Deputatlar vəkillik sahəsinin inhisara alınmasına qarşıdır - “Heç olmasa qanunda nəzərdə tutulan minimum imkanları da vətəndaşın əlindən almaq olmaz”

Deputatlar vəkillik sahəsinin inhisara alınmasına qarşıdır - “Heç olmasa qanunda nəzərdə tutulan minimum imkanları da vətəndaşın əlindən almaq olmaz”

 

Fazil Mustafa: "Nümayəndəliyin ləğvi vətəndaş üçün böyük problemlər yaratdı”

Fərəc Quliyev: "Bu yanaşma daha çox çərçivəyə salınmaya xidmət edir”

"Mən düşünürəm ki, inhisar düzgündür. Yanvarın 1-dən qeyri-peşəkarların mülki işlərdə təmsilçiliyi məhdudlaşdırılıb. Hazırda məhkəmə sistemində peşakar təmsilçilik rejimi fəaliyyət göstərir. Digər ölkələrdə də analoji qaydalar hökm sürür. Hətta Rusiyada yaxın vaxtlarda vəkillik fəaliyyəti haqqında qanuna dəyişikliklər etməyə hazırlaşırlar. Rusiyalı mütəxəssislər də hesab edirlər ki, məhkəmələrdə vətəndaşların maraqlarını peşəkar vəkillər müdafiə etməlidirlər”.

Bu fikirləri hansısa ictimai-siyasi xadim səsləndirsə, bəlkə bu qədər qıcıq doğurmazdı. Ancaq həmin ifadələrin Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun dilindən səsləndirilməsi hüquq sisteminin acınacaqlı durumda olduğunu aydın göstərir. Vəkillik peşəsini də ticarətin hər hansı sahəsi kimi inhisar obyekti sayan Vəkillər Kollegiyasının sədri unudur ki, bu ölkədə vəkillik sahəsini inhisara almaqla, insan hüquq və azadlıqlarına ağır zərbə vurmuş olurlar.

Xatırladaq ki, Vəkillər Kollegiyasının sədrinin açıqlamasına hüquşünas Namizəd Səfərov "Hürriyyət”in ötən nömrəsində sərt reaksiya vermişdi: "Azərbaycan Respublikasının Milli Məclisi bu antimilli qanunu qəbul etməklə kimlərinsə xalqa qarşı məkirli xəyanətinə qol qoyub. Hesab edirəm ki, Milli Məclis dərhal məsələni yenidən gündəliyə çıxarmaqla, 31 oktyabr 2017-ci il tarixli bu mürtəce qanun, eyni zamanda son 10 il ərzində müdafiə və nümayəndəlik hüquqlarının ayrı-ayrı normalarının ləğv edilməsi, məhdudlaşdırılması ilə bağlı qəbul olunmuş bir sıra digər qanun normaları ləğv edilməli və bu normalar ən azı 1991-ci il səviyyəsində bərpa edilməlidir”.

Milli Məclis üzvləri bu mürtəce qanunu qəbul etsələr də, bəzi deputatlar ilə söhbət edərkən aydın oldu ki, əslində, qanunverici orqan təmsilçilərinin heç də hamısı Nümayəndəlik İnsitutunun ləğv edilməsində maraqlı olmayıb.

"Kollegiyanın sayını həddindən artıq artırmaq lazımdır ki, vəkillər əhali üçün əl çatan olsun”

Картинки по запросу Fazil Mustafa

Vəkillər Kollegiyasının sədri Anar Bağırovun açıqlaması ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa "Hürriyyət”ə dedi ki, Kollegiya üzvlərini bu qədər daraltmaq yanlışdır, bunu daha da genişləndirmək lazımdır: "Kollegiyaya üzvü olanlar ola bilsin ki, müəyyən bir imkana sahibdirlər. Amma mən yenə də o prinsipial mövqeni davam etdirirəm və Milli Məclisdə də bunu müzakirə etdim ki, nümayəndəliyin ləğvi vətəndaşa böyük ziyan vurdu. Burada sadəcə nəzarət etmək olardı ki, fırıldaqçılar, dələduzlar hansısa formada nümayəndəlik institunun adından sui-istifadə edib, vətəndaşa problem yaratmasınlar, onu aldatmasınlar, amma normal, təcrübəsi olan nümayəndələrə müəyyən şərait yaratsınlar. Məsələn, Qazaxıstan bu məsələni çözdü. Qazaxıstan müəyyən təcrübəsi olan hüquqşünaslara bu hüququ verdi. İndi bu qanuna dəyişilik artıq olubsa, heç olmasa Kollegiya üzvlərinin bu məsələdə müəyyən standartlara əməl edərək davranması vacibdir ki, vətəndaşın üzərinə böyük yük qoyulmasın.

Ümumiyyətlə, bizdə vəkilliyin problemləri böyükdür. Dövlət hesabına təyin olunan vəkillərin saat hesabı üçün aldığı vəsait kifayət qədər azdır. Amma bu məsələlər bir az fərqli formada çözülməlidir ki, vətəndaş əziyyət çəkməsin. Məsələn, elə məsələlər var ki, onun həllində qiymət standartları dəqiq göstərilməlidir. Elə bil hansısa özəl klinik müəssisələrə müraciət edəndə birdən-birə 70-100 manat ödəyirsən, həkim məsləhətinə gedirsən, sonra məlum olur ki, həkimin sənə aidiyyatı yoxdur və sən oradan çıxırsan, həmin pulun da klinikada qalır. Təqribən belə bir prosesi vəkillikdə də nəzərə almaq lazımdır ki, vətəndaşın elementar hüquqi yardımla bağlı məsələlərinə bu şamil edilməsin və məhkəmə prosesi ilə bağlı da onun vəziyyəti nəzərə alınsın. Yəni belə bir variant üzərində düşünmək lazımdır. Amma indi qanunvericiliyə görə Kollegiya üzvləri bu funksiyanı yerinə yetirirlər. Mənim fikrimcə, Kollegiyanın sayını həddindən artıq artırmaq lazımdır ki, vəkillər əhali üçün əl çatan olsun. Yəni zərurət olanda rahatlıqla vəkil tapa bilsinlər. Həm də vəkillərin də səviyyəsi qanedici olsun ki, vətəndaşın hüququnu məhkəmə prosesində müdafiə edə bilsin”.

"Onsuz da vətəndaşın məhkəmə prosesində obyektiv qərarlarla bağlı problemi var”

"Mülki Prosessual Qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərlə görə, yaxın qohumlar da vəkil kimi iştirak edə bilərsə, vətəndaşların maraqlarını müdafiə etmək və onları təmsil etmək üçün Kollegiya sədrinin dedyi kimi yalnız Kollegiya üzvlərinin məhkəməyə buraxılması niyə düzgün olur ki” sualına F. Mustafa belə cavab verdi: "Açığını deyim ki, bu, Məcəllənin ruhuna uyğun deyil. Əlbəttə, yaxın qohumlarda ixtisaslı şəxs varsa, onu müdafiə edə bilər. Hökmən vətəndaş hər şeyə görə pul ödəməməlidir ki. İkincisi, onsuz da vətəndaşın məhkəmə prosesində obyektiv qərarlarla bağlı problemi var, qanuni hüququnu belə müdafiə etmək imkanı olmur. Məsələn, mən bir neçə proses bilirəm. Dəhşətə gəldim ki, 100% qanun tərəfində olan adamın əleyhinə qərar verdilər. Özü də mülki məsələlərdə. Ona görə də vətəndaşın üstəlik əlavə məsrəfi də bura çıxmalıdır. Kim istəyirsə buyursun, yaxın qohumları ilə bunu həll etsin. Bu, onun hüququdur. O, kefiyyətli müdafiə olunacaq-olunmayacaq, bu, artıq vətəndaşın özünü maraqlandırmalıdır. Ona görə, bunun çərçivəsini daraltmaq doğru deyil, daha fərqli formada yanaşmaq lazımdır.

Təbii ki, vəkilliklə bağlı son vaxtlar müsbət addımlar var. Daha savadlı, hazırlıqlı insanların Kollegiya üzvü olması istiqamətində keçirilən müsabiqələr rol oynayır. Amma qanunda nəzərdə tutulan hüquqların məhdudlaşdırılmasına yol vermək olmaz və bu məsələ hüquqa uyğun tənzimlənməlidir”.

"Dövlət qanunvericilikdə məsələnin təsbit olunmasını təmin edir”

"Hamımız bilirik ki, ölkədə sosial-iqtisadi durum ürəkaçan deyil. Bu halda imkansız şəxslərin vəkil tutmaq imkanı yoxdursa, nümayəndə də onu məhkəmədə təmsil edə bilmirsə, həmin şəxsin hüquqlarının müdafiəsi necə təmin olunmalıdır? Dövlət bu yöndə hansı addımları atmalıdır” sualını isə F. Mustafa belə cavablandırdı: "Hər halda bu istiqamətdə dövlət qanunvericilikdə məsələnin təsbit olunmasını təmin edir. Ondan sonra, ona uyğun da tələb edir. Ona baxmaq lazımdır. Qanunda belə bir hüquq varsa, vətəndaş bundan istifadə edə bilər. Bunu hansısa bir idari qaydada həll etmək doğru deyil”.

"Buna heç kim mane ola bilməz”

"Ancaq Kollegiyanın sədri deyirsə ki, vətəndaşı ancaq Kollegiya üzvü müdafiə müdafiə etməlidir, yəni qohumların müdafiəsini doğru hesab etmirsə, onda nə etmək olar” sualına gəlincə, deputat dedi ki, doğru hesab etməmək şəxsi mülahizədir: "Qanunda varsa, bu, edilməlidir. Buna heç kim mane ola bilməz”.

"Qanunda nəzərdə tutulan minimum imkanları da vətəndaşın əlindən almaq olmaz”

"Biz onsuz da nümayədəliyin ləğvinin əleyinə idik. Nümayəndəliyin ləğvini yanlış hesab edirdim, bu gün də yanlış hesab edirəm. Hesab edirəm ki, bu həqiqətən vətəndaş üçün böyük problemlər yaratdı. Amma indi ona qayıdış bir az uzun prosesdir. Heç olmasa qanunda nəzərdə tutulan minimum imkanları da vətəndaşın əlindən almaq olmaz. Əlbəttə, yenidən bu məsələni Milli Məclisdə gündəmə gətirmək olar. Amma bizim qanunvericilik təşəbbüsü hüququmuz tam məhdudlaşıb. Ona görə də bu ancaq qanunvericilik subyektinin digər subyektləri, yəni icra orqanı tərəfindən edilə bilər. Orada maraq olsa, bu, edilə bilər. Amma bütövlükdə bu həqiqətən də vətəndaş üçün problemlər yaratdı”.

"Nümayəndələrin iştirakında sərbəstlik yaradılmaldır”

Картинки по запросу Fərəc Quliyev

Deputat Fərəc Quliyev isə dedi ki, onlar bu məsələni Milli Məclisdə müzakirə ediblər:"Vəkillərlə bağlı qanunverilicikdə dəyişiklik olunub. Orada da müxtəlif münasibətlər olub. Mənim də münasibətim olub ki, bu institut inkişaf etməlidir və başqa ölkələrdə olduğu kimi nümayəndələrin iştirakı, onların müdafiəsində sərbəstlik yaradılmalıdır. Məncə, bu yanaşma daha çox mərkəzləşmə, çərçivəyə salınmaya xidmət edir. Daha azad çərçivədə vəkillər təyin olunmalıdır. Çünki ittiham olunan şəxsin müdafiəsi üçün daha çox şərait yaradılmadır ki, günahsız olduğunu subut etsin”.

"Vəkillərin sayının azlığı ilə bağlı bizim istək və tələblərimiz var”

F.Quliyev nəzərə çatdırdı ki, imkansız şəxslərin müdafiəsi ilə bağlı qanunda müddəalar var:"Yəni elə şərait yaradılıb ki, imkansız şəxslərin müdafiəsini dövlət üzərinə götürə bilir. Burada elə çətinlik yoxdur. Sadəcə olaraq vəkillərin sayının azlığı ilə bağlı bizim istək və tələblərimiz vardır. Hesab edirəm ki, bu məsələyə yenidən baxılmalıdır”



Oxşar Xəbərlər

Xəbər lenti