha qəhrəmanlığını sübut etdi. Məhz 20 Yanvar ilk dəfə idi ki, sovet imperiyasının sarsılmaz sayılan zirehini ilk dəfə çatlatdı. Və o zirehin çatlaması ilə keçmiş SSRİ xalqları ilə dünya xalqları arasındakı dəmir pərdəyə də çat düşdü.
Artıq bütün dünya bu faciəni duydu. Həmin vaxt sovet imperiyası xalqlarının guya mehriban və cənnət içində yaşadığı haqqında yalanları ifşa olundu. Həmin gün parçalanmış Azərbaycan türklərinin birliyi əməldə sübut olundu. Azərbaycanın sərhədlərindən kənarda qalan bölgələrimizdən olan azərbaycanlılar da burada dəfn olunublar. Bu, Azərbaycan xalqının birliyi və Azərbaycanda yaşayan digər xalqların birliyi deməkdir. Çünkü bu gün biz Şəhidlər Xiyabanında təkcə azərbaycanlıları görmürük. Azərbaycanlıların digər millətlərin nikahından doğulmuş övladları görürük. Azərbaycanda yaşamış rusların, tatarların və yəhudilərin birliyini görürük. Məhz bu, azərbaycanlıları müstəqilliyə qovuşdurdu. Azadlıq yolunda tökülən bu qan bizi müstəqilliyə qovuşdurdu. 20 Yanvar şəhidləri təkcə şəhidlər kimi deyil, eyni zamanda qəhrəman kimi xatırlanmalı və qəhrəmanlıq salnaməsi kimi daim yaddaşlarda qalmalıdır. Tarix üçün 27 il çox böyük rəqəm deyil, elə hadisələr var ki, 100-150 ildən sonra siyasi qiymət verilir. Məsələn, Cavad xanı onu indiyə qədər bizə başqa cür tanıdıblar. 72 il keçəndən sonra bizə xain kimi tanıtdırılan Cavad xana tarix gec-tez öz real qiymətini verdi. Cavad xanı, irəvanlı Hüseynqulu xanı xalq ürəyində yaşatdı. Lənkəran uğrunda qəhrəmancasına şəhid olanları xalq ürəyində yaşatdı. 20 Yanvar eyni zamanda bizə ibrət dərsi oldu. Çünki tarix millətlər üçün həm də bir ibrət dərsi verir. Bu hadisələrdən biz yetərincə ibrət götürdük, dostumuzu və düşmənimizi tanıdıq. Mən inanıram ki, bu qanlı hadisələrin sifarişçiləri, bunu təşkil edənlər və törədənlər tezliklə cəzalandırılacaqlar. Sadəcə hər bir şeyin zamana ehtiyacı var. Biz də yaxşı bir məsəl var: "Allah gec edər, ancaq güc edər”.
"Borçalı” İctimai Birliyinin Mətbuat Xidməti