Hakimin oğlunu öldürən şəxsin məhkəməsi başladı

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi vuraraq hadisə yerindən qaçan Rəhim Kərimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Vəkil Orxan Əhmədov vəsatət verib. O bildirib ki, müdafiə etdiyi şəxsə hadisə zamanı sərxoş olması ilə bağlı ittiham verilib: "Bununla bağlı ekspertiza keçirilib, ekspertlər onun sərxoş olmasını müəyyən etməyin mümkün olmaması barədə rəy veriblər". Vəkil cinayət işinin baxılmasına xitam verilməsini, işin istintaqa qaytarılması istəyib.

Məhkəmə vəsatətləri baxılmamış saxlayıb. Məhkəmə baxışı noyabrın 22-nə təyin edilib.

İttihama görə, Rəhim Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham edilir. Ittihamda qeyd edilib ki, hadisə bu ilin mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Bakı şəhər sakini Rəhim Kərimov idarə etdiyi "Mercedes" markalı avtomobil piyada Rüfət Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Rüfət Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib.

Tərtər Hərbi Məhkəməsinin hakiminin oğlu Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı Rüfət Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi olub. Təqsirləndirilən Rəhim Kərimovun atası Yüzasif Kərimov Mərkəzi Klinik Xəstəxananın baş həkimi olub.



Oxşar Xəbərlər

Xəbər lenti