Zahid Orucun qələbəsi


 

"Yeni Sözçü” qəzetinin proqnozları təsdiqini tapdı

 

11 aprel növbədənkənar prezident seçkilərinin nəticələri ilə bağlı baş redaktorumuz Arzuman Loğmanoğlunun "Yeni Sözçü” qəzetinin son sayında dərc olunmuş "İkincilik uğrunda mübarizə” başlıqlı məqaləsindən bir hissəni burada bir daha oxucuların diqqətinə çatdırmaq istərdik: "İlham Əliyev seçkidə iştirak edən seçicilərin ən azı 85 faizinin dəstəyini qazanacaq. Ancaq onun alternativlərindən heç biri 5 faizdən çox səs qazana bilməyəcək. Bizim ehtimalımızca ikinci ən çox seçici dəstəyini deputat Zahid Oruc qazanacaq”.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun açıqladığı məlumata görə, İlham Əliyev 86,3 faiz, Zahid Oruc 3,11 faiz, Qüdrət Həsənquliyev 3,02  faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38  faiz, Fərəc Quliyev 1,17  faiz və Razi Nurullayev 0, 74 faiz səs toplayıb.

Hörmətli oxucu, gördüyünüz kimi baş redaktorumuz Arzuman Loğmanoğlunun "İkincilik uğrunda mübarizə” başlıqlı məqaləsində əksini tapmış proqnozla Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun açıqladığı məlumatlar demək olar ki, üst-üstə düşür. Baş redaktorumuz prezident İlham Əliyevin seçkidə iştirak edən seçicilərin ən azı 85 faizinin dəstəyini qazanacağını proqnozlaşdırmışdı. Məzahir Pənahovun açıqladığı məlumata görə, prezident İlham Əliyev 86,3 faizinin dəstəyini qazanıb. Onun alternativlərindən heç biri 5 faizdən çox səs qazana bilməyəcəyi ilə  bağlı proqnoz da öz təsdiqini tapdı.  Öz təsdiqini tapan başqa bir proqnoz isə ikinci ən çox seçici dəstəyini qazanacaq namizədin deputat Zahid Oruc olacağı ilə bağlıdır. Məlum olduğu kimi, deputat Zahid Oruc 3,11 faiz seçicinin dəstəyini qazanmaqla digər namizədləri arxada qoydu.

Prezident Ilham Əliyevin seçkilərin qalibi olacağı hətta onun qatı əleyhidarları tərəfindən də şübhə altına alınmadığı üçün 11 aprel növbədənkənar prezident seçkilərinin qalibi olmasında fövqəladə hal yoxdur. Ancaq bu seçkilərə heç bir siyasi partiya və qrupun təmsilçisi deyil, fərd olaraq qatılan deputat Zahid Orucun ikinci olması qələbə hesab oluna bilər. Doğrudur, onun prezident seçkilərinin ikincisi olacağı xüsusi uzaqgörənliklə baş redaktorumuz tərəfindən proqnozlaşdırılmışdı. Zahid Oruc 11 aprel seçkilərindəki ikincilik əldə etməsində maraqlı məqam onun bütün digər namizədlərdən fərqli olaraq hansısa siyasi birliyi təmsil etməməsindədir. Yəni, Zahid Oruc fərd olaraq Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Müasir Müsavat Partiyası, Azərbaycan Demokrat Partiyasının hər birindən daha çox dəstəyə malikdir. Bu gün bu partiyalardan hər hansısa birindən nə qədər üzvü olduğu sorulsa, ən azı min nəfər partiya üzvü olduğu iddia olunacaq. Ümumiyyətlə, siyasi partiyalar haqqında qanununa görə siyasi partiyanın ən azı 1000 (min) nəfər üzvü olmalıdır. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Müasir Müsavat Partiyası, Azərbaycan Demokrat Partiyasının dövlət qeydiyyatı olduğu üçün onların hər birinin ən azı 1000 nəfər üzvü olduğunu qəbul etməliyik. Deməli, Zahid Oruc təkbaşına min nəfərdən artıq partiya üzvü olan beş partiya sədrinə qalib gəlib. Razi Nurullayevin namizədliyi də özü tərəfindən deyil, "Cəbhəçilərin Təşəbbüs Qrupu” adlı seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürüldüyü üçün onu da fərd kimi qəbul edə bilmərik. Əlbəttə, "Cəbhəçilərin Təşəbbüs Qrupu”  siyasi partiya deyil. Ancaq seçicilərin təşəbbüs qrupu da ən azı 50 nəfər tərəfindən yaradıla bilər. Deməli, Razi Nurullayevin arxasında ən azı 50 nəfərin dəstəyi dayanıb. Həmin 50 nəfərin dəstəklədiyi şəxs isə Zahid Orucdan ən azı 5 dəfə az səs toplaya bilib. Bütün bunlar bir tərəfdən Zahid Orucun fəaliyyətinin effektliyini göstərirsə, digər tərəfdən yuxarıda adları çəkilən partiyaların xalq arasında faktiki olaraq dəstəyinin olmamanı göstərir.

Seçkilərə fərd olaraq qatılan Zahid Orucun seçkilərdən ikinci ən çox səs qazanan namizəd olaraq çıxması onun bundan sonrakı statusunu müəyyən edəcək. Baş redaktorumuz Arzuman Loğmanoğlunun "İkincilik uğrunda mübarizə” başlıqlı məqaləsində Zahid Orucun prezident seçkilərindən sonra özünün partiyasını yaradacağı ilə bağlı fikir də yer alıb. Bu ehtimal seçkilər ərəfəsində çox yüksək idi. Ancaq son günlər hakimiyyət dəhlizlərində belə şaiyələr dolaşır ki, prezidentin andiçmə mərasimindən sonra Zahid Oruca nazir postu həvalə olunacaq. Məlumata görə, 11 aprel seçkilərində əsas uğura imza atmış deputat Zahid Oruc növbəti hökumətdə Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini tutacaq. Qeyd edək ki, Səlim Müslümov özü də nazir vəzifəsinə 2013-cü il prezident seçkilərindən sonra təyin olunmuşdu. Ötən beş ildə də Səlim Müslümov heç bir ciddi fəaliyyəti ilə diqqətləri cəlb etməyib. Əksinə, ünvanlı sosial yardımlar və digər məsələlərlə bağlı narazılıq qalmaqdadır. Tam əminliklə demək olar ki, xalqın ən çox narazı olduğu sahə məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdeh olduğu sosial sahədir. Səlim Müslümov isə nazir kimi beş il ərzində heç bir ciddi nəticəyə nail ola bilməyib. Xalq bu sahədə ciddi dəyişikliklər arzusundadır və buna görə prezidentin andiçmə mərasimindən sonra yeni formalaşdırılacaq hökumətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi naziri  vəzifəsinə prezident seçkilərdən ikinci ən çox səs qazanan namizəd olaraq çıxmış Zahid Orucun təyinatı gözlənilir.

"Yeni sözçü”qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti