Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
"... Son həftələrdə isə onun səhhətində ciddi problemlərlə əlaqədar, mənəvi amilləri əsas tutaraq ardıcıl bir neçə dəfə telefonla danışmışdıq... Fürsətdən istifadə edib, medianı bu məsələlər ətrafında manipulyasiya etməməyə çağırıram. Başqa şayiə və fikirlərə əhəmiyyət verməyin.
İkincisi, bildiyiniz kimi, sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 308, 311 və 179-cu maddələrinin müvafiq bəndləri üzrə cinayət işi açılıb, lakin məhkəmənin yekun hökmü yoxdur, təqsir məhkəmə qaydasında sübut olana qədər ifadələrimizdə ehtiyatlı olaq. Və sonda, aydındır ki, pozuntu bir günün işi deyil, problemləri indiyədək yazmaq lazım idi, əks halda, necə deyərlər, daldan atılan daş topuğa dəyər. Yıxılanı baltalamaq bizə yaraşmaz...”
"AzPolitika” xəbər verir ki, bu fikirlər 66 saylı Biləsuvar seçki dairəsinin deputatı Bəhruz Məhərrəmova məxsusdur.
Böyük ehtimalla gənc deputatımız Biləsuvarın icra başçısına qarşı qaldırılan maddələri sadalayaraq cəmiyətə, xüsusilə də mətbuata "təqsirsizlik prezumpsiyası dərsi” keçməyə çalışmaqla, ixtisasca hüquqşünas olduğunu göstərmək istəyib. Ancaq bu cəhd, yumşaq desək, uğursuz alınıb. Çünki hər şey hamının gözü qarşısında baş verib və verir. Onsuz da icra başçılarının böyük əksəriyyətinin hansı oyunlardan çıxdığını, aldıqları maaşlarla malik olduqları varidat arasındakı fərqi, açıq-aşkar özbaşınalıqlarını, hətta yetim-yesirə ayrılan müavinətlərə də göz dikdiyini məlum çəkilişlər oldu-olmadı, bu ölkədə görməyən, bilməyən yoxdur. Görünən dağa nə bələdçi? Üstəgəl, həbs edilən digər icra başçıları ilə yanaşı, Biləsuvarın başçısının da əməlləri, danışıqları lentə alınıb, əlində rüşvət tutlub. Adam müavininə "gəl bir 500 nəfərə koronavirusa görə pul yazaq, 200-nü götürək” deyir, sonra da DTX-nın kamerası qarşısında etiraf edərək, "bu əməllərimə görə xəcalət çəkirəm” söyləyir. Nəhayət, Prezident də bu həbslərə dəfələrlə münasibət bildirir və əlində rüşvət tutulan məmurları ən sərt ifadələrlə qınayır. Belədə hörmətli gənc deputatımızdan soruşan lazımdır: bəs sən nə deyirsən, kimə nə dərsi keçirsən, kimi "ifadələrində ehtiyatlı olmağa” çağırırsan? – Haqqı illərdir tapdanan və heç yeni deputatını düz-əməlli tanımayan Biləsuvar camaatınımı, belə qansız məmurları öz imkanları daxilində ifşa edən mətbu orqanlarımı, yoxsa kimi?...
Əlbəttə ki, istənilən deputatın fəal, təşəbbüskar olması, bu və ya digər ölkə əhəmiyyətli gündəm mövzusuyla bağlı fikir bildirməsi, danışması təqdirəlayiq haldır. Əslində bu, onun həm də belə demək mümkünsə, vəzifə borcudur. Lakin danışmaq xatirinə danışanda, böyük siyasi alt qatı olan məsələlərə məişət səviyyəsində münasibət bildirəndə, haqqı, təcrübəsi, ən əsası isə siyasi savadı çatdı-çatmadı kimlərəsə dərs keçməyə çalışanda, bunun adı "qaş düzəldən yerdə göz çıxarmaq” olur. 36 yaşlı gənc deputatın yəqin ki, siyasi təcrübəsizliyindən irəli gələrək söylədiyi yuxarıdakı fikirlərini də bu qəbildən hesab etmək olar.
Mediaya mənəviyyat dərsi keçib, "dədəqorqud məsləhəti” verən B.Məhərrəmovun "problemləri indiyədək yazmaq lazım idi... yıxılanı baltalamaq bizə yaraşmaz...” fikirlərisə, bir tərəfdən onun, yumşaq desək, mətbuatdan o qədər də məlumatlı olmadığını göstərirsə, digər tərəfdən atalar sözlərimizin mahiyyətini yaxşı mənimsəməməsi kimi qəbul oluna bilər.
Birincisi, mətbuat, "AzPolitika.info” da daxil olmaqla, uzun illər Biləsuvarın başçısının gerçək ali savadının olmadığı, rayonda bir çox digər rayonlarda olduğu kimi, rüşvətin, korrupsiyanın tüğyan etdiyi barədə dəfələrlə yazıb, yazıb yorulub! Bunların dalınca yox, üzünə dəfələrlə "daş atılıb”, ancaq onların artıq yola salınmış "qoruyucu mələkləri” vaxtilə həmin daşları qaytarıb mətbuatın başına vurublar.
İkincisi, "yıxılanı baltalamaq” ifadəsi dövlətin, xalqın büdcəsinə qənim kəsilən, kasıb-kusubun cibinə göz dikən, son qəpiyini də əlindən almağa hazır olanların "iş başında” yaxalanmasına aid edilə bilməz. Bu adamlar eyvandan yıxılmayıb, avtomobillə qəza törətməyib, düz getdikləri yerdə başlarına haradansa daş düşməyib, yaxud biznesləri müflis olaraq, borca düşməyiblər. Söhbət uzun illərdir davam edən talançılıqdan gedir. Yekəxana, harınlamış, saymazyana hərəkətlərilə əhalini zinhara gətirən, məktəb direktorundan tutmuş bələdiyyə sədrlərinə qədər hamını "hesaba oturdan”, verdiyi hər sənədə, icazəyə görə pul tələb edən, rayonun nəinki torpağını, suyunu, meşəsini, az qala havasını da satmağa hazır olan, pul üçün sözün tam mənasında istənilən adamın evini yıxmağa hazır olan və yıxan birilərinin ifşasını və həbsini "yıxılmaq” adlandırmaq olarmı? Axı deputat mandatı daşıyanların təkcə, məsələn, hüquqi, yaxud iqtisadi savadının olması kifayət deyil, mütləq az-şox məntiqi və siyasi savadı da olmalıdır. Bu iş "gah nala, gah mıxa” vurmaqla olmur...
Ümumiyyətlə yaxşı olar ki, camaata, xüsusilə də mətbuata mənəviyyat dərsi keçənlər əvvəlcə ciblərində gəzdirdikləri mandata baxsınlar və özlərinə hesabat versinlər ki, bu mandat haradandır və məndə nə gəzir?...
Bir də ki, bizim bildiyimiz qədəriylə, yeni parlamentin formalaşdırılması cəmiyyətdə siyasi islahatların reallaşmasına, xalqı yeni, mütərəqqi dünyagörüşlü, ən azından nə dediyini özü tam anlaya bilən şəxslərin təmsil etməsinə xidmət etməlidir - Xanhüseyn Kazımlının, yaxud Hadı Rəcəblinin yeni və gənc variantlarının yetişdirilməsinə yox...
Cəlal Məmmədov