8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İmişli rayonu Qulubəyli kəndinin orta məktəb müəllimi Elşən Şəmmədli: "Qurban Hacıyev dəfələrlə hakim kürsüsündən qalxaraq üstümüzə hücum çəkdi”
"Sən demə, Azərbaycan Respublikasının qanunlarına görə evə basqın təşkil etmək cinayət sayılmırmış”
İmişli rayonu Qulubəyli kənd sakini Şəmmədli Elşən Şükür oğlu tərəfindən "Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Həmin kəndin tam orta məktəbinin müəllimi işlədiyini bildirən şikayətçi yazır:
"Şagirdlərin hüquqi dövlətin səriştəli vətəndaşları kimi yetişmələri üçün bütün səy və bacarığımı əsirgəmirəm. Şagirdlərimlə qanunların aliliyini və ədalətli cəmiyyət haqqında söhbət aparsam da, özüm hal-hazırda qanunları qorumağa bilavasitə cavabdeh olan məmurların qanun pozuntularının qurbanına çevrilmişəm.
Belə ki, həyətimdən dəfələrlə oğurluq olduğundan 11.08.2017-ci il tarixində gecə vaxtı ailə üzvlərimlə birlikdə pusqu qurmuşuq. Bir gün evə daxil olmaq istəyən iki nəfər şübhəli şəxs qaçsa da, onlardan üçüncüsünü - Şahbazov Əfqan Əlqəmə oğlunu tutmuşuq. Əfqanı tutarkən bizə müqavimət göstərib. Onu tutaraq DİN-in 102 xidmətinə məlumat vermişik. İmişli RPŞ-nin polisləri gələrək, sağlam şəkildə Əfqanı aparıblar.
Əfqan tutularkən bura tək gəlmədiyini, məqsədli şəkildə gəldiyini, kirvəsi Farizin, Əmisi oğlu Şahbaz Şahbazovun onu tutulmağa qoymayacağını bildirdi. Məni və ailə üzvlərimi öldürməklə hədələdi. Həqiqətən də Əfqanın dediyi kimi oldu. Şahbazov Əfqanın qohumlarının səyi nəticəsində o, "ağır xəsarət almış şəxs” qismində xəstəxanaya yerləşdirilsə də, Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji –Anatomiya Elmi-Təcrübi və Tədris birliyinin səyi nəticəsində Şahbazov Əfqana saxta diaqnoz qoyulması sübuta yetirildi.
"Polis işçiləri bildirdi ki, işi Əfqanın xeyrinə dəyişmək üçün onlara çoxlu zənglər edilib”
Polis işçiləri Əliyev Elsevər Orucəli oğlu və Zülfüqarov Bəhruz isə işə qeyri-obyektiv yanaşaraq, məni və ailə üzvlərimi guya "tutarkən Əfqana xəsarət yetirməkdə” günahkarlandıraraq, işin gedişini onun xeyrinə dəyişməyə çalışdılar və özləri də bildirdi ki, işi Əfqanın xeyrinə dəyişmək üçün onlara çoxlu smslər yazılıb, zənglər edilib.
Hətta oğurluq hadisəsini ört-basdır etmək üçün mənim və ailəmin şərəf və ləyaqətini alçaltmağa, cəmiyyət içində mənə qarşı mənfi ictimai rəy formalaşdırmağa cəhd göstərdilər. Qeyd edim ki, Əfqan və onun köməkçilərinin dəfələrlə kənd sakinlərindən oğurluq etmələri müəyyənləşərək polis şöbəsinə aparılsalar da, kimlərinsə himayəsi nəticəsində məsuliyyətdən kənar qalıblar.
12.08.2017-ci il tarixində saat 00 55 radələrində polis şöbəsində Əliyev Elsevər tərəfindən izahatım alınarkən Əfqanın qardaşı Şahbazov Zülfüqar və qardaşı oğlu Şahbazov Pəhlivan həyətimə basqın edərək evi daşlayıblar, nəticə də 2 yaşli oğlum Şükür qorxudan özünü nərdivandan ataraq fiziki xəsarət alıb və psixoloji sarsıntı keçirib. Polisə bu faktla bağlı şikayət etsəm də, həmən şəxslərə qarşı heç bir tədbir görmədilər. Sən demə, "evə basqın təşkil etmək Azərbaycan Respublikasının qanunlarına görə cinayət sayılmırmış”.
Şahbazov Əfqan və onun qohumları məni və ailə üzvlərimi dəfələrlə ictimai yerlərdə, hətta polis şöbəsində polislərin yanında öldürməklə hədələyib. Buna görə də polis şöbəsinə, prokurorluq orqanlarına və məhkəməyə mənim və ailəmin təhlükəsizliyinin təmin olunması üçün Əfqan və tərəfdarları barədə ölçü götürmələri barədə yazılı surətdə müaraciət etmişəm.
Yekunda digər iki nəfər tapılmasa da, ədalətli olaraq Şahbazov Əfqanın haqqında İmişli RPŞ cinayət məcəlləsinin 177 və 182-ci maddələri ilə cinayət işi açaraq yekunlaşdırıb, haqqında həbs qərarı çıxarılması üçün məhkəməyə təhvil verdi. 06.12.2017-ci il tarixində məhkəmə prossesi zamanı Şahbaz Şahbazovun qohumu olan Şahbazov Əfqan məhkəmənin sədri Qurban Hacıyev tərəfindən açıq-açığına müdafiə edildi. Hətta məhkəmənin gedişində hakim dəfələrlə bildirdi ki, "sizi ölümlə hədələməsinə,oğurluq etməsinə baxmayaraq, mən Şahbazov Əfqanın hüquqlarını müdafiə edirəm, edəcəm də. Çünki onu mənə tapşırıblar və qohumu Şahbazov Abdulla Tofiq oğlu məhkəmənin işçisidir, onun qohumuna kömək etməsək, bizə nə deyərlər”.
"Hakim Qurban Hacıyev üstümə qışqıraraq məni zərərçəkən kimi tanımadığını bildirdi və təhqir etdi”
Ona görə də məhkəmə başlamamışdan zərərçəkmiş şəxs qismində telefonla məni və Seyidova Zümrüdü məhkəməyə dəvət etdilər. Hakimin köməkçisi tərəfində məhkəmə zalına dəvət edilsək də, hakim Qurban Hacıyev üstümə qışqıraraq məni zərərçəkən kimi tanımadığını bildirdi və təhqir etdi. Qurban Haciyev danışmağa belə imkan verməyərək, bizi həbs etdirəcəyi ilə hədələdi, dəfələrlə hakim kürsüsündən qalxaraq üstümüzə hücum çəkdi. Məhkəmə itirakçılarına "qapını bağlayın bu köpək uşaqların qoymayın qaçmağa, bunları içəri soxduracam, qoy məni tanısınlar” - dedi. Xalam Zümrüdə dəfələrlə "həyasız” deməkdən belə çəkinmədi. Ona təqdim edilən sənədə yox, təqsirkar şəxsin qohumlarının işlətdikləri böhtan xarakterli sözlərə istinad edərək, qərar çıxarmağa çalışdı.
Bizə hələ də məlum deyil ki, Qurban Hacıyev məni təqsirkar şəxs qismində tanımırdısa, məhkəmə zalında bizi niyə gözləyirdi və məhkəmə iclasına niyə dəvət edirdi? Bizə niyə məhkəməyə çağırış bildirişlə yox, telefon zəngi ilə edilib? Məhkəmə iclasında qəbul edilən qanunla biz niyə tanış edilmədik və məhkəmənin qərarı Qurban Hacıyevin zərərçəkmiş şəxs qismində tanıdığı Seyidova Zümrüdə niyə verilməyib? Bu günə qədər qərar bizə gəlib çatmadığı üçün hakimin qərarından yuxarı instansiya məhkəməsinə şikayət etmək hüququndan məhrum olunmuşuq.
"Pulu və tapşırıqları qanundan üstün bilən belə məmurların olması məni bir vətəndaş kimi sarsıtdı”
Məni dəhşət götürmüşdü, ədalət təmsilçisi, dövlət məmuru olan Qurban Hacıyev kobud kənd şifəsində, dialekt sözlərdən istifadə edərək bizi təhqir edirdi. Azərbayacan ədəbi dilində danışmağı bacarmayan, pulu və Şahbaz Şahbazov kimilərin tapşırıqlarını qanundan üstün bilən belə məmurların olması məni bir vətəndaş kimi sarsıtdı. Mənə başa düşə bilmirəm ki, bu Şahbazovlar kimdir ki, İmişli rayonunda yuxarıda adın çəkdiyim məmurlar onun istəyini qanundan üstün tutaraq qanunsuz hərəkətlər belə etməkdən çəkinmirlər?!
Hətta İmişli məhkəməsində hakim köməkçisi vəzifəsini icra edən Şahbazov Abdulla Tofiq oğlu sən demə məhkəmənin işçisi deyil, orada qeyri-qanuni fəaliyyət göstərir. Biz tutulan şəxs haqqında olan şikayətimizdən keçmədiyimiz və İmişli Məhkəməsinin sədri Qurban Hacıyevin qanunsuz əməllərindən, məhkəmə iclası zamanı hakimə yaraşmayan hərəkətlərdən şikayət etdiyimizdən Qurban Hacıyev bizə təzyiq göstərmək üçün İmişli məhkəməsinin işçilərinin iştirakı ilə akt tərtib edərək bizdən şikayət edib ki, guya biz qapalı məhkəmə iclasına girmişik, hakimi və təqsirləndirilən şəxsi təhqir etmişik. Həmin akt əsasında bizə Ədliyyə Nazirliyinin İstintaq idarəsində cinayət işi açılıb. Halbuki, akt tərtib edən və şahid qismində iştirak edən şəxslərin heç biri məhkəmə iclasında iştirak etməyib, bizə məhkəmə iclasının qapalı olması barədə məlumat verilməyib, əksinə bizə Qurban Hacıyev məhkəmə zalında 2 saata yaxın həbs edərək orada saxlayıb.
"Maraqlıdır, əsas dəlil ola biləcək görüntülər niyə silinib?”
Biz heç kimi təhqir etməmişik, hakim bizi təhqir edərək dəfələrlə üstümüzə hücum çəkib. Məhkəmə zalında və binasında olan mühafizə kameralarının görüntülərinə baxılsa hər şey aydın olar. Ancaq məhkəmə binasında və iclas zalında quraşdırılan mühafizə kameralarının çəkdiyi kadrlar istintaqa təqdim olunmayıb, ayın sonunda silindiyi bildirilib. Maraqlıdır, əsas dəlil ola biləcək görüntülər niyə silinib? Hamından daha yaxşı məhkəmə sədri Qurban Hacıyev və onun işçiləri yaxşı bilməli deyillərmi əşyayi- dəlillər, sübutlar qorunmalı və istintaq orqanlarına təqdim olunmalıdır. Bizdən şikayət edərək haqqımızda cinayət işi açdıran Qurban Hacıyevin hadisəni detallarına qədər özündə əks etdirən görüntüləri istintaq orqnalarından niyə gizləməsi və silməsi şübhəli deyilmi? Məqsəd aydındır, həmin görüntüləri siliniblər ki, məhkəmə işçilərinin həqiqətə uyğun olmayan şahidliyini əsas göstərərək bizə cinayət işi açsınlar və bunla bizə təzyiq göstərirərək Şahbazov Əfqandan şikayətçi olmamağımıza nail olmaq, həmin şəxsi cinayət məsuliyyətindən azad etdirmək istəyirlər. Buna görə də bizə bildirirlər ki, şikayətimizi geri götürək, əks halda Şahbazob Əfqan c cinayət məsuliyyətinə cəlb olunacağı halda bizdən də 2-3 nəfər cinayət məsuliyyətinə cəlb edəcəklər. Məgər, Azərbaycan Respublikasının ədalət təmsilçilərinə ədalətin, insan hüquq və azadlıqlarının keşiyində bu cür durmaq tapşırılıbmı, hakimlərə toxunulmazlıq vətəndaş üzərində öz hökmünü göstərmək üçün, ədaləti kimlərinsə marağına qurban vermək üçünmü verilib?
Xahiş edirəm, bizim haqlı şikayətlərimizin araşdırılmasına, Haqq və Ədalətin öz yerini tutmasına öz köməkliyinizi göstərəsiniz”.