8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Cuma Əhmədzadə Böyük Britaniyanın Cinayətkarlıqla mübarizə Milli Agentliyinin sualları ilə üzləşə bilər
Azərbaycan Beynəlxalq Bankın sabiq rəhbəri, dələduzluq və mənimsəmə ittihamları ilə həbsdə olan Cahangir Hacıyevin arvadının Londondakı mülklərinin və digər aktivlərinin çirkli pulların yuyulmasına qarşı mübarizə qanun əsasında müsadirə edilməsi haqqındakı məlumat oliqarxlarımızı şoka salıb. Ancaq onlar bunu gözləməli idilər. "Yeni Sözçü” qəzeti Böyük Britaniyada çirkli pullar hesabına əldə edilmiş daşınmaz əmlakın müsadirə ediləcəyinə bir neçə dəfə yazı həsr edib. Son yazıda artıq müəyyən oliqarxların mülklərinin müsadirə oluna biləcəyini də qeyd etmişdik. Zamirə Hacıyevanın Londondakı dəyəri 28.5 milyon dollar olan elit malikanəsinin müsadirə edilməsi "Yeni Sözçü” qəzetinin bir neçə həftə əvvəl yaydığı məlumatı təsdiq edir.
Bu məlumatın dəqiq çıxmasının isə bir səbəbi var. Bu mövzunu dəfələrlə araşdırmışıq. Həmin araşdırmalarda Qərblə Rusiya arasında münasibətlər gərginləşəndən sonra ABŞ və Böyük Britaniya postsovet məkanından olan zənginlərə münasibətini dəyişdiyini üzə çıxarmışıq. Əgər münasibət dəyişibsə, deməli hansısa addımlar da atılacaqdı. Böyük Britaniyada çirkli pullar hesabına əldə edilmiş daşınmaz əmlakın müsadirə edilməsinə əsas yaradan qanun da məhz bu şəraitdə qəbul edildi. Bundan sonra isə Böyük Britaniyanın Cinayətkarlıqla mübarizə Milli Agentliyi araşdırmalara başladı. Böyük Britaniya mətbuatının yaxın zamanlarda 100-dən artıq əcnəbinin sərvəti müsadirə olunacağı ilə bağlı xəbərləri isə sabiq bankirin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda dəyəri 28.5 milyon dollar olan elit malikanəsini müsadirə edilməsi ilə reallaşmağa başladı.
ABŞ-da isə Rusiyanın bir zamanlar ən zəngin oliqarxı olan Oleq Deripaskanın əmlakı müsadirə olunub. Bu iki hadisə postsovet məkanından olan oliqarxların Qərbdəki mülklərinin müsadirə olunması ilə bağlı gözlənilən prosesin artıq başlandığını göstərir. Belə görünür ki, yaxın günlərdə proses daha da sürətlənəcək. Rəsmi London hazırda Tier növ vizalarla bağlı geniş araşdırma aparır. Tier növ vizalar Böyük Britaniyaya 2 milyon funt sterlinq sərmayə qoyan iş adamlarına verilib. Böyük Britaniyada bu növ vizaların verildiyi şəxslərin 20 faizini rusiyalı oliqarxlar, 30 fazini çinlilər, yerdə qalan yarısını isə postsovet məkanından və Asiyadan olan sərvət sahibləri təşkil edir. Qərblə Rusiya arasında münasibətlər gərginləşəndən və rusiyalı oliqarxların bir hissəsinin Putinin siyasətinin icrası ilə məşğul olduqdan sonra çirkli pullar hesabına əldə edilmiş daşınmaz əmlakın müsadirə edilməsinə imkan verən qanun qəbul edildi. Bu qanuna kimi rəsmi London heç kimdən Böyük Britaniyaya gətirdiyi sərvətin mənbəyini soruşmurdu. İndi isə artıq bu məsələ ilə Böyük Britaniyanın Cinayətkarlıqla mübarizə Milli Agentliyi məşğul olur. Agentlik araşdırmasını başa çatdırdığı işləri isə məhkəməyə göndərir. Hazırda Cinayətkarlıqla mübarizə Milli Agentliyinin işinin həddindən artıq çox olduğu qeyd edilir. Belə ki, Londoda ən böyük daşınmaz əmlak agentliyi olan Knight Frank-ın məlumatına görə Böyük Britaniya paytaxtındakı elit mülklərinin 20 faizi postsovet respublikalarından olan zənginlərə məxsusdur. Bu isə çox böyük rəqəmdir. Böyük Britaniyanın Cinayətkarlıqla mübarizə Milli Agentliyi indi faktiki olaraq həmin 20 faiz elit mülk sahiblərinin hər biri ilə bağlı araşdırma aparmalıdır. Əlbətdə bu illərlə uzanacaq. Ancaq belə görünür ki, gec-tez onların hər biri sərvətlərinin mənbəyi ilə bağlı Böyük Britaniyanın Cinayətkarlıqla mübarizə Milli Agentliyinin suallarını cavablandırmalı olacaqlar. Bu qurumun sullarını yaxınlarda cavablandıracaq şəxslərdən biri də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə ola bilər. Mediada yayılan məlumatlara görə Cuma Əhmədzadə həyat yoldaşı Günel Rüstəmova "GYUNEL COUTURE” şirkətinin sahibidir. Cuma Əhmədzadənin hazırda harada yaşadığı məlum olmasa da, Günel Rüstəmovanın hazırda Londonda yaşadığı məlumdur. Məlumata görə, Günel Rüstəmovanın anasının da uzun illərdir ki Londonda yaşadığı haqqında məlumat var.
Cuma Əhmədzadənin Böyük Britaniyanın Cinayətkarlıqla mübarizə Milli Agentliyinin suallarını cavablandırmaq məcburiyyətində qalacağı ilə bağlı gümanlarımız və ehtimalımız var. Bu güman və ehtimallar isə havadan götürülməyib. Son zamanlar Cuma Əhmədzadənin atası Əhməd Əhmədzadənin adı medianın gündəmindən düşmür. Bakıdakı Qərb ölkələrinin səfirlikləri heç şübhəsiz ki Azərbaycan mediasının diqqətlə izləyir və korrupsiya faktıilə bağlı bütün məlumatları dərhal lazımi ünvanlara göndərirlər. Ola bilməz ki, Azərbaycanın mediasının önəmli bir hissəsi "Əhmədzadənin Qaxdan İngiltərəyə uzanan biznes imperiyası - SAYSIZ ŞİRKƏTLƏR, OTELLƏR, VİLLALAR...” başlıqlı araşdırma dərc etsin, bu məqalə Bakıdakı Böyük Britaniya səfirliyinin diqqətini cəlb etməsin. Bu mümkün olan iş deyil. Ks halda bu o deməkdir ki, Bakıdakı Böyük Britaniya səfirliyinin əməkdaşları öz vəzifələrinin icrası ilə məşğul olmurlar. Bu isə qeyri-mümkün olan məsələdir. Deməli, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə ilə bağlı məlumatlar da qeydə alınıb. Bununla bağlı Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin ictimaiyyətə bir açıqlama verməsi artıq zərurətə çevrilib. "Yeni Sözçü” qəzeti olaraq bu məsələ ilə bağlı müvafiq araşdırma aparmağa çalışacağıq. Eyni zamanda Londonda mülkləri müsadirə təhlükəsi ilə üzləşmiş başqa oliqarxlarımızla bağlı da araşdırma aparmağa çalışacağıq. Eyni zamanda yazıda adı keçən və ümumiyyətlə bu məsələ ilə bağlı münasibət bildirmək istəyən şəxslərin də mövqeyini dərc etməyə hazır olduğumuzu bəyan edirik.
"Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu