"Bir o qalmışdı ki, kişiliyimi də əlimdən alsın" - Qayınanasını öldürüb, arvadını bıçaqlayıb - TƏFƏRRÜAT

 

Bakıda qayınanasını qətlə yetirib, həyat yoldaşını isə ağır yaralamaqda ittiham edilən şəxsin məhkəməsi keçirilib.

Sozcu.info  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə, adam öldürməyə cəhddə təqsirləndirilən 1992-ci il təvəllüdlü Cəsarət İsgəndərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Cəsarət İsgəndərov ailə münaqişəsi zəminində qayınanasını qətlə yetirib, həyat yoldaşını isə öldürməyə cəhd edib. Elan olunmuş ittihamla Cəsarət İsgəndərov özünü təqsirli bilib və əməlindən peşman olduğunu söyləyib.

Sərbəst ifadə verən Cəsarət İsgəndərov əvvəlcə Allahdan bağışlanmasını istəyib. Deyib ki, Allahın qarşısında özünü daha çox günahkar bilir: "Buradan heç kim sığortalanmayıb. Həyatın necə olacağını bilmək olmur. Səhvimdən çox peşmanam. Allah da məni bağışlamaz demək istəyirəm. Amma sonra düşünürəm ki, Allah sonsuz rəhmət sahibidir. Bəlkə də məni bağışlayar".

Cəsarət İsgəndərov ifadəsinin davamında ailəsində yaranan problemlərin səbəbkarı kimi qətlə yetirdiyi qayınanasını göstərib: "Biz çox xoşbəxt idik. Həyat yoldaşımdan soruşurdum ki, bizim kimi mehriban ailə varmı? Deyirdi ki, bəlkə də yoxdur. Amma qayınanam həmişə söz-söhbət yaradırdı. Dolanışığımız da şükür ki, yaxşı idi. Günə 50-80 manat qazanırdım. Çox nadir hallarda pulsuz evə qayıdardım. Yoldaşımla heç bir problemimiz olmayıb. Mən evlənəndə bir şərt qoymuşdum ki, yoldaşım harasa gedəndə mütləq mənə xəbər eləsin. Yoldaşım belə də edirdi, amma qayınanam yenə də problem yaradırdı. Yoldaşımı özü ilə aparırdı, deyirdi ki, Cəsarət işdən gec gəlir, bilməyəcək. Nişanlı olduğumuz zaman da belə söz-söhbət olurdu. Amma sonra mehribançılıq yaranırdı. Toydan sonra qayınanam mənə deyirdi ki, ya atanı seç, ya da ailəni. Bu sözləri atam da eşitmişdi. Mən anamı itirmişəm. Atam tək dəstəyim idi. Atam mənə dedi ki, ailəndən möhkəm yapış, biz onsuz da ata-balayıq. Atam söylədi ki, ətlə dırnaq arasına girəni iynə ilə çıxarırlar. Yenə də yola verdik ki, mehribançılıq olsun".

Hadisə günü baş verənlərdən danışan Cəsarət İsgəndərov bildirib ki, həmin gün içkili olub və etdiklərini tam olaraq xatırlamır: "Dəqiq xatırlamıram ki, nə etmişəm. Həmin ərəfədə artıq münasibətlər tam pisləşmişdi. Yoldaşım hamilə olanda anasıgildə qaldı. Mən də darıxırdım, dedim ki, gəlin bizdə qalaq. Anası razı olmadı, mən də heç nə demədim. Artıq bıçaq sümüyə dirənmişdi. Qayınanam məni saymırdı. Bir o qalmışdı ki, kişiliyimi də əlimdən alsın. Yoldaşımı evə buraxmırdı. Bir neçə dəfə 11-də işdən çıxıb onlara getdim. Deyirdi ki, bir də 10-dan gec gələni evə buraxmayacam. Axşamlar yoldaşımla şəhərə çıxmağa da imkan vermirdi. Bir müddət belə davam elədi. Sonra mən də zəng elədim ki, onda gəlib evdəki əşyaları da aparın. Bir dəfə qaynım zəng elədi ki, atası gəlib evdən əşyaları aparacaq. Amma gəlib evə baxsa da heç nə aparmadı. Gedəndən sonra zəng elədi ki, evdə qalan əşyaların çoxunu sındırmışam, qalanını da gəlib özü sındıracaq. Mübahisə elədik, söyüş söydü. Mən də onu söydüm. Gecə çox içdim. Toyum olandan sonra içkini atmışdım. Amma həmin gün içdim. Qayınanama zəng elədim, yenə məni təhqir elədilər. Evlərinə getdim. Sonra nə etdiyimi xatırlamıram".

Məhkəmədə şahid qismində qətlə yetirilən qadının qonşusu Abdulla Əliyev dindirilib. O, deyib ki, qonşusunun həyətində qışqırıq səsləri gələndə çölə çıxıb: "Kimsə "kömək edin" deyə qışqırırdı. Hasardan həyətə düşüb evə girdim. Qadın yerdə qan içində uzanmışdı. Cəsarət yoldaşını bıçaqlayırdı. Onu tutub, bıçağı əlindən aldım. Qonşular gəldi, maşınla yaralıları xəstəxanaya apardıq. Polislər də gəlib Cəsarəti apardı".

Zərərçəkmiş Leyla İsgəndərova məhkəmə prosesində iştirak etməyib. Məhkəmənin növbəti iclası yanvarın 17-nə təyin edilib.

Bildirək ki, bu dəhşətli hadisə Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 24 ünvanında baş verib. İlkin məlumata görə, 51 yaşlı Fəhminə İsgəndərova əri ilə mübahisə etdiyi üçün qızı Leylanı evinə çağırıb. Lakin Leyla İsgəndərovanın bu hərəkətindən qəzəblənən yoldaşı Cəsarət İsgəndərov onların olduğu evə gedib. Qayınanası qapı və pəncərələri bağladığı üçün evin damından mənzilə daxil olub. Bu zaman o, əlindəki bıçaqla əvvəlcə həyat yoldaşına bir neçə zərbə vurub. Onları ayırmağa gələn qayınanası F.İsgəndərovanın ürək nahiyəsinə iki bıçaq zərbəsi vurub. Onun qayınanası hadisə yerində ölüb. Leyla İsgəndərova xəstəxanaya çatdırılıb.



Oxşar Xəbərlər

Xəbər lenti