8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qubada qohumunun arvadını qaçıran şəxsi döyərək öldürməkdə təqsirləndirilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.
Sozcu.info musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Şahmar Əsədov, Sadıq Dadaşov, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılovun cinayət işi üzrə məhkəmə iclası baş tutub.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə prosesi başlamazdan əvvəl təqsirləndirilən şəxslərdən Mətləb Muradov məhkəməyə etiraz edib. O bildirib ki, ona qarşı irəli sürülən ittiham əsassızdır.
"Mən günahsız yerə həbsdəyəm. Niyə kiminsə yerinə həbsxanada qalmalıyam? Bir il bir aydan çoxdur ki, həbsdəyəm. Məndən 20 min rüşvət istədilər ki, azadlığa buraxsınlar"- deyə Mətləb Muradov söyləyib.
Hakim bildirib ki, məhkəmənin indiki mərhələsində şahidlər dindirilir.
Hakim izah edib ki, iş araşdırılmadan heç bir fikir bildirilə bilməz: "Gözləmək lazımdır ki, araşdırmanın nəticəsi nə olacaq? Biz sizi də dindərəcəyik, araşdıracağıq. Sonra qərar veriləcək".
Bu fikirlər Mətləb Muradovu qane etməyib və o yenə də məhkəməyə etiraz etdiyini bildirib: "Bu ittihamda yazılanları oxumusunuz? Mən ifadələrin heç birinə imza çəkməmişəm. 150-dən çox adamı buraxıb məni tutdular. Mən heç nə eləməmişəm".
Hakim qərara alıb ki, Mətləb Muradov dindirilsin.
Muradov ifadə verməyə başlayıb: "Mən işdə olan izahatı verməmişəm. Mənim adımdan yazıblar. Mən buna etiraz edirəm".
Hakim Muradova xəbərdarlıq edib ki, məhkəmə istintaqı bu cür qaranlıq məqamları araşdırmaq üçündür və buna görə də gözləmək lazımdır.
Amma Mətləb Muradov bununla razılaşmayıb və etiraz olaraq məhkəməyə üzünü çevirib.
Pərviz Əsədov (Pərviz mərhum Elşada qoşularaq qaçan qadının qaynıdır) ifadə verib. O deyib ki, hadisəyə görə hər iki şəxs ölməli idi. O, bunu belə izah edib ki, hər iki şəxsin etdiyi hərəkət namussuzluqdur.
Bununla belə, Əsədov deyib ki, ölən şəxsə heç nə etməyib.
Vəkillərin suallarından məlum olub ki, Pərviz Əsədov qardaşının arvadı ilə qaçan şəxsin ölümünü istəsə də, ona heç nə etməyib.