8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri də istintaqa cəlb olunacaq
Səlim Müslümov nazir vəzifəsindən azad edildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunda dəhşətli korrupsiyanın baş verməsi haqqında məlumatlar yayılmağa başladı. Hökumətə yaxın media qurumlarından birinin yaydığı məlumata görə DSMF-də uzun illər ərzində yaradılmış mexanizm əsasında mənimsənilən məbləğin 2-2,5 milyard manat həcmində olduğu haqqında iddialar var.
Bu iddialar isə havadan götürlməyib. Hesablama Palatasının üzə çıxardığı faktlardan da görünür ki, DSMF-də böyük miqyaslı korrupsiya baş verib. Belə ki, vəfat etmiş 181 nəfər pensiyaçının hesabına üst-üstə 625,5 min manat məbləğində pensiya ödənişi həyata keçirib. 35 nəfər şəxs isə eyni dövrə aid əmək pensiyasını hər ay iki dəfə alırmış. İzi itirmək üçün pulları Fondun iki müxtəlif şöbəsindən çıxarırmışlar. Bu yolla çıxarılan məbləğ 319 min manatdan çox olub. Göründüyü kimi yalnız bu iki fırıldaqla mənimsənilən məbləğ 1 milyon manata yaxındır. Bundan əvvəl isə DSMF Goranboy rayon şöbəsində ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə əsas verən sənədləri saxtalaşdırılmaqla 310 min 663 manat məbləğində vəsait mənimsənilməsi faktı üzə çıxmışdı.
Məlumatlı mənbə bildirir ki, oxşar korrupsiya hallarına DSMF-nin bütün şöbələrində rast gəlmək olar. Eyni zamanda DSMF-nin Hüquqi şəxslərlə iş departamenti, Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsində, İri sığortaedənlərlə iş üzrə idarəsində və Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş idarəsində ciddi korrupsiya hallarının olması haqqında məlumatlar var. Hazırda Hesablama Palatası DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri həyata keçirir. Hələ ötən ayın 2-dən başlayan nəzarət tədbiri may ayının sonuna kimi davam edəcək.
Başqa bir məlumata görə, DSMF-nin Hüquqi şəxslərlə iş departamentində də yoxlamalar həyata keçirilir. Bu qurumda üzə çıxacaq korrupsiya faktları isə Səlim Müslümovla yanaşı başqa bir sabiq nazirə, keçmiş kənd təəsərrüfatı naziri Heydər Əsədova da problem yarada bilər. Məsələ ondan ibarətdir ki, bu qurumun rəisi sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşı Şiraslan Əsədovdur.
Bütövlükdə isə DSMF-də üzə çıxan korrupsiya halları Səlim Müslümovun həbsə götürmək gücündədir. Məsələ ondan ibarətdir ki, Səlim Müslümov 2002-ci ildən 2013-cü ilə kimi DSMF-yə rəhbərlik edib. 2013-cü ildə əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildikdən sonra DSMF-ni rəsmən tərk etsə də, bu qurumu faktiki olaraq nəzarətdə saxlayıb. 2016-cı ildə isə DSMF yenidən S.Müslümovun nəzarətinə keçib. Belə ki, Fond Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe etdirilib. Deməli, DSMF-nin son 16 illik fəaliyyətinə görə məhz Səlim Müslümov məsuliyyət daşıyır. Bu illər ərzində Səlim Müslümov DSMF-ni tam şəkildə şəxsi nəzarətinə götürmüşdü. Belə ki, Səlim Müslümov tərəfindən təyin edilən kadrlar uzun illər vəzifələrini qoruyub saxlaya biliblər. Hətta onlardan ciddi narazılıqlar və şaikayətlər olsa da, Səlim Müslümovun himayəsi həmin məmurlara vəzifələrini qoruyub saxlamalaraına imkan verib. Səlim Müslümov sosial qayğıya ehtiyacı olan insanların problemlərini həll etmək əvəzinə, onun məmurları həmin insanları faktiki olaraq təqib edib. Əgər, son beş ildə məhkəmələrdə vətəndaşlar əleyhinə məmurlar tərəfindən qaldırılan məhkəmə davaları araşdırılsa, həmin iddiaların böyük hissəsinin Səlim Müslümovun kadrları tərəfindən qaldırıldığı üzə çıxacaq.
Məlumatlı şəxsin sözlərinə görə, həmin məhkəmə iddiaları nazir Səlim Müslümovun razılığı ilə qaldırılıb. İddiaya görə, nazirin razılığı olmadan heç bir məmur vətəndaşa qarşı məhkəmə iddiası qaldırmağa cəsarət etməz. Yeri gəlmişkən vətəndaşlar yeni nazir Sahil Babayevdən bu bədnam ənənəyə son qoymağı da gözləyirlər. Əks halda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaşlarla münasibətində ciddi bir dəyişiklik olmayacaq. Bu isə sosial gərginliyi artıracaq. Bu məsələyə aydınlıq gətirmək üçün nazir Sahil Babayevin mövqeyini öyrənməyə çalışacağıq.
Hələlik isə görünən odur ki, sabiq nazir Səlim Müslümovun həbsinə hazırlıq gedir. Eyni zamanda sabiq nazirin himayəsi ilə yüksək vəzifələr tutmuş qohum-əqrəbası da istintaqa cəlb oluna bilər. Heç şübhəsiz ki, hüquq-mühafizə orqanlarının ən ciddi iradları Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri olacaq. Fondun bir sıra şöbələrində baş verən qanun pozuntuları ilə bağlı araşdırmamız isə davam edir. Eyni zamanda sabiq nazir Səlim Müslümovun ətrafında baş verən olayları izləməyə davam edəcəyik.
A.Nəbiyev