Aslan İsmayılova hökm oxunmadı - Məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salınıb

 

Hüqüqşünas Aslan İsmayılovun işi üzrə Səbail Rayon Məhkəməsində iyunun 29-a təyin edilən məhkəmə prosesi təxirə salınıb. Bu barədə məhkəmə katibi məlumat verib. O, hakimin başqa bir tədbirdə iştirakı səbəbindən iş üzrə hökmün elan edilməsinin təxirə salındığını bildirib.

Bir gün əvvəl keçirilən prosesdə işi aparan hakim hökmün iyunun 29-da elan ediləcəyini demişdi.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Vəkillər Kollegiyasının keçmiş üzvü Aslan İsmayılovun həbs edilməsi, 100 min manat təzminat ödəməsi və ondan üzr istəməsini istəyir.

Aslan İsmayılovla Hafiz Hacıyev arasında sürən məhkəmə çəkişməsində birinciyə qarşı xüsusi ittiham qaydasında iddia qaldırılıb. Partiya sədri vəkilin CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələriylə məsuliyyətə cəlb olunmasını tələb edib.

Hafiz Hacıyev iddia edir ki, Aslan ismayılov öz yazılarında "canlı” və "məxluq” kimi ifadələr işlətməklə, eləcə də vəzifəli şəxsləri şantaj edib pul aldığını yazmaqla ona böhtan atıb. Bu səbəbdən də Aslan İsmayılovun 3 il azadlıqdan məhrum edilməsi, 100 min manat təzminat ödənilməsi və Hafiz Hacıyevdən üzr istəməsi iddiasını irəli sürüb.

Daha öncə hakim Aslan İsmayılovun sosial şəbəkələrdə paylaşdığı və Hafiz Hacıyevin təhqir və böhtan saydığı yazıları ekspertizaya göndərmişdi. Nəticələr iyunun 28-dəki məhkəmədə açıqlanıb. Ekspert həmin yazılardakı bəzi ifadələri təhqir sayıb.

Aslan İsmayılov isə hər şeyə hazır olduğunu, amma üzr istəməyəcəyini deyir./azadlıq.org/



Oxşar Xəbərlər

Xəbər lenti