Binəqədidə kriminal avtoriteti başından vuran dəstənin işi : iki nəfər özünü təqsirli bilmir - VİDEO

 

Bakının Binəqədi rayonunda kriminal avtoritetin qətlə yetirilməsinə görə həns edilənlərin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Taleh Cəlalov, Səxavət Hüseynov, Vüsal Hüseynov və İmran Bədirovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə iclasında Vüsal Hüseynovun vəkili məhkəməyə vəsatət təqdim edib. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlinə düzgün hüquqi qiymət verilməyib. Vəkilin sözlərinə görə, tətbiq edilən ittiham aktı ilə cinayət işindəki sübutlar arasında ziddiyyət var. Müdafiəçi vəsatətini izah edərkən deyib ki, ittihamda qətlin törədildiyi deyilən silahın Vüsal Hüseynova məxsus olduğu göstərilir. Amma bunu sadəcə bir məktubla sübut etməyə çalışıblar.

Vəkilin dediyinə görə, mərhum Mübariz Budaqlı dəfələrlə məhkumluq həyatı yaşayıb və bundan əvvəl də Vüsal Hüseynovla mübahisələri olub: "Mübariz Budaqlının qanunsuz hərəkətlərinə görə Vüsal da məhkumluq həyatı yaşayıb. Hadisədən əvvəl Mübariz Budaqlı iki nəfərlə Vüsalın yanına gəlir və onunla mübahisə edir, onları hədələyir. Sonda isə bu hadisə baş verir. Amma Mübariz Budaqlının yanında olan şəxslərin əməllərinə hüquqi qiymət verilmir. Mən bu işlə bağlı müəyyən dövlət qurumlarında qəbullarda oldum. İşin obyektiv araşdırılmadığını sübutlarla ortaya qoydum. Amma dedilər ki, şikayət varsa, həbs edilməlidir. Bu necə ola bilər? Biz də şikayət edirik, məktub yazırıq, həqiqətin üzə çıxmasına istəyirik. Amma bizim şikayətə baxan yoxdur. Kamera görütünləri var. Bunların hamısını biz izləmişik. Bu qədər qanunun pozuntusu olduğu halda iş məhkəmdə araşdırılan bilməz. Məhkəmədən istəyimiz işin istintaqa qaytarılması, müdafiə etdiyim şəxs barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsidir".

b512a53e-30cc-4c94-b6ed-437644c1d0e8.jpg (53 KB)
Mübariz Budaqlı

Prosesdə digər təqsirləndirilən Səxavət Hüseynovun vəkili də vəsatətlə çıxış edib. O da işin istintaqa qaytarılmasını istəyib. Vəkil deyib ki, müdafiə etdiyi şəxs qardaşı Vüsalı müdafiə üçün onun arxasınca gedib və hətta hər hansı xoşagəlməz hadisə baş verməsin deyə polisə də məlumat verib: "Səxavət hadisə yerinə çatanda artıq cinayət baş vermişdi. Səxavət bu hadisədə iştirak edən qarşı tərəfi tanımayıb. Şahidlər də bunu təsdiq edir".

Təqsirləndirilən Səxavət Hüseynov vəkili ilə razı olduğunu deyib. Bildirib ki, ona qarşı ədalətsiz ittiham irəli sürülüb: "Mənə xuliqanlıq ittihamı verilib. Amma heç bir günahım yoxdur. Müstəntiq dedi ki, məcbur tutulmalısan. Mən nə etmişəm? Kamera görüntüləri də var ki, mən hadisə yerinə sonradan getmişəm. Xoşagəlməz hadisənin baş verməsini istəməmişəm".

Vüsal Hüseynov da vəkilinin vəsatəti ilə razı olduğunu deyib. O, sual edib ki, mərhum Mübariz Budaqlı onun yanına nə məqsədlə gəlmişdi? Hakim bildirib ki, bu suala yalnız məhkəmə istintaqı dövründə cavab verilə bilər. Suala da mərhumun nümayəndəsi cavab verməlidir. Prosesdə mərhumun anası da iştirak edib. O, vəsatətlərin təmin edilməməsini istəyib. Əlavə edib ki, oğlu silahsız olduğu halda qətlə yetirilib. Qarşı tərəf isə Mübariz Budaqlı və digərlərinin silahlı olduğunu iddia edirlər.

Dövlət ittihamçısı vəsatətlərə münasibət bildirib. Deyib ki, vəsatətləri təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə müşavirədən sonra qərarı elan edib. Qərara əsasən vəsatətlər təmin edilməyib. Məhkəmə baxışı yanvarın 27-nə təyin edilib.

Qeyd edək ki, həbs edilənlər kriminal avtoritet Budaqlı Mübariz Mürsəl oğlunu öldürməkdə şübhəli bilinirərək həbs ediliblər. Səs-küylü cinayət hadisəsi Binəqədi rayonunda baş vermişdi. Mübariz Budaqlı avtomobildə güllələnərək qətlə yetirilmişdi. Hadisə zamanı Mübariz Budaqlının yanında daha iki nəfər olub. Mübariz Budaqlı avtomobildə sürücünün yanında əyləşib. Sosial şəbəkədə yayılan görüntülərdən aydın olur ki, Taleh belində olan silahla Mübarizə bir dəfə atəş açır. Mübariz baş nahiyyəsindən aldığı güllə ilə hadisə yerində dünyasını dəyişir.

Bildirək ki, qətli törətməkdə şübhəli bilinən şəxslər 10-GD-021 qeydiyyat nişanlı "BMW X5” markalı avtomobillə hadisə yerindən qaçan zaman ərazidə xidmət aparan Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıblar.




Oxşar Xəbərlər

Xəbər lenti