27-09-2024, 11:44
19-09-2024, 00:17
19-09-2024, 00:12
18-09-2024, 21:22
15-09-2024, 11:28
"Ramazan Azərbaycanda bu il 29 gün olacaq”
"Müxtəlif ölkələrdəki ixtilafı qabartmağa gərək yoxdur”
Müsəlman dünyası üçün əlamətdar olan Ramazan ayı başladı. Hər dəfə olduğu kimi, bu dəfə də orucluğun başlama tarixi ilə bağlı müxtəlif fikir ayrılıqları var. Kimi Ramazanın ayının 16-da, kimi də 17-də başladığını iddia edir.
"Bu tarixlərin hansı daha dəqiqdir? Nədən bütün dini bayramlarda cəmiyyətdə fikir müxtəlifliyi yaranır” suallarına cavab almaq üçün "Məşədi Dadaş” məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli ilə söhbətləşdik.
Hacı Şahin Həsənlinin fikrincə, ayın görünməsi müxtəlif ölkələrdə fərqli şəkildədir. Azərbaycanda bu məsələni Qafqaz Müsəlmanları İdarəsinin və Şamaxı Astrofizika Rəsədxanasının alımlərindən ibarət komissiya tənzimləyir: "Mən də bu komissiyanın üzvüyəm. Biz rəsədxanada da olmuşuq. Dəqiq elmi hesablama və dini göstərişlər əsasında hər il Azərbaycan üçün həm ayın görünmə vaxtları və həm əzan vaxtları cədvəli tərtib edilir. Müsəlman icmalarının dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi bu məsuliyyəti öz üzərinə götürüb və Azərbaycanda ayın görünməsi ilə bağlı fətvalar verir. Bu il də bizdə ayın görünməsi 16-sı axşam, yəni dünənki gecəyə təsadüf edirdi. Bu səbəbdən də ayın 17-si mübarək Ramazan bayramının birinci günü hesab olunur. Müxtəlif ölkələrdə ayın görünməsi fərqli zamanlarda ola bilər. Bu fərqlərin yaratdığı hər hansı ixtilafı qabartmağa ehtiyac yoxdur. Hər bir ölkə öz üfüqünə, öz coğrafi mövqeyinə uyğun şəkildə ayın çıxmasını qeyd edir. Azərbaycan üçünsə bu məsələləri Qafqaz Müsəlmanları İdarəsi tənzimləyir və insanlar tam şəkildə hər il olduğu kimi bu il də onun verdiyi fətvalara etibar edə bilərlər”.
Haçı Şahin Həsənli qeyd elədi ki, Azərbaycanda, Misirdə və digər bir neçə ölkədə Ramazan ayı mayın 17-dən başlayıb: "Ola bilər ki, bəzi ölkələrdə Ay daha tez görünsün. Ona görə, iki-üç gün bayram kimi qeyd edilir”.
"Ramazan ayının sonuncu günü də mübahisə doğuracaq. Sizin hesablamalarınıza görə, orucluğun sonuncu günü hansı tarixə düşəcək ” sualını Hacı Şahin Həsənli belə cavabladı:"Ramazan ayı bəzən 29, bəzən də 30 gün olur. Bunun özü də ayın görünməsi ilə bağlıdır. Böyük ehtimalla Ramazan ayı bu il Azərbaycanda 29 gün olacaq və bayram iyunun 15-nə təsadüf edəcək. Düzdür, bunu öncədən dəqiq demək çox çətindir, amma hər halda təxminlərimiz bunu göstərir”.
Tanınmış dindar söhbət əsnasında Ramazan ayının fəzilətllərindən də danışdı: "Ramazana nahaq yerə "11 ayın sultanı” demirlər. Ramazan ayların ən fəzilətlisidir. Bu yeganə aydır ki, adı Qurani-Kərimdə çəkilib. Bizim müqəddəs kitabımız məhz bu ayda, qədr gecəsində nazil edilib.Peyğəmbərimiz bu ay başlamazdan qabaq insanlara müraciət edərək deyib ki, Allahın ayı sizə tərəf gəlir. Özü ilə bərəkət, rəhmət və bağışlanma gətirir. Siz bu ayda ilahi ziyafətə dəvət olunursuz. Çünki insan bu ayda Allaha daha yaxın olur. İnsan olduğunu bu ayda daha yaxşı dərk edir. İnsan sırf bioloji varlıq deyil. O, yalnız bioloji istəklərdən ibarət deyil. İnsanın böyüklüyü onun özünə "yox” demə bacarığındadır. Ramazan ayının özəlliyi odur ki, insan müəyyən saatlarda öz bioloji istəklərindən imtina etməklə azad nəfəs alır.Ona görə də oruc tutan insan yüksək əhval-ruhiyyədə olur. İnsan özü ilə mübarizə aparırsa, başqalarına zərər verməz və qəlbinə dəyməz. Çünki nəfsi ilə mübarizə aparan insan həm də qəzəbini cilovlayır. Ona görə də bu ay mərhəmət, rəhmət ayıdır”.
Hacı şahin onu da qeyd elədi ki, insanlar bu ayda daha çox biri-biri ilə ünsiyyətdə olmalı, bir-birinin qayğısına qalmalı, mərhəmət göstərməlidirlər: "Bu ay həm də sosial bərabərliyi təmin edir. Hədislərdə deyilir ki, Ramazanda zənginlər ehtiyaclı insanların halından xəbərdar olurlar. Çünki dünyanın hər yerində insanların maddi durumu biri-birindən fərqlənir. Bəzi insanlar aclıq hiss eləməklə yoxsulların halını anlayırlar. İftar süfrələri məhz bu məqsədlə təşkil olunur. O süfrələrin arxasında ən müxtəlif təbəqlərdən olan insanlar bir araya gəlirlər, mehriban ünsiyyət qururlar. Peyğəmbərimiz buyurub ki, Ramazan ayında oruc tutana kim iftar versə, bir qul azad etmiş qədər savab qazanar”.
Oruc yalnız ac-susuz qalmaqdan ibarət deyil, insanın düşüncələrinə, baxışına, dilinə , bədəninə hakim olmasıdır” deyən Hacı Şahin Həsənli bu ayın bir fürsət olduğunu da qeyd edir: "Ramazan ayında ixtilafları qızışdırmaq, insanlar arasında nifaq salan mövzulardan uzaq olmaq lazımdır. Quranın Şəms surəsində də qeyd olunur ki, yalnız ruhunu təmizləyən bəndə nicat tapacaq. Bu, bütün dinlərin formuludur. Biz dünyaya ruhumuzu qoruyub əbədiyyətə təmiz getmək üçün doğulmuşuq. O baxımdan Ramazan ayı mənəvi saflaşmaq üçün gözəl fürsətdir. Məşhur hədisdə deyildiyi kimi... İslam ordusu döyüşdən qayıtdığı zaman peyğəmbər onları qarşılayır və deyir ki, kiçik cihadı başa vurub gələnlərə salam olsun. Ətrafdakılar qayıdır ki, əgər kiçik cihad budursa, böyük cihad nədir? Peyğəmbər cavab verir ki, ən böyük cihad nəfsi yenməkdir”.
Hacı Şahin "kimlər oruc tutmaya bilər” sualını da cavabladı: "Qurani- Kərim”də Bəqəra surəsində qeyd olunub ki, Ramazan ayında oruc bütün müsəlmanlara vacib buyrulub. Amma səhhətində problemlər olan insanlar istisnadır. Həkimlərin ac qalmağı yasaqladığı insanlar oruc tutmaya bilər. Bəzi insanlar inadkarlıq edir, deyir ki, mən Allahın razılığı üçün oruc tuturam. Halbuki sağlamlığı təhlükə altında qalan insanlara oruc tutmaq haramdır. Eyni zamanda hamilə qadınlar, süd verən analar, çox yaşlı, bədəni zəif insanlar, bir də səfərə çıxan ( evindən 22 kilometr uzaqlaşan) insanlar oruc tutmaya bilər.
Dindar onu da qeyd etdi ki, qadınların dodaq boyası və ətirdən istifadə etməsi də orucu batil etmir.
Altunay, Hurriyyet.org