8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Müəllimlər özünümüdafiəyə məcbur qalır…”
189-190 saylı orta məktəbin birinci sinif şagirdi Nuray Quliyevanın döyülməsi faktı hələ də cəmiyyət üçün sonadək aydınlaşmayıb.
Xatırladaq ki, bir bir neçə gün bundan qabaq Nuray Quliyevanın anası sosial şəbəkələrdə azyaşlı qızının Səyyarə adlı müəllimə tərəfindən döyüldüyünü və yeni təhsil naziri Ceyhun Bayramovun şəxsən həmin məktəbə gələrək məsələni yerində araşdırdığını bildirib. Onun dediyinə görə, Ceyhun Bayramov və nazirliyin dörd əməkdaşı məktəbin kameralarınni izləyiblər. Kamera görüntülərindən müəllimənin həm N.Əliyevanı, həm də daha bir neçə uşağı döydüyü məlum olub. Nəticədə müəllimə məktəbdən uzaqlaşdırılıb: "O görüntülərdən sonra elə mənim yanımda müəllimənin şiddətli töhmətlə işdən qovulmasına və ümumiyyətlə təhsil sistemindən uzaqlaşdırılmasına qərar verildi”.
Uşağın valideyninin ardınca müəllimə Səyyarə Əliyeva ATV kanalında "Bizimləsən” verilişinə canlı bağlantı ilə qoşularaq hadisənin belə olmadığını dedi. O bildirdi ki, valideyn Xanım Əliyeva özü qalmaqallı biridir və o, uşaqların yanında söyüş söyür.
Daha sonra verilişdə yayımlanan görüntülərdən aydın oldu ki, ananın özü qızını məktəbdə müəllimənin yanında və dəhlizdə döyüb. Bu məqam da məktəbin kameralarına yansıyıb.
Təhsil Nazirliyinin olayla bağlı verdiyi açıqlama isə bu mövzudakı fikirləri bir az da dolaşdırdı: "Müəllimin özünün işdən azad olunma barədə ərizəsi nəzərə alınaraq, yekun qərar qəbul edilib”.
Uşağı müəllimənin, yaxud ananın döydüyü haqda ziddiyyətli fikirlər yaranıb.
Əslində uşağı kim döyub? Əgər müəllimə bu məsələdə suçsuzdursa, niyə işdən çıxarılmaq haqda ərizə yazıb?
"Tərbiyənin üç bucağı - ailə, məktəb, ictimaiyyət acınacaqlı durumdadır”
Təhsil eksperti Nabatəli Qulamoğlunun fikrincə, belə məsələlərin bir hüquqi, bir də mənəvi aspekti var. Hüquqi aspektdən baxanda şagirdin döyülməsi yolverilməzdir: "Mən şagirdə əl qaldırılmasının tam əleyhinəyəm. Ümumiyyətlə, heç bir müəllim uşağı vurmamalıdır. Buna nə beynəlxalq hüquq, nə də bizim pedaqoji dəyərlər icazə vermir. Bu, öz yerində. Söhbət ondan gedir ki, bizdə mühit elə qurulub ki, şagirdlərlə bacarmaq çox çətindir. Təbii ki, bütün şagirdləri demirəm. Mən də orta məktəbdə müəllim işləmişəm. Belə halların çox şahidi olmuşam”. "Tərbiyənin üç bucağı var - ailə, məktəb, bir də ictimaiyyət. İndiki vaxtda bunların üçü də çox açınacaqlı durumdadır” deyən ekspert durum düzəlmədiyi təqdirdə belə halların olacağını bildirir: "Təqribən 10 il qabaq dərs dediyim sinifdə araşdırma aparmışdım. Sinifdəki şagirdlərimin çoxunun ailəsinə çörək halal qazancla gəlmirdi. İstisnaları çıxmaq şərtiylə, cəmiyyətimiz bu qədər deqradasiyaya uğradığı bir şəraitdə müəllimin də vəziyyətini təsəvvür edin. Üstəlik, müəllimin indiki sosial yükünü, durmunu da bunun üstünə gəlin. Mən bunu müəllimin işlədiyi iş şəraitinin mənzərəsini cızmaq üçün söyləyirəm. Anlaşılsın ki, müəllim hansı ağır şəraitdə çalışır. O mənada biz müəllimə mənəvi dəstək olmalıyıq. Əlbəttə, dediklərimiz müəllimin əlinə şallaq götürüb uşağı döyməsinə dəstək deyil. Deməyim odur ki, ya müəllim üçün normal şərait yaratmalıyıq, o, dərs deyə bilsin, ya da birdəfəlik bir qanun çıxarmalıyıq ki, müəllimin kifayət qədər cəza vermək hüququ olsun”.
"Məktəblərin 90 faizi korrupsiya ilə məşğuldur”
Nabatəli Qulamoğlunun fikrincə, bu məsələnin tamam başqa səbəbi var: "Burda başqa bir məqam var. Bakı şəhərindəki məktəblərin 90 faizi korrupsiya ilə məşğuldur. Bunu tam şəkildə deyirəm, cünki dəfələrlə şahid olmuşuq. Düzdür, istisnalar var, amma onlar da 1-2 olar. Bu məktəb direktorunun ayağını kim basırsa, yaxud onun korrupsiya yolunda kim dayanırsa, dərhal onu həmin yoldan götürmək istəyirlər. Onun üçün müxtəlif şantajlardan istifadə edərək məktəbdən rədd eləməyə çalışırlar. 189-190 saylı məktəbdəki hadisəni araşdırmadığım üçün tam əminliklə deyə bilməsəm də, güman edirəm ki, bax, bu da həmin hallardan biridir. O müəllimə məktəb direktorunun dediyini hardasa yerinə yetirmədiyi üçün direktor ona tələ qurub. Müəllim də öz vicdanını, əxlaqını ortaya qoyub, görüb ki, həmin kollektivdə yaşamaq imkanı yoxdur, ona görə də sakitcə ərizəsini yazıb çıxıb”.
"Elə məsələlər var, nazirin də gücü çatmır”
"Yeni təhsil naziri Ceyhun Bayramovun məktəblərdəki korrupsiya məsələsini bir kənara qoyub, bir müəllim bir uşağa sillə vurduğu üçün məktəbə getməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Kimi bunun nazirin piarı, kimi də müəllimin bilərəkdən "vurulması” kimi yorumladı” fikrinə müsahibimiz belə münasibət bildirdi: "Məsəl var, nə qədər tutulmamısan, oğru deyilsən. Yəni oğrular çoxdur, hansı tutulur, ona "oğru” deyirlər. Məsələ ki, ictimailəşdi, təbii ki, nazirlik də əl-ayağa düşür. Cəmiyyət qarşısında onun mövqeyi var, göstərmək istəyir ki, bax, mən öz sahəmə nəzarət edirəm. Mən Ceyhun Bayramovun işlərini həmişə müsbət qiymətləndirmişəm. Ceyhun Bayramovla Mikayıl Cabbarov simbiozu, onların əlbir işləmələri Azərbaycan Təhsil Nazirliyinə bir demokratik ruh gətirib. Amma bir çox məsələlər var ki, onların gücü çatmır, yaxın gedə bilmirlər. Nazir məktəb direktoruna təsir edə bilmir.
"Məktəb direktorlarının "boss”u icra başçılarıdır”
Yalnız o vaxt təsir edir ki, artıq həmin şəxs özünü tam ifşa edir, sonra nazir quru əmr verib, onu işindən uzaqlaşdırır. Məktəb direktorlarının "boss”u, "patron”u icra başçılarıdır. İcra başçıları onlara "öl” desə, ölür, "qal” desə, qalırlar. Onların təyinatı da icra başçılarının müdaxiləsiylə olunur”.
"54 bal toplayan kənarda qaldı, 4 bal yiğan direktor oldu”
Nabatəli Qulamoğlu buna sübut kimi ötən il məktəb direktorlarının yoxlama imtahanlarında baş verən nöqsanları misal gətirdi: "Yoxlama imtahanından sonra 54 bal toplamış gənc müəllim kənarda qaldı, 4 bal toplayan direktoru icra başçısı rəhbərlikdə saxladı. Biz bu məsələ ilə bağlı çox vuruşduq, əlaqədar qurumlara yazdıq, nazirliklə əlaqə saxladıq. Dedilər, yüksək bal toplamışlar direktor olacaq. Amma olmadı. Hətta bunu Nazirlər Kabinetinin iclasında Mikayıl Cabbarov çıxış edərkən demək olar ki, təsdiqlədi. Dedi ki, biz icra başçıları ilə məsləhətləşərək məktəb direktorlarını təyin elədik. Bu, açıq etirafdır. Nə qədər ki, məktəb direktoru nazirliyə tabe deyil, yəni söhbət rəsmi yox, faktiki tabeçilikdən gedir, onlar bildiklərini eləyəcəklər. Onlar istənilən əxlaqlı müəllimi əxlaqsıza çevirirlər. Belə hallar çoxdur.
"Vicdanım deyir, o müəllim günahsizdir”
Mən bu haldan da şübhələndim. Çox təəssüf ki, həmin məktəbdə araşdırma aparmaq səlahiyyətimiz yoxdur. Ola bilər, yeni nazir Ceyhun Bayramov ora getsin. İndi o, hamını bir-bir çağırıb araşdırma aparası deyil ki... Ona da məlumat veriblər ki, bu, belədir. O da həmin məlumat əsasında qərar verib. Amma mənim təcrübəm, vicdanım mənə deyir ki, o müəllim günahsızdır”.
"Müəllimlər özünümüdafiəyə məcbur qalıb”
Ekspert deyir ki, indiyədək təcrübəsində dəfələrlə belə hallarla qarşlaşıb: "2-3 il qabaq Sumqayıt məktəbində çox vicdanlı, işinin öhdəsindən gələn bir müəllim uşağı xətkeşlə vurmuşdu.Valideyn özü də etiraf edib ki, mənim uşağım çətin uşaqdır. Müəllimi hamı, kollektiv də əxlaqlı, vicdanlı insan kimi tanıyırdı. Bütün bunlara baxmayaraq, Mikayıl Cabbarov onun işdən çıxarılmasına göstəriş verdi. Mən efirdə naziri tənqid elədim ki, o, heç bir sübut olmadan, hüququ araşdırma aparılmadan niyə belə bir qərar verib? Gərək əlində fakt olsun. Yeri gəlsə, deyəcək ki, heç döyməmişəm. Adam var, kimisə öldürür, onun özünə də bəraət verirlər, deyir, özünü müdafiə üçün öldürüb. İndi bu dəqiqə bizim müəllimlərin böyük əksəriyyəti özünü müdafiədən vurur. Başqa imkanı yoxdur. Ola bilər, Ceyhun müəllim bu məsələdə bir az tələsik qərar verib. Amma əminəm, əgər onlar işin həqiqiliyinə varsalar, əgər həqiqətən də müəllim suçsuzdursa, onun haqqını tapdanmasına imkan verməzlər”.
"Seçki saxtakarlıqları məktəblərdə getmirmi?”
"Əgər həqiqiətn də müəllim suçsuzdursa, bunun təlafəsi necə olmalıdır, nazir üzr istəməlidir?” sualında ekspert bunları dedi: "Nazirin üzr istəməsi, onu alçaltmaz, əksinə yüksəldər. Mən elə vaxt olub yanlış bir məsələdən ötrü şagirdimdən üzr istəmişəm. Nazir görsə ki, bu işi düzgün araşdırmayıblar, onun əmri, yaxud göstərişi əsasında müəllim haqsız olaraq işdən çıxıbsa, yaxud çıxmaq məcburiyyətində qalıbsa, əlbəttə, nazir lap nümayişkaranə - mətbuat vasitəsilə üzr istəyə bilər. Bu, naziri bir az da insanların gözündə böyüdər. Məsələ ondadır ki, ilk olaraq bunu araşdırmaq lazımdır, müəllim niyə gedib? 8 il qabaq İctimai Televiziyada mən təhsili tənqid elədim. Səhərisi gün Bakı şəhər Təhsil İdarəsindən məktəb direktoruna zəng edib deyiblər ki, orda ya o qalmalıdır, ya sən. Direktor xanım idi, məktəbə gəldim, mənə dedi ki, vəziyyət bu cürdür. Dedim, çıxmaq istəyirsizsə, çıxın. Mən müəlliməm, vəzifəm yox, kreslom yox. Onun gözü doldu. Dedim, madam siz direktorluqdan getmək istəmirsiz, mən sizi ancaq belə xilas edə bilərəm, işdən getmək haqda ərizə yazaram. Dediyim kimi, ərizəni yazdım, o da alıb rahatca masasına qoydu. Amma nazirlik məni işdən çıxarmadı. Çünki bilirdi ki, bu işin ardı var. Mən məhkəmə instansiyalarına yığın-yiğın iş aparacağam. Yenə də həmin fikri təkrar edirəm, bu işlərin əksəriyyətinin təşkilatçısı məktəb direktorlarıdır”.
"Belə hallar onsuz da yüksək olmayan müəllim nüfuzunu bir az da zədələyir” deyən Nabatəli Qulamoğlu mühit dəyişməsə, nə müəllimə, nə şagirdə cəza verməklə, belə hallar aradan qalxmayacağını bir daha vurğuladı: "İctimai mühitimiz o səviyyədədir ki, onu dəyişməsək, müəllimin sosial yükünü azaldıb psixoloji durumunu dəyişməsək heç nə dəyişməyəcək. Bütün seçki saxtakarlıqları məktəblərdə getmirmi? Şagirdin gözü qarşısında olmurmu? Burda hansı tərbiyədən danışırlar? Qadın müəllimə seçki bülletenlərini şagirdin gözü qarşısında köynəyinin altına salırsa, onda uşaqlar necə tərbiyə olunacaq? Ona görə də biz uşaqları tərbiyə eləmək üçün ilk növbədə özümüzü tərbiyə eləməliyik. Doğru addım atmalıyıq, ondan sonra müəllimdən tələb eləməliyik. Müəllim də ictimaiyyətin üzvüdür. Bir fikir var, cəmiyyətdə yaşamaq və ondan asılı olmamaq mümkün deyil. Qul cəmiyyəyətində yaşasan qul, oğru cəmiyyətində yaşasan oğru olmalısan. Bizim cəmiyyət nə cəmiyyətdir, onu hamı yaxşı bilir”.
"Suallarınızı BŞTİ-nə yönəldin”
Sözügedən məsələdə açıq qalan sualları yalnız ekspertə deyil, Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşlarına da vermək istədik. Qurumun mətbuat əlaqələndiricisi Billurə Cavadlı bu mövzu ilə bağlı sualları Bakı şəhər Təhsil İdarəsinə yönəltməyi tövsiyə elədi: "O məktəb nazirliyə deyil, Bakı şəhər Təhsil İdarəsinə tabedir. Sualları onlara verin”.
Maraqlıdır, eləsə, nədən sözügedən məktəbə öncə BŞTİ-nin rəhbəri Məhəbbət Vəliyeva deyil, nazir Ceyhun Bayramov gedib?! Yaxud M. Vəliyeva daha öncə məktəbdə olubsa, nədən BŞTİ-nin mövqeyi ortada yoxdur?! Bu hadisənin özəlliyi nədədir ki, orda baş verənlərə nazir şəxsən müdaxilə edib?
Təhsil ocaqlarımızda indiyədək olmuş neqativ hadisələrə, lap elə son zamanlarda azyaşlı şagirdlərə qarşı qeyri-əxlaqi davranışın olduğu deyilən məktəblərə, görəsən, nazir, yaxud nazir müvini nədən baş çəkmirdi?
Suallarımızı 189-190 saylı məktəbin rəhbərliyinə də sormaq istədik. Məktəbdən öncə direktorun valideyn iclasında olduğu deyildi. Təkrar aramamızda isə özünü direktor müavini kimi təqdim edən xanım "Biz bu mövzuda heç bir sualı cavablaya bilmərik” deyə yaxasını kənara çəkdi.
Eyni məqsədlə BŞTİ-nin mətbuat xidmətinin də nömrələrini yığdıq. Təəssüf ki, onlardan da telefonlarımızı cavablayan olmadı.
Belə görünür ki, ortalığın sakitləşməsi üçün BŞTİ-də məsələlərə münasibət bildirməkdən yayınır.
Nazilə, Hurriyyet.org