“Qaçqınkom” şefinin nəvəsi nədən narazıdır?

 


Nail Allahverdiyev "Mersedes-Gelandawagen”ni hansı pullar hesabına alıb?

İki nəfərin həyatına son qoyan, iki nəfərin isə ağır yaralanmasına səbəb olan Azərbaycan Respublikası Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin ona verilən hökmdən narazı qalaraq apellyasiya məhkəməsinə şikayət ərizəsi  verib. Ölkə mətbuatında yayılan məlumata görə, "Qaçqınkom sədri  nəvəsi və onun vəkilləri cəzanın "ağır”olması qənaətinə gəliblər və hökmdən apellyasiya şikayəti verərək yüngülləşdirilməsini istəyiblər.

Qeyd edək ki, ötən ilin avqust ayının 3-də, saat 21:00 radələrində, paytaxtın Nərimanov rayonu ərazisində yol qəzası baş vermişdi. Hadisədən dərhal sonra məlum oldu ki, qiyməti bir neçə yüz min manat olan "Mersedes-Gelandawagen”in sahibi Nail Allahverdiyev Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsidir. "Qaçqınkom” şefinin nəvəsi axşam saatlarında dostu Mirməhəmməd Əlövsət oğlu İsmayılovun idarə etdiyi "Mazda” ilə avtomobil yarışına çıxıbmış və bu yarışın sonu iki nəfərin ölümü və  iki nəfərin də  ağır yaralanması ilə nəticələnib. Çox maraqlıdır ki,həmin hadisədən sonra aralarında Milli Məclisinin üzvü Rafiq Məmmədhəsənov da olmaqla ictimaiyyətin nüfuzlu təmsilçiləri baş verənlərə görə Baş nazirin müavini, "Qaçqınkomu”n sədri Əli Həsənovun mənəvi məsuliyyət məsələsini qaldırsalar da bu iddiaları rədd edərək, vəzifəsindən istefa vermədi. Amma Rusiyanın Kemerovo şəhərindəki "Qış albalısı” ticarət mərkəzində baş verən yanğın nəticəsində 64 nəfərin həlak olmasına görə Kemerovo vilayətinin qubernatoru istefa verdi.  Tuleyev addımını belə izah etdi ki, "Bu qərar mənimçün doğru və yeganə çıxış yoludur. "Qış albalısı” ticarət mərkəzində 64 nəfərin ölümü ilə nəticələnən yanğından sonra bu ağır yüklə qubernator vəzifəsində işləmək olmaz”. Halbuki, həmin "Qış albalısı” ticarət mərkəzinin Kemerovo vilayətinin qubernatoru Aman Tuleyevə heç bir aidiyyatı yox idi. Ancaq Rusiyada vicdanlı insan kimi tanınan Aman Tuleyev istefa verdi.

Ancaq doğma nəvəsinin iki nəfərin ölümünə və iki nəfərin ağır yaralanmasına səbəb olması Əli Həsənovun Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifələrindən istefa verməsidi. Bunun əvəzində aprelin 10-da 70 yaşı tamam olacaq Baş nazirin müavini, "Qaçqınkomun” sədri Əli Həsənov bu yaxınlarda bəyan etdi ki, "9 aydır müxtəlif qəzetlər, saytlar, sifarişlə məni şantaj edirlər. Həmin insanlar mənə bəllidir: Sifariş verənlər də, icra edənlər də”. Azərbaycan hökumətinin üzvi olan Əli Həsənovun mövqeyi Kemerovo vilayətinin qubernatoru Aman Tuleyevin mövqeyindən necə də fərqlənir. Buna isə təəssüflənməmək olmur.

İndi isə qayıdaq iki nəfərin ölümünə, iki nəfərin ağır yaralanmasına səbəb olan Nail Allahverdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin onun haqqında 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasından narazı qalıb. Onun bu narazılığının əsası varmı? Bəlkə Bakı Ağır Cinayətlər Məhkəməsi Nail Allahverdiyev haqqında ədalətsiz hökm çıxarıb?

Bu məsələyə də aydınlıq gətirək. Cinayət Məcələsinin 263-cü maddəsində sükan arxasında olan insanın ehtiyatsızlıqdan törətdiyi cinayət əməlinin bütün dərəcələri təsvir olunub və ona uyğun da cəza müəyyən olunub. Həmin 263-cü maddənin  1.4. hissəsində isə Nail Allahverdiyevin törətdiyi cinayətin cəzası belə müəyyən olunub: "263-1.4 Eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda beş il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Göründüyü kimi iki nəfərin ölümünə səbəb olan şəxs üçün ən aşağı cəza yeddi il azadlıqdan məhrum etməkdir. Qeyd edək ki, məhkəmədə dövlət ittihamçısı təqsirləndirilən şəxs Nail Allahverdiyevin 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini istəyib. Ancaq məhkəmə,Nail Allahverdiyevi 6 il müddətinə azadlıqdan məhrum etmişdi. İndi Nail Allahverdiyev bu cəzanı da ədalətli hesab etmir. Nail və onun  vəkilləri cəzanı 5 ilə endirilməsinə və onun cəza rejiminin dəyişdirilməsinə çalışırlar.

Avtonəqliyyat qəzaları zamanı qəza törədən şəxslərə verilən cəzanı araşdırmış hüquqşünaslardan biri adının çəkilməməsi şərti ilə Nail Allahverdiyevin apellyasiya şikayətinin hüquqi və mənəvi tərəflərinə aydınlıq gətirdi. Hüquqşünas hesab edir ki, hüquqi cəhətdən birinci instansiya məhkəməsinin qərarından şikayət vermək Nail Allahverdiyevin hüququdur. Ancaq hüquqşünas hesab edir ki, bu günə kimi iki nəfərin ölümünə və iki nəfərin ağır yaralanmasına görə hələ 7 il azadlıqdan məhrumetmə cəzasından aşağı cəza alan olmayıb. Əksinə, belə hallarda məhkəmə bir qayda olaraq qəzanın səbəbkarını əsasən 8 il müddətinə azadlıqdan məhrum edir. Hüquqşünas hesab edir ki, Nail Allahverdiyevin əməlinə uyğun olmayan, çox aşağı bir cəzaya məhkum edilməsindən apellyasiya şikayəti verməyə mənəvi haqqı yoxdur. Hətta onun babası, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov nəvəsini bu əməlindən çəkindirməyib.  İctimaiyyətdə belə rəy yaranır ki, hətta qüvvədə olan qanunlar və məcəllələr məmurlara, onların övladlarına şamil olunmur.

Məmurlar qanunlardan yuxarıda dayanırlar, qanunlar yalnız və yalnız sıravi vətəndaşlara şamil edilir.

Bütün bunlar isə Azərbaycan Respublikası  Konstitusiyanın faktiki olaraq qüvvədən düşməsi rəyini yaradır. Hüquqşünas hesab edir ki, Nail Allahverdiyevin qəza törədərkən idarə etdiyi "Mersedes-Gelandawagen”ini hansı pullar hesabına alınmasına da aydınlıq gətirilməlidir. Çünki, Azərbaycanın da tərəfdaş çıxdığı beynəlxalq konvensiyaya görə mənbəyi açıqlanmayan sərvət cinayət yolu ilə əldə edilmiş sərvət hesab olunmalıdr.

"Yeni Sözçü” qəzeti olaraq Nail Allahverdiyevin apellyasiya şikayətinin nə ilə nəticələnəcəyini və hüquqşünas tərəfindən vurğulanmış məsələləri araşdırmağa çalışacağıq. Baş nazirin müavini adını çəkmədiyi məmurun onu jurnalistlərin əli ilə şantaj etmək kimi qeyri-dəqiq açıqlamalar vermək əvəzinə, nəvəsi ilə bağlı məsələdə, bir baba kimi yox, yüksək vəzifəli hökumət rəsmisi kimi münasibət bildirməlidir.

Azad Aydın,

"Yeni Sözçü"qəzeti


Oxşar Xəbərlər

Xəbər lenti