“Quska” Ziya Məmmədovun sifətinə yumruq ilişdirdi, padnosu başına çırpdı… – KRİMİNAL HAQDA BALLADA

“Quska” Ziya Məmmədovun sifətinə yumruq ilişdirdi, padnosu başına çırpdı…

 

Hüseyn Abdullayev verdiyi sözü yerinə yetirdi. Yolunu azmış oliqarx Azərbaycana qayıtdı. Lakin qalib qismində yox, məğlub qismində. İnqilab dalğasının zirvəsində və kütlələrin çiynində deyil, əlləri qandallı və konvoy altında. Azərbaycan hakimiyyətinin qatı düşməninin Bakı aeroportunun divarları arasında nə hisslər keçirdiyini təsəvvür etmək çətindir. Onun gözlərindən qəzəb yox, dəhşət saçırdı. Və qorxu. 2007-ci ildə xilas olduğu həbsxananın qorxusu…

* * *

Haşiyə – Dəhşətli sonluq sonsuz qorxudan yaxşıdır

Adamın haqqında əfsanə həmin adamın özündən güclü olanda… Bunu həbsxananın başlıca qaydasını pozan Hüseyn Abdullayev haqda deyiblər. Həmin qayda ki, onu sürgün həyatına məhkum edilmişlər döymə ilə öz bədənlərinə yazdırırlar: "İnanma, qorxma, aman diləmə!”



O, həmin hökmü tarixi Bayıl türməsinin uçqunları arasında qurulan 6 saylı həbsxananın 105 saylı inzibati kamerasının qapısından girən kimi pozdu. Dünyada ən sürətli və mükəmməl poçt olan məhbus xəbərləşməsi sayəsində 90-cı illərin ən "krutoy” və heç kimi saya salmayan oliqarxı, parlament divarları arasında dava-dalaşa görə həbs edilmiş "Quska” (bu alçaldıcı ləqəb hələ də onu tərk etməyib) barədə şaiyələr yayıldı.

Metal alverçisinə çevrilən naxçıvanlı, demək olar, Bremen musiqiçisi. Çoxminlik kriminal banda yaradan alverçi. Neft oliqarxına çevrilən quldur. Deputat olan oliqarx. Məhbusa çevrilən deputat. Mühacirə çevrilən məhbus. Yenidən məhbus olan mühacir… Dayan! Deyəsən, biz bir qədər irəli getdik axı.

"Quska” kameraya daxil olur. Və hələ də deputat mandatı daşıyan oliqarxın səs-küylü həbsindən bir neçə saat sonra kameraya Penitensiar Xidmətin rəisinin tərbiyəvi işlər üzrə müavini Azər Seyidov daxil olur. Nə qədər qəribə olsa da, demək olar ki, bütün məhbuslar A.Seydiova aşkar hörmət bəsləyirdilər. O, vicdanlı və ədalətli adam idi, belələri bu xidmətdə nadir tapılar. A.Seyidovu, daha doğrusu, furajkalı və mundirli adamı görən kimi öz ləqəbindən və bir vaxtlar azərbaycanlıların qəlbində qorxu, dəhşət yaradan şan-şöhrətindən utanmadan kameranın küncünə tərəf qaçır, başını divara vurur və qışqıraraq köməyə səsləyir. Çaşıb qalan A.Seyidov məşhur deputatı sakitləşdirmək üçün çox cəhd edir… ”Quska” ilk həbsxana sınağından çıxa bilməmişdi. Ağlayırdı, aman diləyirdi, özünü xəstəliyə vururdu, həbsxana hospitalında yatırdı və bir-birinin ardınca peşmançılıq məktubları yazırdı. Bütün bu həbsxana dastanı təxminən 100 gün davam etdi, bundan sonra hakimiyyət yumşaldı və məhbusu azadlığa buraxdı. "Quska” həbsxanadan çıxıb böyük həyat okeanında tənha yelkən kimi gözdən itdi.

Xatırlayırsınızmı, lap Lermontovdakı kimi: "Uzaq ölkədə o nə axtarır? O, doğma vətənini niyə tərk edib?” Bayıl həbsxanasından biabırçılıqla buraxılandan sonra (o, düşərgəyə qədər gedib çıxmadı) gözdən itən "Quska” Azərbaycanı tərk etməkdən və uzaq ölkədə xoşbəxtlik axtarmaqdan yaxşı yol fikirləşib tapa bilmədi…

Hüseyn Abdullayevi öz xeyirxahına – hakimiyyətə əlçək atmağa məcbur edən motivləri anlamaq üçün onun psixoloji portretini anlamaq, dərk etmək lazımdır.



Xəstəlik tarixçəsi

"Quska” Azərbaycanın ən zəngin adamlarından biridir. Onun Almaniyaya qalmaqallı qaçışından sonra vergi xidmətinin əməliyyatçıları "Quska”nın Bakıda yüzlərlə mənzilini, minlərlə hektar torpağını, dəbdəbəli malikanələrini, bir neçə yüz dəbdəbəli avtomobilini, Bakının mərkəzində, Hökumət Evi ilə üzbəüz elit mağazalarını aşkarladılar. Bütün bunlar "Quska”nın – Azərbaycan demokratiyasının gələcək atasının heç bir işə-gücə yaramayan qardaşının, yaşlı anasının və kasıb qohumlarının adına rəsmiləşdirilmişdi.

Kriminal dəstənin başçısı bütün bu sərvəti öz xalqının qanı hesabına toplamışdı. Hansı ki, bunu Azərbaycan iqtisadiyyatının gəlirli sferaları üzərində nəzarəti itirdikdən sonra illər boyu da davam etdirəcəkdi. "Quska”nın dəstəsinin qərargahı xalq arasında "Kort” kimi tanınırdı və Bakı bulvarının mərkəzində yerləşirdi. Burada quldur mübahisələri yoluna qoyur, sövdələşmələr bağlayır, vaqonlarla oğurlayır, cinayətkar əmrlər verir, bundan sonra əntiq alman royalının arxasına keçib dincəlməyə başlayırdı. Və bəstəkar Siyavuş Kəriminin köməyi ilə primitiv hitlər bəstələyirdi, bunları pul hesabına xalqın sevimli müğənniləri ifa edirdi. Beləliklə, "Quska” İqor Krutoyun stilini xatırladan obraza girmişdi…



Hər axşam "Quska”nın quldurları "Kort”a pulları kisələrlə gətiridilər. Hər şey kobud və primitiv sxem üzrə işləyirdi: pul – sağım – pul. Onun özünün futlyar otağı da var idi, hər tərəfi kitab rəfləri və stellajlarla, qədim yazı masası, rahat divanlarla əhatələnmişdi… O, oxumağı bacarmırdı, heç yazmaq da əlindən gəlmirdi. İri yazı masasının arxasında ancaq pul sayırdı. Kitab rəflərində isə bu incəsənət aşiqi yüz minlərlə dollar "paçka”sı yığmışdı.

"Kort”un həyətində quldurbaşı boş vaxtlarında tennis oynayırdı (yəqin Şamil Tarpişevə oxşamaq istəyirdi), ətrafında isə qüdrətli quldurbaşının istənilən əmrini can-başla yerinə yetirməyə hazır olan, dişinə qədər silahlanmış başkəsənlər dəstəsi keşik çəkirdi. Hərdən "Quska” öz "kəhrəba kabinetində " tək qalırdı. 90-cı illərin ortalarında bir çox nazirlər və dövlət komitələrinin sədrləri ona həsəd apararaq öz kabinetlərini "köbələk otaqlar” şəklində dizayn edirdilər.

90-cı illərin sonlarında "Quska” dizel yanacağı təchizatına nəzarəti ələ aldı və bu gəlirli sahəni inhisarına götürdü. Və müqəddəs inhisarçılıq haqqına hər hansı qəsd cəhdinə çox qısqanclıqla yanaşmağa başladı. Banda başçısının rahatlığını ilk pozanlardan biri "Azərsun Holding”in rəhbəri Abdulbari Gozal oldu. O, özü də bilmədən quldur qruplaşmasının inhisarında olan sahəyə ayaq basdı. Və Gozala bu ehtiyatsızlıq çox baha başa gəldi. 2001-ci ilin payızında "Quska”nın quldurları Gozalın kabinetinə soxuldular və yaşlı adama qəddarcasına divan tutdular. Gozalı döydülər, kabinetini dağıtdılar, üstəlik seyfini açıb içərisindən o vaxt üçün kifayət qədər sanballı məbləğ – 180 min dolları da qənimət kimi götürdülər.

Yaxud başqa misal. Hamıya məlumdur ki, "Quska” öz qohum-qardaşı, daha bir deputat-bespredel Rza İbadovla birlikdə adi lokomotiv maşinisti, barmağı "nakolkalı” Ziya Məmmədovun Azərbaycan Dəmir Yolları İdarəsinin rəhbəri təyin edilməsi üçün lobbiçilik etmişdilər. İllər sonra "Quska” dostlarının əhatəsində deyirdi: "Ziya Məmmədovu mənim kabinetimə gətirdilər. O, mənə təvazökar adam kimi göründü. Ancaq pencəyinin bir düyməsi qopmuşdu. Dedim sən gələcək rəissən, abırlı geyin”. "Kort”dakı qəbuldan çıxandan bir neçə gün sonra Ziya Məmmədov hər şeyə qadir "Quska”nın və Rza İbadovun əhatəsində özünün yüksək posta təyinatını tənətənəli şəkildə qeyd edirdi…



Aradan bir il keçdi, borcu qaytarmaq vaxtı idi. Və budur, Ziya Məmmədov kifayət qədər nəzakətli formada telefonla "Quska”ya eyham vurdu ki, yanacaq daşınmasına görə nəqliyyat xərclərini ödəmək lazımdır. Kriminal oliqarx o vaxt nəqliyyat daşımalarına da nəzarət edirdi. Bu eyham "Quska”nı özündən çıxardı. Yaralanmış qüdrətli oliqarx-quldur necə hərəkət edər ki? O, maşına oturur və Ziya Məmmədovun yanına gedir. Həmin vaxt hörmətli dəmiryol rəisi kabinetində iclas keçirirdi. "Quska” kabinetə soxulur, Ziya Məmmədova yaxınlaşıb sifətinə yumruqla vurur. Geri dönür, rəisin padnosda çay gətirən köməkçisini görür. "Quska” padnosu qapır və Ziya Məmmədovun artıq yumruqla əzdiyi sifətinə çırpır…

Aradan 10 il keçəndən sonra – 2006-cı ildə Fəxri Xiyabanda nazirlərin və deputatların iştirakı ilə əklil qoyma mərasimində "Quska” yenidən Ziya Məmmədova tərəf cumur və yenidən ona şillə tutuzdurur.

Bəs "Quska” onun 90-cı illərdə populyar olan barter sövdələşmələrinə maraq göstərən biznesmenləri necə cəzalandırırdı? O vaxtların bir çox biznesmenləri, məsələn, Hacı İbrahim Nehrəmli, Arzu Kazımov, Məmmədtağı İbrahimov və digərləri Ukrayna ilə barter müqavilələri bağlayırdı – mühərrik yağı verib əvəzində Azərbaycana armatur gətirirdi. Heç demə, "Quska” bu biznesə də giribmiş və o, rəqiblərinə ultimatum göndərir. Lakin təhdidlər işə yaramır. İşə quldurlar qarışır və Hacı İbrahimin kabinetini gülləbaran edir. Arzu Kazımovu bulvardakı "Kort”un yanında hamının gözü qarşısında huşunu itirənə qədər döyənlər də onlar olur. Naxçıvanın Ali Məclisinin deputatı Məmmədtağı İbrahimovun "Quska” ilə qarşıdurması isə Bakının "Torqovı” küçəsində armatur uğrunda əsl müharibəyə çevrilir. Küncə sıxılmış İbrahimovun və qohumlarının soyuq silaha əl atıb oliqarxın quldur dəstəsi ilə açıq döyüşə girməkdən başqa yolu qalmır.


Bəs Quskanın "Kort”unda o vaxtkı ticarət nazirinə, hələ gənc Fərhad Əliyevə necə hücum etmişdilər? Hər şeyə isə Əliyev qardaşlarının sivil "Azpetrol” yanacaqdoldurma stansiyaları yaratmaq təşəbbüsü bais olmuşdu. Quskanın quldurları benzini vaqonlarla oğurlayırdılar, paytaxtın mərkəzində vedrələrlə satırdılar. Təsəvvür edirsinizmi, bunlar üçüncü minilliyin Astanasında və hər hansı papuas ölkəsində deyil, suveren Azərbaycanda baş verirdi! Yanacaqdoldurma stansiyaları yaratmaq cəhdi isə sözün əsl mənasında məngənəyə salınmışdı.

Quska az qala hər şeyə nəzarət edirdi – quruya və dənizə, gəmilərə və tankerlərə, biznesə və daşınmaz əmlaka… Nazirlər onun yanına təzim etməyə gəlir, iş adamları ona yaxın olmağa yollar axtarır, bu dünyanı fəth etmək istəyən hər kəs onunla dost olmağa çalışırdı.

Amma nə vaxtsa Hüseyn – kasib ailədən çıxmış gənc Naxçıvanda toylarda sovet sintezatorlarında çalmaqla qazanırdı və necə oldusa, cəbhəçilərin mitinqində tribunaya yol tapdı, mikrofonu Culfa rayonunun o vaxtkı rəhbəri Ramiz Tağıyevin əlindən alaraq, onun başına çırpdı. Adi xuliqanlıqdır, lakin o dövrdə bu cəngavər hərəkəti yeni həyata yol açmışdı. Bu da taleyin hökmü. Ramiz Tağıyevin başına vurduğu mikrofonla Quska özü üçün böyük həyata yol açdı.

Deputat Fəzail Ağamalıya vurulmuş şillə isə taleyin üstündən xətt çəkdi və qazamata gətirib çıxardı

Psixoloji portret

Quska olduqca kompleksli insandır. Onun kompleksləri özünü natamamlığın patoloji dərkində və cılızlıqda, irrasional özünüqiymətləndirmədə büruzə verir. Quska – özündən müştəbeh və ətrafdakıların üstünlüyünü ağrılı qəbul edən 90-lar nəslinin xəstə vəziyyətidir, bir sindromdur.

Aydın məsələdir ki, hamı ilkin kapital yığımının kriminal xarakteri ilə barışıb. Əgər Abramoviçin özü 1992-ci ildə 55 vaqon dizel yanacağı oğurlamışdısa, Quskaya sisternlərlə oğurlamağı həyat özü həvalə etmişdi… Lakin Quska özünün kriminal dəstəsi kimi siyasi dövrün başlaması ilə kriminal kapitallarını adi pul yuyulması üsulu ilə leqallaşdırmağa cəhd də etmədi, ya da bunu bacarmadı.

Hüseyn Abdullayev cəzasız qalmışdımı? Əslində, hakimiyyət artıq 2000-ci illərin əvvəlində onunla və onun kriminal cəmiyyəti ilə mübarizəyə başlamışdı. Bir çoxlarını tutdular, onun özünü isə Bakıdan uzaqlaşdırdılar və düz 2004-cü ilə kimi o, özünün Bilgəhdəki təmtəraqlı malikanəsində ev dustaqlığında qaldı. Quska dörd divar arasında oturub bəstəkar Siyavuş Kəriminin köməyi ilə bakılıların arasında məşhur olan hitlərini bəstələyirdi.





Sonra hansısa qəribə və az qala məntiqdən kənar yolla o, parlamentdə göründü. Lakin maniakal-depressiv psixoz Rövnəq Abdullayevin SOCAR-a prezident təyin edilməsindən sonra başladı. Quska bunu özünə bir çağırış kimi qəbul etdi və sonradan bu, onun şəxsi faciəsinə çevrildi. "Nəyə görə mən yox, o?”, – bu sual H.Abdullayevin dilindən o vaxta qədər düşmədi ki, özünü köhnəlmiş Bayıl türməsinin altıncı korpusunun inzibati kamerasının astanasında gördü. Dərin inciklik və çaşqınlıqla Quska Etibar Pirverdiyevin, "Azərenerji”nin başçısının yerinə can atırdı. Soruşa bilərsiniz ki, ora niyə? Sadəcə, Rövnəq Abdullayevə qisas xatirinə. Şəxsi inciklik və yaralanmış özünəvurğunluq onun qəlbində əvvəllər sədaqətlə xidmət etdiyi hakimiyyətə və bəzi məmurlara nifrət oyatmışdı. Və məhz o zaman, 2007-ci ildə, psixozun yeni tutmaları və residivi dəqiqələrində ona elə gəldi ki, bu dünyanı dəyişə bilər.

Quska inqilabi demokratiya yolunu seçməyə qərar verdi. Xəstəlik kəskinləşir, Quska aqoniyadadır. O, hakimiyyətə yarınmaq üçün 90-ların sonunda öz istəyi ilə qovub dağıtdığı barışmaz müxalifətçilərlə eyni sıraya keçir. Axı müxalifətin mitinqlərində nümayişçiləri taxta parçaları ilə dağıdanlar Quskanın briqadalarının "uşaqları” idi və bu, heç kim üçün sirr deyil. Ştirlitsin Müller haqqında dedikləri yadınıza gəlirmi: "Əvvəllər, Veymar Respublikası dövründə o, nasistlərin mitinqlərini dağıdırdı, sonradan isə nasistlərin dövründə Veymar Respublikasının tərəfdarları ilə mübarizə aparırdı”. 2003-cü ilin oktyabrında Azadlıq meydanında qarışıqlıq yaratmış və onun dəstələri tərəfindən döyülmüş nümayişçilərin şərəfinə 2013-cü ildə "Feysbuk” inqilabı üçün himn bəstələyərkən tarix Quskaya acı-acı gülümsəyirdi. Depressiya, psixoz, tez-tez baş verən emosional böhranlar və nəhayət, qapanmış kriminal dairə Quskanı dalana dirədi.

Parvus deyil, Parus (yelkən)

Və onun ölkədən qaçmaqdan başqa çarəsi qalmadı. Almaniyaya! Məhz burada 90-ların sonlarında Quska elit daşınmaz əmlak əldə etmiş, biznes açmış və çoxmilyonluq hesablara sahib olmuşdu. Elə alman hökuməti də cinayətkar dəstənin başçısına qucaq açmışdı. Pulun qoxusu olmur. Almaniyada ölkə iqtisadiyyatına investisiya yatırmış iş adamı Hüseyn Abdullayevin qana bulaşmış pulları iylənmədi. Lakin xəstəlik inkişaf edirdi. Və Əli Kərimli başda olmaqla radikal müxalifətin liderlərinin "azərbaycanlı Parvus”un simasında inqilabi demokratiyanın yeni maliyyə qaynağını tapmaq ümidləri puç oldu. Parvus arzulayırdılar, Parus (yelkən) aldılar! Quska müxalifət liderlərindən də üz çevirdi: Rəsul Quliyevlə söyüşdü, Əli Kərimlini ittiham etdi, Cəmil Həsənlini ikiüzlülükdə günahlandırdı…

Və Quskanın ən inanılmaz yenidən yaranışı baş verir (xəstəlik inkişaf edir və beynin daha çox hüceyrələrini zədələyir!): o, prezidentliyə namizədliyini irəli sürür. Bəli-bəli, bax bu savadsız müqəvva, yaddan çıxmış uşaq nağılındakı Ploxiş, mənəviyyatsız quldur xalqı onu dəstəkləməyə çağırır və Əliyev hakimiyyətinə qalib gələcəyini vəd edir.

Bəs sonra? Sonra mənəviyyatdan məhrum funksionallığa cəmlənmiş patetika gəlir. Quska incik qaçqınlardan ibarət batalyon yaradır və yoxsulluq içərisində olan lümpenləri çoxmilyonluq hesablarından qonorarlarla mükafatlandıraraq, bu kiber-döyüşçüləri prezidentə və hakimiyyətə qarşı istiqamətləndirir. Bu dəfə silah əvəzinə Quska yeni kriminal ordusuna hakimiyyətin qaralanması üzrə metod vəsait verir. Sosial şəbəkələrdə prezidentin və ailə üzvlərinin misli görünməmiş təhqir kampaniyası başlayır… Beləcə o, yaralanmış özündən müştəbehlik hissinə təsəlli verir. Allah sənə rəhmət eləsin, qoca Freyd! Şübhəsiz ki, şəbəkədə başlanmış "küçə ensiklopediyası” məğlubiyyətə uğrayır – axı hətta kiber-müharibələrin də öz yazılmamış qaydaları və şərəf kodeksləri var. Lakin Quska özünün son çirkin işini görür.

O əmin idi ki, cəzasız qalacaq. Onunla sosial şəbəkədə mübahisəmizin ən qızğın anında mən belə bir söz atdım ki, qisas günü uzaqda deyil və onu yük yerində Azərbaycana gətirəcəklər. Quska rişxəndlə dolu emodzilərlə cavab verirdi. Quldura yaşayış hüququ vermiş Almaniyadan onu kim çıxara bilər!

Almaniya hökuməti hələ cavab verməlidir – bu hüquqi və demokratik ölkədə hansı əsaslarla vergidən yayınmaqda ittiham olunan, axtarışda olan cinayətkara yaşayış hüququ verilir. Quska hətta köhnə Bayıl türməsindən çıxandan sonra da cinayət törətməkdə davam edirdi. 2013-cü ilin iyun ayının 7-də Vergilər Nazirliyi Hüseyn Abdullayevi Cinayət Məcəlləsinin qeyri-qanuni sahibkarlıq və vergidən yayınma ilə cəza nəzərdə tutulan 192.2.2 və 213.2.2 maddələri ilə ittiham etmişdi. 2018-ci ilin fevral ayının 14-də isə DİN xüsusilə iri məbləğdə dələduzluqda ittiham edərək H.Abdullayev barəsində daha bir cinayət işinə başlamışdı.

2009-cu ildən 2015-ci ilə qədər H.Abdullayev "Araz İNC” MMC-nin başçısı kimi qeyri-qanuni tikinti işləri ilə məşğul olub və 1,8 milyon manat həcmində vergidən yayınıb.

Bu işdə ən qorxulusu və mənəviyyatdan kənar isə odur ki, Quska austist uşaqları onların Bərpa Mərkəzindən qovmuşdu. O vaxta kimi isə bu xeyriyyəçi və geniş qəlbli quldur demokrat Mərkəzdən icarə haqqı olaraq hər ay 3 min manat alırmış! Ümumilikdə, oliqarx ağır xəstəliyə tutulmuş uşaqlardan 70 min manat qazanıb! Nə deyəsən? Təsəvvür edirsiniz?! Siyasi mühacirətdə olarkən, bütün qüvvəsini prezidentlə mübarizəyə yönəldərək, o, xəstə uşaqlardan pul qazanıb və həmin pulları xalq inqilabının işinə yönəldib. Eşitsəm ki, bu pulların hesabına Orduxan, Sadıxlı, Mürsəlov və digər siyasi əbləhlər kimi kiber-döyüşçülərə maaş verilməsiuni eşitsəm, təəccüblənmərəm. Onları daha necə adlandırasan?..

* * *

52 yaşlı Hüseyn Abdulayev yenidən türmə kamerasının küncünə düşdü. Arxada nə qaldı? Pul, qan, anaların və uşaqların göz yaşları, Günəş altında yer uğrunda gərgin mübarizə, "Solntsevo kriminalşinası” şöhrəti, özü özünə görə və özünə qarşı mübarizə…

Bir dəfə Quskanın yaxın dostlarından biri səsində bir kədərlə demişdi: "Onun həyatda bircə problemi vardı – problemin yoxluğu. Bu məsələni də həll etdi. İndi həyatında yalnız problemlər var”.

Ona nə oldu? Bu göylərin qarşısıalınmaz qisasıdırmı? Daha nə baş verməlidir ki, hər bizimiz nəhayət anlayaq – bu həyatda hər şeyə görə cavab vermək lazımdır! Elə gəlirdi ki, toxunulmaz, qüdrətli alman hökumətinin qanadı altına sığınmış Hüseyn Abdullayevə heç bir təhlükə yoxdur. Lakin əgər ona qarşı göylər üsyana qalxırsa, insan gücsüzdür. Həyatda hər şeyə görə cavab verməlisən. Quskanın cavab verməli olduğu kimi! Bunu yadınızda saxlayın! Gəlin hamımız bu həqiqət anı üzərində düşünək…/virtualaz.org/



Oxşar Xəbərlər

Xəbər lenti