8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Fəxrəddin Mehdiyev bildirib ki, məhkəmə prosesi sürətli keçirilir: "Həftənin 3 günü səhərdən axşama qədər proses aparılır, biz müdafiə etdiyimiz şəxslərlə görüşə bilmirik”.
Hakim bildirib ki, təqsirləndirilənlər dindirələnədək proses belə davam edəcək. Yalnız bundan sonra bu məsələ nizama salına bilər.
Daha sonra təqsirləndirilən Anar Sultanov ifadə verib. Bildirib ki, 1997-2004-cü illərdə Beynəlxalq Bankda müxtəlif vəzifələrdə işləyib: "2004-2010-cu illərdə Mərkəz filialının rəhbəri olmuşam. Qaydalara görə, Baş İdarənin xəbəri olmadan təminatsız 2 min, təminatla isə 5 mindən artıq kredit verə bilməzdik. Bundan yuxarı məbləğlər Kredit Komitəsi və İdarə heyəti kimi qurumların qərarı ilə ayrılırdı. Baş İdarədə qərar veriləndən sonra kredit ayrılması məsələsində filial daha çox texniki rol oynayırdı. İdarə Heyətinin qərarları mənim üçün məcburi idi”.
A.Sultanov prokurorun suallarına cavab olaraq bildirib ki, Cahangir Hacıyevə və yaxınlarına plastik kartlarla kreditlər verilib: "Banka müştərilər göndərilib və İdarə Heyəti qərar verib, biz də onu icra etmişik. Cahangir Hacıyev və yaxınlarına kredit verilməsi tapşırığını birbaşa özündən almışam. Bizim bu işdə sırf texniki rolumuz olub. Bizə yalnız çıxarış formasında İdarə Heyətinin qərarları gəlirdi, biz onunla kifayətlənirdik. Cahangir Hacıyevin sürücüsü Aydın Mehdiyevə kredit ayrılması ilə bağlı İdarə Heyətinin 57 saylı qərarı olub. Aydın sürücü olduğundan başı qarışıq olurdu. Sənədi imzalaya bilmirdi. Mən də həmin sənədləri Baş İdarəyə göndərmişəm. Ordan imzalar gələndən sonra ona kredit verilib. İttihamda görünür ki, guya saxta imza çəkmişəm. Bu, dediyim kimi olub. Mən idarədən gələn imzaya baxmadım. Həmin kredit də 2009-cu ildə bağlanıb”.
Prokuror Cahangir Hacıyev daxil olmaqla yaxınları – qızı Leyla Mahmudova (Eldar Mahmudovun gəlini), həyat yoldaşına və s. kredit verilib?
A.Sultanov cavabında adı qeyd olunan şəxslərə kredit verildiyini bildirib.
Prokuror suallara davam edib. O soruşub ki, Cahangir Hacıyevin sürücüsünə 9 milyon manat kredit verilməsi nə qədər doğru idi?
A.Sultanov cavab olaraq bildirib ki, İdarə Heyətinin qərarı əsasında kreditlər ayrılıb: "Tapşırıq verilib, biz də riayət eləmişik”
Cahangir Hacıyev Anar Sultanovdan prokurorun adını sadaladığı şəxslərin imza nümunələrinin hansı filialda olduğunu soruşub. Anar Sultanov qeyd edib ki, həmin şəxslər Mərkəz filialın müştəriləri olduğu üçün həmin imzalar orada olub”.
Prosesdə təqsirləndiriləndən İlqar Abdullayev ifadə verib. O deyib ki, 2004-cü ildən bankda işləyib: "2006-dan filial müdirinin köməkçisi olmuşam. 2014-2015-ci illərdə filial müdiri olmuşam. Cahangir Hacıyevi yalnız bir dəfə görmüşəm. O da məni filial müdiri təyin edəndə. Mən nə mənimsəmədə iştirak etmişəm, nə də mütəşəkkil cinayətkar dəstənin üzvü olmuşam. Mənə tapşırılanı icra eləmişəm. İttihamda olan 3 kredit müqaviləsində imzam var, o da filial müdüri Yusif Ələkbərov olmayıb deyə imza çəkmişəm”.
Proses nahardan sonra davam edib.
Qeyd edək ki, C. Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham edilib.
(lent.az)