27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
XX əsr Azərbaycan tarixinin ən ziddiyyətli tarixi simalarından biri, bəlkə də birincisi, şəksiz-şübhəsiz, Mircəfər Abbas oğlu Bağırovdur (1895-1956).
Uzun müddət (1921-1927-ci illərdə Daxili İşlər Komissarı, 1927-1930-cu illərdə Birləşmiş Dövlət Siyasi İdarəsinin- OGPU- sədri, 1932-1933-cü illər Xalq Komissarlar Sovetinin sədri, 1933-1953-cü illərdə Azərbaycan və Bakı Partiya Komitəsinin birinci katibi) Azərbaycan Respublikasının ən mühüm rəhbər vəzifələrində çalışmış M.A. Bağırov haqqında kütləvi informasiya vasitələri 1953-cü ildən başlayaraq birtərəfli qaydada ancaq mənfi yazılar yaymışdır. Bu proses 1953-cü ilin iyun ayının 27-də SSRİ Dövlət Təhlükəsizlik naziri L. P. Beriyanın öz evində öldürülməsindən sonra başlamışdır.
L. P. Beriya qətlə yetirildikdən sonra 1953-cü ilin 2-7 iyul tarixlərində Moskvada Sov.İKP MK-nın plenumu çağrıldı, bu plenum barədə məlumat "Pravda” qəzetində ancaq 3 gün sonra -10 iyul 1953-cü ildə dərc olundu: "Mərkəzi Komitənin plenumu Lavrenti Beriyanı antipartiya fəaliyyətinə görə partiya sıralarından çıxartmış və tutduğu vəzifəsindən azad etmişdir”. (Öz mənzilində qətlə yetirilmiş L. Beriyanın oxşarını isə 1953-cü ilin dekabrında mühakimə edib güllələdilər. )
Siyasi hakimiyyəti ələ keçirən, bicliyindən özünü gicliyə vurub uzun müddət siyasi kuluarlarda "Kreml təlxəyi” kimi ad çıxarmış, dövlət ziyafətlərində gülünc hərəkətləri və "Qopaq” rəqsi ilə qonaqları əyləndirən, rabitəsiz və məntiqsiz boşbağızlığı ilə, sonralar SSRİ əhalisini "tarla gözəli” adlandırdığı "cahanşümul” qarğıdalı əkinçiliyi ilə kommunizmə aparacağını, 1980-ci ildə kommunizm quracağını vəd edən, 1962-1963-cü ilde sovet xalqını çörəyə möhtac qoyan, Amerikaya çatıb onu ötəcəyini söyləyən, xirtdəyinə qədər günahsız insanların qanına batmış, Azərbaycana xüsusi antipatiyası ilə tanınan Nikita Xruşşov uzun illərdən bəri şəxsiyyətinə qarşı nifrət bəslədiyi Mircəfər Bağırovdan hesab soruşmanın zamanı gəldiyini bir yırtıcı intuisiyası ilə sezmişdi.
Moskvaya – Mərkəzi Komitənin plenumuna çağırılan Mircəfər Bağırov, ürək qızdırdığı adamdan – SSRİ Neft Sənayesi naziri N. Baybakovdan (Baybakov- Sabunçu qəsəbəsində doğulmuşdu, 1932-ci ilə Bakı şəhərindəki Neft və Sənaye İnstitutunu bitirmişdi, M. A. Bağırov ona etimad göstərib rəhbər vəzifələrə irəli çəkmişdi, onun zəmanəti ilə 1940-cı ilin sentyabrında nazir müavini təyin olunmuş, 1948-ci ildə isə M. A. Bağırovun tövsiyəsi ilə nazir kreslosuna yiyələnmişdi) plenumun məqsədini və L. Beriyanın nədən ortalarda görünmədiyinin səbəbini soruşanda, o, Beriyanın xaricdə olduğunu söyləyib və dərhal da N. Xruşşova məlumat çatdırmışdı ki, Bağırov ondan Beriyanın harada olduğunu soruşub.
1953-cü ilin iyul ayının 6-da Mircəfər Bağırov plenumda çıxış edir. Plenumun stenoqrafik materialında N. Xruşşov başda olmaqla onun əlaltılarının – Bulqanin, Malenkov, Voroşilov, Mikoyan, Kaqanoviç və başqalarının – tez-tez Mircəfər Bağırovun sözünü kəsdiklərinin, ona replika atdıqlarının, az qala bütün iqtisadi-siyasi-hərbi-hüquqi məsələlərin əsl baiskarının Mircəfər Bağırov olduğunu sübuta yetirməkdə canfəşanlıq göstərdiklərini görürük.
Məsələn:
"Хрущев – Ты так объясняешь это, потому что все знают и я знаю. Когда тебя встретили и спросили — звонил Берия? — ты говоришь — нет. Ты его знаешь больше других, поэтому люди и говорят, чтобы ты рассказал, ты больше знал его –
Xruşşov: Bunu hamı bildiyinə görə, mən də bildiyim üçün sən belə izah edirsən. Səni qarşılayanda soruşublar ki, Beriyaya zəng eləmisənmi?- demisən ki, yox. Sən onu başqalarından daha çox tanıyırsan, ona görə də adamlar deyirlər ki, gərək sən danışasan, sən onu daha çox tanıyırdın.
"Суслов: Инструктора ЦК побаивались ездить в Азербайджан – Suslov:Mərkəzi Komitənin təlimatçıları Azərbaycana getməyə qorxurdular.
Маленков: Ты был близок к Берия- Malenkov: Sən Beriyaya yaxın idin.
Голоса с места: И ходили все время к Берия – Yerdən səslər: Və həmişə Beriyanın yanına gedirdiniz.”
(Bax: Пленум ЦК КПСС. Июль 1953 г. Стенографический отчёт. 2-7 июля 1953 г.)
Xruşşov və onun əlaltıları Mərkəzi Komitə üzvləri ilə hesablaşmamasını M.A. Bağırova heç cürə bağışlamadılar. M.A.Bağırovun ən qısa zamanda həbsini istəyən Xruşşovun şəxsi təşəbbüsü və iradəsi ilə Ukraynada işləyən Rudenko təcili şəkildə SSRİ baş prokuroru vəzifəsinə təyin edildi. Kütləvi informasiya vasitələri tapşırıq əsasında gecə-gündüz Bağırov barədə ağlagəlməz ittihamlar, "ifşaedici” məlumatlar yaymağa başladı. Respublika daxilindən və kənardan çuval-çuval "zəhmətkeş şikayətləri” təşkil olundu, orden-medallı tanınmışların "odlu-alovlu” çıxışları günün aktual mövzusuna çevrildi, yazıçı və şairlərə təcili qaydada M. Bağırovun cəllad, müstəbid, qadın düşkünü, manyak obrazını yaratmaları haqqında göstəriş verildi. Partiya, sovet, təsərrüfat fəallarına xalq arasında Bağırovun xalq düşməni olması barədə təbliğat işlərini genişləndirmələri əmr olundu. Hüquq-mühafizə orqanlarında çalışan yüzlərcə könüllü də "əziz Nikita Sergeyeviçin” göstərişlərini yerinə yetirməyə tələsdi. Məsələn, hüquq-mühafizə orqanlarında işləyən İ. K. Əfəndiyəv familyalı bir şəxs 07.10.1953-cü ildə Moskvaya, N. Xruşşova yazdığı geniş raportda 1918-ci ildə Qubada Qafqaz İslam ordusu tərəfdən daşnaklara qarşı vuruşmuş alban əsilli Əhməd Triniçin cəzalandırması üçün şəxsən Bağırova müraciətinin cavabsız qalmasından şikayətlənir. Raportun müəllifi daha sonra hiddətlənir ki, bəzi şəxslər barədə M. Bağırova lazımı məlumatlar verilsə də, o, bütün ifşaedici materiallara məhəl qoymadan həmin şəxslərə, məsələn, Heydər Hüseynova himayədarlıq göstərmişdir: "Багиров, которого хорошо информировали об этом, упорно отвергал все материалы, более того, по его ходатайству ВАК присудил Гейдару Гусейнову ученую степень доктора философских наук без защиты диссертации, он выдвинул и доверил ему пост вице-президента Академии наук Азербайджанской ССР, ввел в состав ЦК партии Азербайджана, дал весь архив партии (ИМЭЛ) – Bu barədə yaxşı məlumatlandırılan Bağırov inadla bütün materialları rədd etdi, üstəlik, onun zəmanəti ilə Ali Attestasiya Komissiyası dissertasiya müdafiə eləmədən Heydər Hüseynova fəlsəfə elmləri doktoru elmi dərəcəsi verdi, Bağırov onu irəli çəkdi, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti postunu ona etibar etdi, Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsi heyətinə daxil etdi, Marks-Engels-Lenin adına İnstitutun bütün partiya arxivini ona verdi”.
( Bax: http://istmat.info/node/22395 И. К. Эфендиев. 7.Х.53 г. Москва, Писцовая, 16, корп. 2, кв. 69. Верно: [п.п.] Костарева. Доложено: 16/XI.53 Архив. 9/XII/53 )
M. Bağırov rəhbər kadrlardan tabeliklərində olanlara qarşı obyektiv davranmalarını, əmək intizamına ciddi riayət etmələrini, vəzifələrindən sui-itifadəyə yol verməmələrini, ərizə və şikayətlərə qarşı operativlik göstərmələrini, davranışları ilə başçılıq etdikləri kollektivə nümunə olmalarını tələb edirdi. Onun səhlənkarlığa yol verən rəhbər işçiləri görməyə gözü yoxuydu. Qəfil və gözlənilməz gəlişi ilə adamların vəziyyətini iş yerlərində şəxsən özü öyrənirdi. Şikayətləri dərhal yerindəcə həll edirdi. Məsələn, təkcə 1951-1952-ci illərdə Azərbaycan Respublikasında 20 rayonda yarıtmaz işlərinə, yol verdikləri səhlənkarlığa, qanun pozuntusuna, sosialist əmlakını dağıtdıqlarına, kollektiv üzvlərinə qarşı qaba davrandıqlarına görə, 134 nəfər rəhbər işçi, o cümlədən rayon partiya komitələrinin birinci katibləri, rayon icraiyyə komitələrinin sədrləri, sovxoz direktorları, kolxoz sədrləri, trest müdirləri, rayon milis (polis) şöbəsinin rəisləri, prokurorlar vəzifələrindən azad edilmiş, cinayət məsuliyətinə cəlb edilmişdilər.
M. Bağırovun zamanında bütün dövlət məmurları daimi səksəkə və vahimə içində fəaliyyət göstərmişlər. Onlar hər an cəzalalana biləcəkləri ehtimalından rəhbərlik etdikləri kollektivin üzvləri ilə qanun çərçivəsində hərəkət etməyə məhkum idilər. Hər hansı bir kollektivdən gələn haqlı bir ərizə məsul şəxsin ictimai-siyasi karyerinin, bəlkə də həyatının sonu demək idi. Olduqca sərt, qətiyyətli və sarsılmaz iradə sahibi M. A. Bağırov rütbəsindən, xidmətindən, cinsindən asılı olmayaraq Azərbaycanın əleyhinə fəaliyyət göstərmək istəyənlərə qarşı amansız idi. Məsələn, 1920-ci illərdən Kremldə yerləşib yataqlanmış, yağlı vəzifələr tutmuş, ermənilərin baş ideloqu A. Mikoyanın məsləhəti ilə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin başçısı Arutunyan Qarabağın Ermənistanla birləşdirilməsi məsələsinin həll olunması üçün 1945-ci ildə Moskvaya, XKS sədrinin müavini və işğaldan azad olunmuş ərazilərdə xalq təsərrüfatının bərpası komitəsinin sədri G. Malenkova məktub yazmışdı. SSRİ rəhbərliyi Qarabağla bağlı M. A. Bağırovun fikrini soruşanda o da əsasız olaraq Ermənistan ərazisinə daxil edilmiş Əzizbəyov, Vedi, Qarabağlar rayonlarının, Rusiyaya daxil edilmiş Dərbənd, Buynaksk və Məhərrəmkənd rayonlarının Azərbaycana qaytarılmasından sonra bu məsələyə baxıla biləcəyini vurğulamışdı.
1946-cı ildə erməni lobisinin səyləri ilə ədəbi-ictimai aləmə "fövqəladə qələm sahibi” kimi təqdim olunan Marietta Şaqinyan adlı bir erməni qadının xəstə təxəyyülünün bəhrəsi olan "Sovet Zaqafqaziyası” əsərində Dağlıq Qarabağ erməni torpaqları kimi təsvir olunduğundan xəbər tutan M. A. Bağırov dərhal Kremlə, ÜİK (b) P MK katibi A. Jdanova zəng edərək təcili tədbir görülməsini istəyir. M. Şaqinyanın adı qeyd olunan kitabı zərərli ədəbiyyat siyahısına daxil edilir, kitabxanalardan və mağazalardan yığışdırılır, müəllifi də cəzalandırılır.
Azərbaycan Respublikasında yaşayıb fəaliyyət göstərən, gizlində daşnakçıların siyasi tövsiyələrini gerçəkləşdirməyə çalışanlara qarşı M. A. Bağırov hər zaman sərt davranmışdır. Məsələn, 1951-ci ildə şəxsən M. Bağırovun şəxsi təşəbbüsü və yerlərdən daxil olan haqlı şikayətlər əsasında respublika Meşə Sənayesi nazirinin müavini Yegizaryan, Yeyinti Sənayesi naziri Karkaryan, Ticarət nazirinin müavini Aqababyan, Dövlət Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli məmuru Petrosyan barədə cinayət işi açılmış və təqsirkarlar haqlı cəzalarını almışlar. 1953-cü ilin iyununda M. Bağırova məlumat verilir ki, Kirovabad (Gəncə) Kənd Təsərrüfatı İnstitutunda (indiki Kənd Təsərrüfatı Akademiyasında) çalışan 18 laborantdan 14-ü ermənidir. M. Bağırovun rəhbərliyi və iştirakı ilə Mərkəzi Komitədə bu məsələ müzakirə olunur və 2 ay ərzində Kirovabad KTİ-də yuva salmış daşnakların kökünün kəsilməsi barədə qərar qəbul edilir. (Bax: Политбюро и дело Берия. Сборник документов — М.:, 2012. С. 540-545 Архив: РГАСПИ. Ф. 17. Оп. 171. Д. 473. Л. 224-231)
Azərbaycanda yaşayan ermənilərin və erməni xislətlilərin gizli imzaları ilə sürəkli olaraq Moskvaya, Xalq Nəzarət Nazirliyinə (sonralar komitəyə çevrildi) məktublar yazılırdı. Mərkəzdən ərizə və şikayətləri yoxlamaq, Bakıda olan "yeyinti” faktlarını aşkar etmək üçün ardı-arası kəsiməyən komissiyalar gəlirdi. Bir dəfə də Moskvadan Xalq Nəzarəti nazirinin müavini M. Bağırova zəng edir: "Danışan yoldaş Kozlovdur, Bakıya təftişə gəlirəm”. M. Bağırov istehzalı şəkildə "bəs Qoyunzadə -Baranov- gəlməyəcək?”– deyə soruşur (Kozlov- Keçiyev demək olduğu çün M. Bağırov da qəsdən Baranov- Qoyunzadə söyləmişdi). Yeri gəlmişkən, M. Bağırovun məhkəməsində SSRİ prokuroru R. Rudenko bu sözləri cinayət tərkibli əməl kimi tövsif etmişdi.
1956-cı ilin aprel ayının 12-də A. Çeptsovun sərliyi ilə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyası Bakı şəhərində F. Djerzinski adına (indiki M. Şəhriyar) klubda məhbus M. A. Bağırovun məhkəməsinə başladı. Əslində, bu proses siyasi şou idi. Onu ittiham edən SSRİ Baş prokuroru R. A. Rudenko məhkəmədə cəfəng iddialar irəli sürürdü:
"Для охраны Багирова существовал специально утвержденный… отдел охраны, который доходил до 31 чел.
– Bağırovun mühafizəsi üçün sayı 31-nəfərə qədər olan xüsusi təsdiq olunmuş mühafizə şöbəsi mövcud idi.” (Gülməlidir: indi babat pulu olanların hamısı təxminən elə o qədər mühafizəçi ilə gəzir)
"За счет государства содержался персонал из 8 человек для обслуживания личной квартиры Багирова – Bağırovun şəxsi mənzilində xidmət etmək üçün dövlət həsabına 8 nəfər xidmətçi ayrılmışdı”. ( SSRİ prokurorunun tutarlı dəlillərinə baxın.)
"Багиров получил от Берия личный подарок — охотничье ружье с надписью: "Мир Джафар Багирову от Л. Берия- Bağırov Beriyadan üstündə "Mircəfər Bağırova L. Beriyadan” yazısı olan şəxsi hədiyyə- ov tüfəngi almışdı”. (Tula silah zavodunda istehsal olunmuş bu ov tüfənginin mağaza qiyməti 16 rubl idi. Maraqlananlar üçün qeyd edək ki, Bağırovu tutarsız faktlarla ittiham etdirən Xruşşovun ailə üzvlərinin hər birinə Misirin dövlət başçısı C. Ə. Nasir bir ədəd "Nissan” avtomobili bağışlamışdı, oğlu Sergeyin yazdığına görə, 26 yaşı olanda 3 xarici avtomobili, bir dənə də "QAZ-21” Volqası varmış.)
SSRİ-nin baş prokuroru R. Rudenko Mircəfər Bağırovun məhkəməsində onun repressiyalarda əli olduğunu sübuta yetirmək üçün NKVD komissarı N. Yejova vurduğu şifroqramı sübut gətirmişdir. Lakin cənab R. Rudenko "unutmuşdu” ki, "üçlüklər”in yaranması barədə əmri Yejov 30 iyul 1937-ci ildə vermişdir (00447 saylı əmr). Bu şifroqram isə 09 iyul 1937-ci ilə aiddir və orada nədənsə nə İ. Stalinin, nə də M. Bağırovun imzaları var. Ələbaxım Voroşilov, Koqanoviç, Molotov, Mikoyan isə o saxta şifroqramı çox sonralar dərkənar ediblər. Xruşşov kimi başçının elə Rudenko kimi prokuroru olar.
1937-1938-ci illərdə təşkil edilmiş bədnam üçlüyün- troykanın – aktiv üzvlərindən olan Roman Rudenko hüququn, ədalətin deyil, onu o vəzifəyə gətirmiş avantürist N. Xruşşovun təlimatı ilə hərəkət elədi, Mircəfər Bağırovu 1930-cu illərin ikinci yarısında bütün SSRİ-də tüğyan etmiş repressiyanın əsas təşkilatçılarından biri kimi gördü.
Rudenko özü gözəl bilirdi ki, SSRİ Daxili İşlər Xalq Komissarı (NKVD) N.İ. Yejovun 30.07.1937-ci ildə 00447 saylı əmri ilə respublikalarda yaradılmış üçlüyə heç vaxt M. A. Bağırov daxil olmamışdır. Azərbaycanda fəaliyyət göstərmiş ilk üçlüyün – "troyka”nın – tərkibi Daxili İşlər Xalq Komissarı Y. Sumbatov- Topuridzedən– sədr, Teymur Quliyevdən və Cahangir Axundzadədən ibarət idi. Sonrakı dövrdə respublika "troyka”sının fəaliyyətini Daxili İşlər Xalq Komissarı M. Rayev – sədr, Ağahüseyn Hüseynov və Teymur Yaqubov davam etdirmişlər. Tutulanları iki kateqoriya üzrə- birinci və ikinci kateqoriya üzrə- istintağa cəlb edirdilər. Birinci kateqoriyaya daxil olanlar güllələlənirdilər, "bəxti gətirib” ikinci kateqoriyaya düşənlərə isə 8 -10 il həbs cəzası təyin edirdilər. Təqsirli sayılanları tez və sadələşdirilmiş şəkildə mühakimə edən "üçlüklər”ə SSRİ NKVD-nin xalq komissarı N. Yejov əvvəlcədən plan kəsmişdi. Məsələn, Azərbaycan Respublikasından I kateqoriya ilə 1500, II kateqoriya ilə -3750 məhbus, cəmi- 5250 nəfər cəzalandırılmalı idi. SSRİ Daxili İşlər Komissarı N. Yejovun 00447 saylı əmrinə görə, 05.08.1937-ci ildən bütün SSRİ-də repressiya maşını-"üçlük”lər fəaliyyətə başlamışdılar. O dönəmdə SSRİ baş prokuroru olan A. Y. Vışinskinin həyasızcasına söylədiyi "etiraf-bütün sübutların şahıdır” fikri hüquq-mühafizə işçilərinin əl-qollarını açmış, məhbuslara ağlasığmaz işgəncələr verməklə onları "casus”, "təxribatçı”, "düşmən”, "sui-qəsdçi”, "terrorist”, "ziyankar” olmağa vadar etmişdilər.
M. Bağırovu repressiyada ittiham edən SSRİ baş prokuroru özü "üçlüyün” fəallarından olub. Onun ağası və siyasi hamisi N. Xruşşov Ukraynada rəhbər vəzifədə olarkən N. Yejova teleqramlar vuraraq israrla Ukrayna üzrə I kateqoriyanın limitini artırmağı xahiş edirdi.
Xruşşovun M. A. Bağırov haqqında cəfəng fikirlərini təbərrük kimi qəbul edənlər unudurlar ki, NKVD dövlət içində dövlət idi, Azərbaycanın siyasi rəhbərinin NKVD-yə müdaxilə etmək hüququ yoxuydu. O vaxtlar (1934- 1953-cü illərdə) Sovet İttifaqında NKVD nəzdində OSO (Osoboe soveşanie)adlanan Xüsusi Müşavirə fəaliyyət göstərirdi. NKVD rəhbəri ilə SSRİ baş prokuroru ikilikdə respublika "üçlük”lərinin güllələnmə hökmlərini təsdiq və ya rədd edirdilər. N. Yejov və A. Vışinski ikilikdə 21 min 222 məhbusun taleyini həll edən hökmü imzalayıblar. Onların arasında unudulmaz Əhməd Cavad, Mikayıl Müşfiq, Seyid Hüseyn, Bəkir Çobanzadə, Böyükağa Talıblı və yüzlərcə başqa soydaşlarımız da vardı. Cəfər Cabbarlı 1934-cü ildə vəfat etməsəydi, mütləq bu siyahıda olacaqdı. Hüseyn Cavidin siyasi partiya mənsubiyyəti olmadığından Yejov və Vışinskinın dərkənarından yan keçmişdir. Onun taleyini Azərbaycan üçlüyü özü müəyyənləşdirmişdir. NKVD "üçlüyü” adları yuxarıda qeyd olunan şəxsləri N. Yejovun 9 qrupa ayırdığı "təhlükəli antisovet ünsürləri” siyahısına daxil etmiş, "antisovet” partiyasının ("Müsavat”, "İttihad”, "Əhrar”) gizli üzvü kimi dəyərləndirmişdir. Bu qrupdan olanlar I kateqoriya məhbuslar sayılırdılar və cəzaları güllələnmə idi. Həmin kateqoriyadan olanların güllələnmə tarixi və basdırıldıqları yer hərbi sirr kimi gizli saxlanılırdı. "Üçlüyün” rəhbəri hər 5 gündən bir SSRİ Daxili İşlər Komissarı N. Yejova məlumat verirdi.
Biz Mircəfər Bağırovdan umduğumuz qədər kömək gözləmişik, o isə siyasi reallıqların ona verdiyi imkanlar daxilində məsələlərə müdaxilə edə bilib.Məsələn, xatırlatmaq yerinə düşər ki, SSRİ prokurorluğunda məsul vəzifədə çalışan İ. O. Matuleviçin (İ. Matuleviç SSRİ Ali Məhkəmesi Hərbi Kollegiyasının sədr müavini idi) dəstəyinə arxalanan Azərbaycan Daxili İşlər Komissarı M. Rayev gizli şəkildə N.Yejova M. Bağırov haqqında donoslar çatdırır, onu məhv etmək üçün məkrli planlar hazırlayırmış. Nəticədə M. Bağırov 1938-ci ilin avqust ayının ortalarında 10 gün ev dustağı olub, 1938-ci ilin 22 aqustunda L. Beriyanın NKVD-yə birinci müavin vəzifəzinə gətirilməsi M. Bağırovu rəsmən ölümdən xilas edib (L. Beriya Bakıda oxuyub, işləyib, 1921-1922-cü illərdə Bağırovun müavini olub).
Şübhəsizdir ki, M. Bağırov da müəyyən səhvlərdən, günahlardan xali deyildi, lakin həmin qüsurlar M. Bağırovun idealistliyindən irəli gəlmişdir.Müharibə başlayanda böyük oğlu Cahangiri (kiçik oğlunun o zaman 9 yaşı vardı ) cəbhəyə, döyüşən orduya ata nəsihətiylə yola salmışdı: "Ölkəmizin, Azərbaycanımızın adına layiq olmağa çalış”. Qvardiya baş leytenantı, qırıcı təyyarəçi Cahangir Mircəfər oğlu Bağırov ömrünün axırınadək atasının sözlərini unutmadı. 1943-cü il iyun ayının 5-də qeyri-bərabər döyüşdə son nəfəsinədək vuruşmuş, ən sonda təyyarəsi ilə bərabər faşist təyyarəsini taran edərək həlak olmuşdur. Bu hərbi şücaətinə görə İ. Stalin Cahangir Bağırova Sovet İttifaqı Qəhrəmanı adı vermək istəyəndə, ata Bağırov etiraz edib. Cahangirin məzarı Yasamal qəbristanlığındadır. Müqayisə üçün xatırladaq ki, M.A.Bağırova xalq düşməni damğası vuran N. Xruşşov isə 28 yaşlı oğlu Sergeyi Sosialist Əməyi qəhrəmanı adı ilə, Lenin mükafatı, orden və medallarla təltif eləmişdi.
M. Bağırov həbs olunanda axtarış zamanı yaşadığı mənzildə ümumi dəyəri təxminən 300 rubl olan əşya aşkarlanıb. Xanımının heç bir zinət əşyasının olmaması axtarışa gələnləri təəccübləndirib: "Sizin var-dövlətiniz elə bu kitablardır?”
26.04.1956-cı ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri A. Çeptsovun başçılığı ilə keçirilən məhkəmədə dövlət ittihamçısı SSRİ baş prokuroru R. Rudenko Mircəfər Bağırovu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63-cü və 70-ci maddələri üzrə təqsirli bilərək, barəsində ölüm hökmü çıxarılmasını tələb etdi. 26.05.1956-cı ildə mərkəzi mətbuatda M. Bağırov haqqında çıxarılan hökmün yerinə yetirilməsi barədə məlumat dərc olundu.
Taleyin işinə baxın ki, siyasi boşbağazlığı, qaba rəftarı, mədəni səviyyəsinin yoxluğu ilə SSRİ-də və dünyada bədnam Xruşşovun 1956-cı ilin fevral ayının 25-də söylədiyi böhtan və iftiralar, əsassız ittihamlar hələ də öz təsir gücünü saxlayır. Xruşşov və satraplrının düşüncəsinə görə, SSRİ-də baş vermiş bütün neqativ hallara görə ancaq və ancaq üç nəfər— Stalin, Beriya və Bağırovgünahkar olmuşlar. Tarixlə maraqlananlar isə yaxşı bilirlər ki, repressiya memarları V. Menjinski, H. Yaqoda, A. Vışinski, V. Ulrix və N.Yejov idilər.Bütün SSRİ-dəki kütləvi həbsləri, "üçlüklər”i, deportasiyaları məhz onlar təşkil etmişlər.
"Qırmızı terror” kitabının müəllifi mərhum akademik Ziya Bünyadovun 1993-cü ilin dekabr ayının 10-da AMEA-nın illik hesabatında söylədiyi bir fikri xatırlatmaq istəyirəm: "Dünyanın siyasi xəritəsində Azərbaycan adının saxlanılmasında Mircəfər Abbas oğlu Bağırovun inkarolunmaz xidməti var. Hitler Almaniyasının SSRİ-yə hücumunu bəhanə edən ermənilər 1941-ci ilin iyul ayının sonlarında hiyləgər A. Mikoyanın vasitəsilə o dövrdə fövqəladə səlahiyyət sahibi olan Dövlət Müdafiə Komitəsinin sədri İ. Stalinə sözarası çatdırırlar ki, Türkiyənin Almaniya ilə müttəfiq ola bilmək ehtimalı nəzərə alınarsa, cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının əhalisinin köçürülməsi məsləhətdir. İ. Stalin köçürülmə məsələsini reallaşdırmaq üçün layihə-plan hazırlanması barədə düşünmək lazım gələcəyini bildirir. Bu məlumatı eşidən L. Beriya dərhal M. Bağırova xəbər verir. Təcili olaraq Moskvaya uçan M.A. Bağırov İ. Stalinlə görüşür, gətirdiyi məntiqi dəlillərlə İ. Stalini fikrindən daşındırır, beləliklə, nəinki Azərbaycanı, eyni zamanda, kumıklar başda olmaqla Dağıstan əhalisini də deportasiyadan qurtarır.”