8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ağcabədi rayon Yuxarı Qiyamadınlı kəndi ərazisində subartezyan quyularının təmiri zamanı su borusunu qaldırıcı kran vasitəsilə qaldırarkən boru qaynaq olunmuş hissədən qırılaraq iki nəfərin üzərinə düşüb. Hadisə nəticəsində 1979-cu il təvəllüdlü, idarənin çilingəri Səfərov Rahib Əhliman oğlu və 1994-cü il təvəllüdlü kənd sakini Hüseynov Elnur Bakir oğlu ağır bədən xəsarətləri alıblar. Hazırda onların vəziyyətinin nə yerdə olması ilə bağlı ziddiyyətli məlumatlar var. "Yeni Sözçü” qəzeti Ağcabədi rayonundakı mənbələrdən ağır bədən xəsarətləri alan Rahib Səfərov və Elnur Hüseynovun səhhətləri ilə bağlı məlumat əldə etməyə çalışır. Qeyd edək ki, bu hadisədən cəmi bir neçə gün qabaq Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ASC-nin yerli qurumlarından olan Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinə Atamoğlan Babayevi rəis təyin edib. Qeyd edək ki, Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinin sabiq rəisi Əli Əliyev yaşı ilə bağlı təqaüdə göndərildikdən sonra İdarənin rəisi vəzifəsi vakant idi.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin bir neçə gün öncə Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinin rəisi təyin etdiyi Atamoğlan Babayev uzun müddət "Aqrolizinq” ASC-nin Ağcabədi Regional Nümayəndəliyinin direktoru olub.
"Aqrolizinq” ASC-nin Ağcabədi Regional Nümayəndəliyinin direktoru vəzifəsindən fəaliyyətində ciddi nöqsanlara yol verdiyinə görə uzaqlaşdırılan Atamoğlan Babayevin indi Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsi kimi məsuliyyətli bir müəssisəyə rəis təyin edilməsi çox müəmmalı məsələdir. Çünki "Aqrolizinq” ASC-nin Ağcabədi Regional Nümayəndəliyində aparılan yoxlamalar zamanı gübrələrin saxlanmasında, satışında, vəsaitlərin daxil olmasında, eyni zamanda qısa müddətli lizinqə verilən taxılyığan kombaynların, traktorların və digər kənd təsərrüfatı texnikalarının istifadəsindən vəsaitlərin daxil olmasında külli miqdarda çatışmazlıqlar üzə çıxmışdı.
Bu yoxlamalrdan sonra "Aqrolizinq” ASC-nin Ağcabədi Regional Nümayəndəliyinin rəhbəri Atamoğlan Babayevlə bağlı istintaq başladılmış, haqqında dövlətə dəymiş zərərin ödənilməsi şərti ilə cəza növü də tətbiq edilmişdi.
Maraqlı olan hal ondan ibarətdir ki, bu məhkəmə prosesi Atamoğlan Babayevin məsuliyyətə cəlb olunduğu ilk və son olay deyil. Ağcabədi rayonundakı mənbə qeyd edir ki, Atamoğlan Babayev müxtəlif zamanlarda ayrı-ayrı vəzifələr daşıdığı zaman ən azı üç dəfə hüquqi müstəvidə problmlə üzləşib. "Azər Toxum” Məhdud Məsuliyyətli Cəmiyyətinin Atamoğlan Babayevə qarşı qaldırdığı məhkəmə iddiasının isə necə deyərlər mürəkkəbi hələ qurumayıb. Əhməd Əhmədzadənin əmri ilə Atamoğlan Babayevin Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinin rəisi təyin edilməsindən çox qısa zaman sonra baş verən bədbəxt hadisə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmadığının nəticəsidir. "Yeni Sözçü” qəzetinə daxil olan məlumata görə Ağcabədi rayon Prokurorluğunda iki nəfərin ağır yaralanması ilə nəticələnən istehsalat qəzası ilə bağlı araşdırmalara başlanılıb. Ümid edirik ki, Ağcabədi rayon Prokurorluğu iki nəfərin ağır bədən xəsarətləri almasına görə məsul olanların qanun qarşısında cavab vermələrini təmin edəcək. Çünki, Ağcabədi rayon prokuroru Salman Səmədov vicdanlı hüquqşünas imici qazanıb. Belə bir şəxsin rəhbərlik etdiyi Prokurorluq günahkarların cəzasız qalmasına imkan verməsi mümkün görünmür. Biz isə iki gənc insanın həyatını təhlükəyə salan hadisə ilə bağlı mənəvi məsuliyyəti olan vəzifəli şəxslərin kimliyinə aydınlıq gətirməyə çalışacağıq. Fikirimizcə Atamoğlan Babayevi Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinin rəisi təyin edilmsəində rolu olan hər kəs məsuliyyət daşıyır.
Meliorasiya və Su Təsərrüfatı ASC-də Subartezian Quyularının İstismarı İdarələrinin fəaliyyətinə əsas cavabdeh şəxs olan sədr müavini Rafiq Aslanovun mövqeyi xüsusilə maraqlıdır. Meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə "Əməkdar mühəndis” fəxri adı və «III dərəcəli Əmək ordeni» ilə təltif edilən Rafiq Aslanovun Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinin iki gənc əməkdaşının həyatına təhlükə yaradan olaya görə cəza alıb-almayacağına da aydınlıq gətirməyə çalışacağıq.
"Yeni Sözçü” qəzeti