“Abbas Abbasovu “qaralayan” şəxslər “beşinci kolon”un nümayəndələridir” – NATİQ MİRİ

“Abbas Abbasovu “qaralayan” şəxslər “beşinci kolon”un nümayəndələridir” – NATİQ MİRİ

 

"Düşünürəm ki, Abbas Abbasovu "qaralayan” bu yazıların arxasında hakimiyyət daxilində olan konkert şəbəkələr durur”

Rusiyada yaşayan baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun Avropadan Azərbaycan hakimiyyətini, dövlət başçısını və ailə üzvlərini söyən gənclərə dəstək verdiyi, o gənclərin Abbas Abbsovun sifarişi ilə söyüş kampaniyasını təşkil etməsi barədə fikirlər ölkə mediasının gündəmindən düşmür. Bəs görəsən, Avropadan Azərbaycan hakimiyyətini söyən gənclərin Abbas Abbasovun sifarişi ilə olduğunu təsdiq edən dəlillər, faktlar varmı, yoxsa əsası olmayan bu fikirləri cəmiyyət, ictimaiyyət arasında yayanların özlərinin Abbas Abbasovu "qaralmaq” məqsədləri var?

Bu gün 31 mart soyqırımına həsr olunmuş xüsusi iclasda çıxış edən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da A.Abbasov barəsində iddialara münasibət bildirib: "Bu məlumatları mətbuatdan oxudum. Məsələni ictimailəşdirən və cəmiyyətə təqdim edən Müşfiq Ələsgərli tanıdığım ciddi jurnalistlərdən biridir. Yazdığı yazılar və dediyi sözlər daim real faktlara söykənib. Bu baxımdan onun yazdığında göstərilən faktlara inanmaya bilmirəm”.

F.Ağamalının dediklərindən də aydın olur ki, heç bir sübut olmadan Abbas Abbasovu "qaralama” kampaniyası aparılır. Çünki hansısa jurnalist, eləcə də məsələni ictimailəşdirən Muşviq Ələsəgərli onun Avropadan Azərbaycan hakimiyyətini söyən gənclərə dəstək verdiyini sübut edə bilməz. Üstəlik, hansısa jurnalistə inam əsasında kiminsə haqqında bu sözləri söyləməyin özü də gülüncdür.

Ən maraqlısı isə odur ki, F.Ağamalı çıxışında qeyd edib ki, Abbas Abbasov Azərbaycana təhvil verilməlidir: "Abbas Abbasov bu əməllərlə məşğul olursa, onun haqqında deyilənlər öz təsdiqini taparsa, o, hökmən Azərbaycana gətirilməli, onun haqqında ölkənin qanunları çərçivəsində tədbirlər həyata keçirilməlidir. Onun tərəfdarıyam ki, Azərbaycan dövlətinə, onun zəifləməsinə, ölkədə qarşıdurmanın yaranmasına, sabitliyin pozulmasına kim xidmət edirsə, ona qarşı çox sərt tədbirlər həyata keçirilməlidir. Onlara hər hansı bir güzəşt ola bilməz”.

Lakin F.Ağamalının son cümlələrindən aydın olur ki, o, Avropadan yaşayan bəzi gənclərin Azərbaycan hakimiyyətini, dövlət başçısını və onun ailəsini Abbas Abbasovun sifarişi ilə təhqir etməsinə əmin deyil. Görünən odur ki, F.Ağamalı "Azərbaycan prezidenti və onun ailəsi ölkənin konstitusiyası və qanunları ilə birmənalı şəkildə müdafiə olunur, onlara qarşı təhqirlər, təhdidlər Azərbaycanda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyəti yaradır” deməklə, əslində A.Abbasova qarşı aparılan kampaniyaya dəstək verməyə çalışır…

Əlbəttə, biz heç bir halda Abbas Abbasovu müdafiə etmək fikrində deyilik. Amma hazırda onun hədəfə alınmasının arxasında tamamilə fərqli maraqlar olduğunu güman etdiyimizdən, bu məsələyə münasibət bildirməmək də olmur…

"Söyüş söymək müsəlman əxlaqına uyğun bir davranış deyil”

Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovu "qaralama” kampaniyası ilə bağlı Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri də"Hürriyyət”ə dedi ki, bu söyüş kampaniyasının arxasında kimin durub-durmamasından asılı olmayaraq, bu hadisənin özü kökündən yanlışdır: "Çünki söyüş söymək İslam, müsəlman əxlaqına uyğun bir davranış deyil. Əslində, müsəlman sözünün açılışında belə bir anlam var ki, hər bir kəs müsəlmanın əlindən və dilindən sığortalanmış vəziyyətdədir. Yəni heç bir dünya insanı müsəlmanın əlindən və dilindən zərər görə bilməz. İslamın və müsəlmanın anlamı budur. Bu gün kimisə söymək, təhqir etmək və yaxud da bunu təşkil etmək həmin şəxs və yaxud şəxslərin əxlaqından xəbər verir və bu insanların müsəlmanlıqla aşağı-yuxarı heç bir əlaqəsinin olmadığını ortalığa qoyur. O baxımdan, kimin bu məsələni təşkil edib-etməməsindən asılı olmayaraq, ilk növbədə bunu vurğulamaq lazımdır ki, bu prosesin özü yanlışdır və bütövlükdə cəmiyyətə heç də xoş bir örnək vəd etmir”.

"Bunun üçün mütləq səhih məlumatlar əldə olunmalıdır”

Bu söyüş kampaniyasını Abbas Abbasovun təşkil etməsi ilə bağlı hansısa media qurumunun iddiasına gəlincə, N.Miri qeyd etdi ki, bunun üçün mütləq səhih məlumatlar əldə olunmalıdır: "Əgər bu cür səhih məlumatlar yoxdursa, demək olmaz ki, bu, Azərbaycanın içərisində maraqlı siyasi şəbəkələrin sifarişi ilə ortalığa qoyulmuş bir yazıdır. Çünki Abbas Abbasovu zaman-zaman Azərbaycan mediasında "qaralayan” bir çox yazılar dərc olunur və bu yazılar təsadüf olaraq ortaya çıxmır. Düşünürəm ki, Abbas Abbasovu "qaralayan” bu yazıların arxasında hakimiyyət daxilində olan konkert şəbəkələr durur və bu yazıları dərc edən media qurumları da hakimiyyət daxilində olan bu şəbəklərin maraqlarını ifadə edirlər. Ona görə də açığı bu gün konkret bu söyüş kampaniyasının arxasında Abbas Abbasovun durub-durmadığını iddia etmək çox çətindir. Bunun üçün mütləq səhih məlumatlar, dəlillər olmalıdır ki, ən azından bu cür iddianı ortaya qoysunlar”.

"Bunun arxasında konkert siyasi niyyətlər durur”

N.Miri onu da vurğuladı ki, Abbas Abbasovun özünün də bu hakimiyyətin keçmiş bir nümayəndəsi kimi Azərbaycan xalqına verə bildiyi bir töhvə olmayıb: "Bunu da qətiyyən gözardı etmək lazım deyil. Abbas Abbasovun hakimiyyətdən düşəndən sonra Rusiyaya sığınmasının özü də göstərdi ki, hakimiyyətdə olduğu müddətdə belə, Abbas Abbasov Azərbaycanın mənafeyindən çox, Rusiyanın mənafelərinə xidmət edən bir şəxs olub. O baxımdan, düşünürəm ki, bu cür məsələləri Azərbaycan mediasında qaldırmaq, bunu tirajlamaq heç də cəmiyyətin xeyrinə ola biləcək məsələlər deyil. Çünki bu cür məsələlər Azərbaycan üçün heç bir mənəvi, psixoloji, siyasi önəm daşımırlar. Buna görə də bu cür insanları hallandırmaq doğru deyil. Kimlər hallandırırsa, demək ki, bunun arxasında konkert siyasi niyyətlər durur”.

"Abbas Abbasov Azərbaycan mediasında "vurulursa” bu, təsadüfi bir hadisə deyil”

"Bu gün Abbas Abbasov Azərbaycan üçün o qədər də önəm daşıyan bir fiqur deyil. Ancaq hər bir halda görünür, hakimiyyət içərisində Abbas Abbasovu "vurmaq” istəyən müəyyən bir şəbəkə və insanlar vardır. Yalnız bunu demək olar. Çünki bunu iddia etmək üçün konkert dəlillər, sübutlar əldə olmalıdır ki, bu haqda danışasan. Yenə deyirəm, bu gün Rusiyaya sığınan Abbas Abbasov Azərbaycan mediasında "vurulursa”, bu, təsadüfi bir hadisə deyil. Əmin olun ki, bunun arxasında konkert siyasi niyyətlər durur”, - deyə politoloq əlavə etdi.

"Abbas Abbasovun özü də Azərbaycan cəmiyyəti üçün müsbət heç nəyi ifadə etmir”

"Hesab etmək olarmı ki, söyüş kampaniyasını qızışdırmaqda maraqlı olan qüvvələr öz çirkin əməllərini ört-basdır etmək üçün bir daşla iki "quş” vurular. Yəni həm köhnə rəqibləri Abbas Abbasovu zərərsizləşdirirlər, həm də məsuliyyəti öz üzərlərindən atırlar” sualına N. Miri belə cavab verdi: "Açığı, bu cür ehtimalları ortalığa nəzəri olaraq sıralamaq olar. Ancaq hər bir halda, hər iki tərəfin mövqeyi yanlışdır. Əvvəla, söyüş kampaniyası ilə kimisə "qaralmağın” özü kökündən yanlış bir hadisədir və cəmiyyətə heç də müsbət bir örnək ifadə etmir. İkincisi də, yenə deyirəm, söyüş obyekti olan Abbas Abbasovun özü də Azərbaycan cəmiyyəti üçün müsbət mənada heç nəyi ifadə etmir. Çünki onun Azərbaycan cəmiyyətinə verdiyi xeyirlə bağlı cəmiyyətdə ümumi bir rəy yoxdur. Ona görə də hər iki tərəfi mən yanlış hesab edirəm”.

"Rusiyaya bağlı şəxslər digər Rusiyaya bağlı bir şəxsi "vururlar””

"Abbas Abbasovun Azərbaycan cəmiyyəti üçün heç bir müsbət əhəmiyyəti yoxdursa, niyə onu "qaralayırlar”” sualına gəlincə, politoloq dedi ki, söhbət Rusiya ilə bağlı əlaqədən gedir: "Abbas Abbasov Rusiya ilə bağlı şəxsdir. Bu gün Abbas Abbsovu "qaralayan” şəxslər də hakimiyyətdə olan və Rusiyaya bağlı olan "beşinci kolon”un nümayəndələridir. Yəni Rusiyaya bağlı şəxslər digər Rusiyaya bağlı bir şəxsi "vururlar”. Bu, yəqin ki, mövqe və məqamla bağlı olan məsələlərdir. Yəni siyasi anlam daşıyır”.

Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti