8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sərdar Cəlaloğlu: "Prezident seçilsəm, şəhid ailələrinə 40-50-min manat müavinat ödənilməsini təmin edəcəm”
"Qarabağ savaşını qələbə ilə başa vurmaq istəyiriksə, birinci növbədə torpaqlarımız uğrunda qəhrəmancasına döyüşən, bu yolda sağlamlığını itirən, canından keçən vətən oğullarının özlərinə və ailələrinə böyük diqqət və qayğı göstərməliyik”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə namizəd Sərdar Cəlaloğlu teledebatlardan birində bildirib ki, son vaxtlar ona müraciət edən, onunla şəxsən görüşmək istəyən narazı vətəndaşların sayı artıb. Lakin hazırda seçki kampaniyası getdiyindən, ADP sədri həmin şəxslərlə birbaşa görüşmək imkanının çox məhdud olduğunu deyib. Bu baxımdan da prezidentliyə namizəd deyib ki, həmin vətəndaşlar öz təklif və şikayətlərini"Hürriyyət” vasitəsilə ona çatdıra, hər hansı sualı olan şəxslərə də qəzetdə cavab verə bilər.
ADP sədrinin bu müraciətindən sonra redaksiyamıza Sərdar bəyə ünvanlanan məktublar gəlməyə başlayıb. Bu məktublardan birinin müəllifi şəhid övladı Yadigar Muradovdur. Onun məktubunu və prezidentliyə namizədin cavabını olduğu kimi dərc edirik:
"Azərbaycan Demokrat Partiyasının sədri, prezidentliyə namizəd Sərdar Cəlaloğlu Məmmədova açıq məktub.
Əvvəla, Sizi salamlayiram. Ailəmizin Sizə xüsusi məhəbbəti var.
Atam şəhid olub. 20 erməni öldürüb, 1 tank partladıb. Şükürlər olsun ki, işləyirəm, FHN-də.
Təbii ki, hər kəs hakimiyyətə gəlmək üçün xalqa vədlər verir. Sizə hörmət və məhəbbətim ona görə artdı ki, efirdə haqqı işıqlandırdınız, ədalətli danışdınız, hicab problemindən tutmuş, hakimiyyətin tənqidinə qədər. Buna görə Allah Sizdən razı olsun. Sizə bir neçə sualım var və fikirlərinizi öyrənmək İstərdim.
Sizə birinci sualım: Hakimiyyətə gəlsəniz, şəhid ailələrinə nə kimi qayğı və diqqət göstərəcəksiniz və şəhid ailələrinin 11. 000 AZN pulunu verməyən indiki iqtidardan fərqiniz olacaqmı?
Şəhid ailələrinə 11 min AZN verilməsi ilə bağlı Milli Məclisdə məsələ qaldırılanda bəzi deputatlar hətta bu məbləği də bizə çox görərək, bildirmişdilər ki, 1500 AZN də bəsimizdir. Bəs Siz bu haqda nə düşünürsünüz?
Bir də, şəhid ailələrinin banklara olan borcunun silinməsi və qaz, işıq, su pulu kimi kommunal xidmətlərdən azad edilməsi, ya da ən azından onlara ödəniş güzəştlərinin edilməsi məsələsinə münasibət bildirmənizi xahiş edirəm. Qaçqınlar bundan azaddır, şəhid ailələri isə yox.
Şəhid ailələrinə heç bir dövlət xəstəxanası diqqət yetirmir(90% belədir). Biz anamın xəstəliyinə (2 dəfə infarkt keçirib) görə, bankdan borc pul götürdük. Pulu dollarla verdilər, dollar da qalxdı, məcburən evimizi satdıq. Dediyim odur ki, şəhid ailəsi kimi bizə heç bir dövlət qayğısı göstərilmir. Şəhid ailələrinin bugünkü vəziyyəti, onlara olan biganə münasibətlə bağlı Sizin mövqeyinizi və fikirlərinizi öyrənmək istərdik.
Əhalinin yaşayış minimumu ilə bağlı rəqəmləri yalandan şişirdirlər, amma Vətən uğrunda canından keçən şəhidlərin ailəsinə 11 min AZN kimi cüzi məbləqi belə çox görürlər. Onlardan soruşmaq istərdim: "Bu 11 min AZN atalarımızın qan haqqıdır? Yəni Azərbaycanda insan həyatı belə ucuz qiymətləndirilir? Millət vəkillərinin, dövlət məmurlarının ayda bir neçə min manat maaş aldığı bir ölkədə şəhid ailələrinə bu cüzi məbləğin ödənilməsi nədən yubadılır? Əgər atalarımız canından keçməsəydi, bu gün o millət vəkilləri öz kürsülərində belə rahat otura bilərdilərmi? Bu cür haqsızlıqları görən bizlər, bizim övladlarımız vətən uğrunda döyüşmək istəyəcəkmi, sizcə?”.
Bu sualların cavabını bütün şəhid ailələri gözləyir, desəm, düşünürəm ki, yanılmaram.
Şəxsən şəhid oğlu olan mən, həmişə demişəm, indi də deyirəm ki, əgər müharibə başlasa, getmərəm. Yalnız indiki iqtidar dəyişsə, başqa adam prezident olsa, şəhid ailələrinə diqqət və qayğı göstərilsə, mən də gedib vuruşaram. Bilərəm ki, gələcəkdə ailə qursam və şəhid olsam, ailəm acından ölməyəcək.
Sizə əvvəlcədən təşəkkür edirəm. Allah Sizə kömək olsun. 81 şəhid ailəsi üzvünə yazmışam ki, Sərdar Cəlaloğlu bizim problemlərimizlə bağlı öz fikirlərini söyləyəcək. Bildiyim qədər, əksər şəhid ailələri sizin lehinizə səs vermək istəyir. Sizə uğurlar diləyirik.
Hörmətlə, şəhid övladı Yadigar Nadirov”.
Prezidentliyə namizədin şəhid övladına cavabı
Azərbaycan Demokrat Partiyasının sədri, prezidentliyə namizəd Sərdar Cəlaloğlu şəhid övladı Yadigar Nadirova cavabı:
"Belə bir məşhur deyim var: "Müharibəni dövlətlər başlayır, xalqlar udur”. Dövlət xalqa düzgün münasibət bəsləyəndə xalq da müharibənin aparılmasında fəal iştirak edir, öz övladını hərbi xidmətdən gizlətmir, müharibədən yayınmır, ölümünü gözə alıb düşmənin üzərinə gedir. Bu baxımdan müharibə iştirakçıları, əlillər, şəhidlər, o cümlədən hərbi qulluqda olanlarla bağlı dövlətin xüsusi proqramı olmalıdır. Şəxsən mən belə hesab edirəm ki, bu gün Azərbaycan hökumətinin şəhid ailələrinə verdiyi 11 min manat şəhidlərin ruhuna təhqirdir. Bu gün dövlət vətəndaşlara uşaq pulu vermir, gələcəyimiz olan uşaqlara lazımi qayğı göstərmir, onların təhsili və sağlamlığı ilə bağlı xüsusi dövlət proqramı həyata keçirmir, amma vaxtı çatanda "lazım gələndə hamımız Vətən uğrunda şəhid olmalıyıq” devizi ilə onları hərbi xidmətə yollayır. Bunun müqabilində isə Vətən uğrunda canından keçən insanların ailələrinə guya 11 min manat ayırır, heç bu məbləği də vaxtında vermir. Övladının 18-20 yaşına çatması üçün vətəndaş gör nə qədər pul xərcləyir. Təbii ki, övlad sevgisi pulla ölçülmür. Övlad itkisi isə heç bir müavinatla ovudula bilməz. Amma məsələnin maddi tərəfinə baxsaq, görərik ki, övlad böyüdüb boya-başa çatdırmaq, bəhrəsini görmək vaxtı çatanda isə onu itirmək valideynlərə milyonlara başa gəlir.
Odur ki, dövlət şəhid ailələrinə elə diqqət və qayğı göstərməlidir ki, heç olmasa, maddi cəhətdən həmin ailələr korluq çəkməsinlər. Amma bugünkü qiymətlər fonunda dövlətin şəhid ailələri üçün ayırdığı 11 min manat onların heç bir ehtiyacını ödəyə bilməz. Əgər mən prezident seçilsəm, şəhid ailələrinə 40-50-min manat civarında müavinat ödənilməsini təmin edəcəyəm. Digər tərəfdən, 1-ci, 2-ci, 3-cü qrup Qarabağ əlillərinin indi aldığı müavinatlar da ən azı 5-6 dəfə qaldırılmalıdır. Çünki onlar üçün ayrılan məbləğ də çox cüzidir.
Şəhid ailələrinin mənzil probleminin həlli də çox vacib məsələlərdən biridir. Biz mütləq şəhid ailələrinin, eləcə də müharibədən əlil qayıdan vətəndaşların mənzil və digər sosial problemlərini həll etməliyik. Bilirsiniz ki, Türkiyədə müharibə iştirakçılarının və onların ailə üzvlərinin müxtəlif imtiyazları var. Misal üçün, nəqliyyatdan pulsuz istifadə və s. Azərbaycanda da şəhid ailələri, o cümlədən 1-ci, 2-ci və 3-cü qrup Qarabağ əlilləri həm nəqliyyatdan pulsuz istifadə etməlidirlər, həm də dövlət vergilərindən, kommunal xidmətlərin ödənişindən azad edilməlidirlər. Yəni bütün bu məsələlərlə bağlı bizim çox geniş bir proqramımız var. Biz belə hesab edirik ki, müharibə iştirakçılarına nə qədər çox diqqət göstərsək, müharibədə itki verən insanların itkisini maddi cəhətdən nə qədər çox kompensasiya etsək, xalqın mübarizlik əzmi bir o qədər yüksələr. Yəni Qarabağ savaşını qələbə ilə başa vurmaq istəyiriksə, birinci növbədə torpaqlarımız uğrunda qəhrəmancasına döyüşən, bu yolda sağlamlığını itirən, canından keçən vətən oğullarının özlərinə və ailələrinə böyük diqqət və qayğı göstərməliyik”.
Hazırladı: R.RZAYEVA