Azərbaycan Afrinə sülhməramlı göndərə bilər - Şərh

Azərbaycan Afrinə sülhməramlı göndərə bilər - Şərh

 

Türkiyə ordusu Suriyanın Afrin rayonunda PYD/YPG terror təşkilatına qarşı əməliyyatları davam etdirir. Yanvarın 20-dən başlayan əməliyyat nəticəsində artıq 1000-dən çox terrorçu məhv edilib, bir neçə kənd azad edilib. Dünyada bu əməliyyata münasibət birmənalı deyil, bəzi ölkələr Türkiyəni dəstəkləsələr də, qarşı çıxanlar da var.

Ancaq Azərbaycan hər zaman olduğu kimi, bu məsələdə də Türkiyənin haqlı mövqeyini həm rəsmi səviyyədə, həm də ictimai rəy səviyyəsində dəstəkləyir. "Zeytun budağı” əməliyyatının ilk günlərində Azərbaycan paytaxtında yerləşən Türkiyə səfirliyi qarşısında bir sıra ictimai təşkilatlar dəstək aksiyaları keçirib, Türkiyə xalqının yanında olduqlarını bəyan ediblər. Hətta ehtiyac olarsa könüllü olaraq hərbi əməliyyata qoşulmaq istəyənlər də olub.

Bəs bunu reallaşdırmaq necə, mümkündürmü? Söhbət Azərbaycan ordusunun Suriyanın şimalında antiterror və sülhyaratma əməliyyatlarında Türkiyə ordusu ilə birlikdə iştirakından gedir. Məsələ ondadır ki, Azərbaycan ordusu dəfələrlə Türkiyə ordusu ilə birlikdə hərbi təlimlərdə iştirak edib, ordular arasında koordinasiya və əməliyyat uyğunluğu sınaqdan keçirilib. İkinci tərəfdən, Azərbaycan ordusu artıq 20 ildən çoxdur ki, BMT missiyası və beynəlxalq antiterror koalisiyası tərkibində dünyanın bir neçə qaynar nöqtəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələri tərkibində Sülhməramlı ordusu (2001-ci ildən Birləşmə adı alıb - K.R.) 1997-ci ildə yaradılıb. 2001-ci ildə isə sülhməramlı taboru yaradılıb. Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında qeyd olunur ki, "NATO dövlətlərinin qüvvələri ilə qarşılıqlı uzlaşan hərbi əməliyyat qüvvələrinin yaradılması, böhranların aradan qaldırılması məqsədilə müvafiq beynəlxalq təşkilatların mandatı əsasında aparılan sülhməramlı cavab əməliyyatlarında iştirak etmək” Azərbaycan Respublikasının müdafiə siyasətinin əsas istiqamətlərindən hesab olunur.

afrin operasyonu ile ilgili görsel sonucu

Göründüyü kimi, Azərbaycan ordusu yerli qanunvericiliyə əsasən xarici ölkələrdə əməliyyat hüququ var və artıq uzun illərdir bu missiyanı uğurla yerinə yetirir. 1999-cu il oktyabrın 20-də Azərbaycan və Türkiyə arasında Kosovo Türk Taboru qüvvələri tərkibində Kosovoda xidmət etməsi ilə bağlı saziş imzalanıb. Sazişə 1999-cu ilin sentyabrından 2008-ci ilin mart ayınadək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı taqımı 34 nəfər şəxsi heyətlə -32 əsgər, 1 gizir və 1 zabit olmaqla, Kosovoda sülhün yaradılması və dəstəklənməsi üzrə (KFOR) əməliyyatlarda iştirak edib. Azərbaycan taqımı, Türkiyə taborunun (qərargahı Draqaş şəhərində) 4-cü mexanikləşdirilmiş piyada bölüyünün tərkibində Draqaş şəhərində xidmət aparıb. Taqım Brod yaşayış məntəqəsinin 18 kəndində növbə çəkib, bölgənin sabitliyi və təhlükəsizliyinə birbaşa cavabdeh olub.

İraq ABŞ ordusu tərəfindən işğal edildikdən sonra Azərbaycan ordusu bu ölkədə sabitliyin yaradılmasında iştirak edib. BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 2003-cü ildə qəbul edilmiş qərar əsasında Azərbaycan Sülhməramlı bölüyü 2003-cü il avqustun 15-dən 2008-ci il dekabrın 7-nə qədər 151 nəfər şəxsi heyətlə (120 nəfər əsgər, 16 nəfər gizir, 15 nəfər zabit) İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində fəaliyyət göstərib. Hərbçilərimiz İraqın Əl-Həditə şəhəri yaxınlığında ABŞ Dəniz Piyadaları Komandanlığının tərkibində ən böyük su anbarının və çox güclü su elektrik stansiyasının mühafizəsini həyata keçirib.

Əfqanıstanda təhlükəsizliyin dəstəklənməsi ilə bağlı Azərbaycan və Türkiyə arasında 2002-ci il noyabrın 11-də imzalanmış sazişə əsasən Azərbaycan tağımı beynəlxalq missiyalı Türk taborunun tərkibində fəaliyyət göstərməyə başlayıb. Azərbaycan Silahlı Qüvvələrinin 22 nəfərlik sülhməramlı tağımı 2002-ci il noyabr ayının 20-dən Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərməyə başlayıb. 2008-ci il yanvarın 15-dən Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı artırılaraq bölük səviyyəsinə çatdırılıb. 2009-cu il fevralın 19-dan etibarən Azərbaycan Respublikası SQ-nin 90 nəfər sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) əməliyyatlarında Türkiyə taboru tərkibində fəaliyyət göstərir. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini qoruyur və patrul xidmətini həyata keçirirdi.

afrin operasyonu ile ilgili görsel sonucu

Hazırda Azərbaycan sülhməramlıları Əfqanıstan İslam Respublikasında NATO-nun həyata keçirdiyi "Qətiyyətli Dəstək” missiyası çərçivəsində Həmid Kərzai adına Kabul Beynəlxalq Hava Limanının (HİKA) təhlükəsizliyini təmin edir və bu missiyanı uğurla yerinə yetirirlər.

Bəs mütəxəssislər nə deyir? Azərbaycan ordusunun sülhyaratma missiyası olaraq Afrin və Suriyanın şimalındakı terrordan azad edilmiş bölgəyə göndərilə bilərmi? Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan ordusunun bu yöndə artıq 20 illik təcrübəsi var. Dünyanın 3 ən gərgin münaqişə bölgəsində ordumuz sülhyaratma missiyasında iştirak edib. Bu missiyanın ikisində Türkiyə ordusu ilə birlikdə fəaliyyət göstərib. Yəni həm müvafiq hüquqi baza, həm də praktik təcrübə var. Qalır bunu reallaşdırmaq.

Toğrul İsmayıl ile ilgili görsel sonucu

Ankarada yaşayan azərbaycanlı alim, TOBB Universitetinin müəllimi, beynəlxalq məsələlər üzrə mütəxəssis Toğrul İsmayıl deyir ki, hüquqi baxımdan bu məsələdə maneə yoxdur. Ancaq ekspertin fikrincə, bu məsələdə mane olan bir neçə faktor var: "Prinsip etibarı ilə hüquqi baxımdan bunun üçün maneə yoxdur. Əgər Türkiyə dövləti istərsə, Azərbaycan bu kampaniyada iştirak edə, qardaş ölkə kimi dəstəyini verə bilər. Sadəcə, bu məsələ ilə bağlı bir neçə önəmli nüans var. Birincisi, hərbi yardım Türkiyənin hərbi cəhətdən zəif olduğu, kənardan dəstəyə ehtiyac duyması görüntüsünü yarada bilər. Bu isə Türkiyə üçün əlverişsizdir. Çünki Türkiyənin bu əməliyyatı başa çatdırmaq üçün imkanları yetərincədir. Bu cür kənardan yardım istənilməsi dövlətin imicinə zərbə ola bilər. Bu səbəbdən də indi Türkiyə hakimiyyəti kənardan hərbi yardımdan daha çox mənəvi-psixoloji və diplomatik dəstəyə ehtiyac duyur. Azərbaycandakı humanitar, sosial qurumların dəstəyi, təbliğatı daha çox fayda verə bilər. Yəni hərbi dəstəkdən daha çox mənəvi-psixoloji dəstək daha çox önəmlidir. Həm də hərbi əməliyyatda başqa dövlətin ordusunun qatılması əməliyyat çətinliyi yarada bilər”.

Ancaq T.İsmayıl istisna etmir ki, əməliyyatın növbəti mərhələsində, xüsusən də azad edilmiş bölgələrdə sülhü qorumaq üçün beynəlxalq missiya qurularsa, Azərbaycan Türkiyənin ən yaxın dostu və müttəfiq ölkə olaraq bu prosesdə iştirak edə bilər. Ancaq bunun üçün ilk növbədə əməliyyatın birinci mərhələsinin yekunlaşması və eyni zamanda beynəlxalq səviyyədə Suriyada sülhü qoruma missiyasının yaradılması haqda qərarın verilməsi lazımdır.

Azərbaycan ordusunun birbaşa Türkiyə ordusu ilə birgə əməliyyata qatılmasına gəlincə, T.İsmayıl bunun daha çox siyasi vəziyyətə və dövlət rəhbərlərinin qəbul edəcəyi qərarlara bağlı olacağını düşünür.

Qeyd edək ki, söhbət etdiyimiz digər hərbi və beynəlxalq siyasət üzrə ekspertlər deyir ki, hazırkı şərtlərdə bu layihənin baş tutması üçün bir sıra maneələr var. O cümlədən regional amillər, beynəlxalq aləmdəki vəziyyət, münaqişə bölgəsində maraqlı güclərin reaksiyası da daxil olmaqla, bir sıra "yan təsirlər” nəzərə alınmalıdır. Ancaq Ankaranın bu əməliyyatı beynəlxalq antiterror fəaliyyəti kimi tanıdacağı təqdirdə Azərbaycanın bu prosesə qatılması, Türkiyə ordusu ilə birlikdə Suriyanın şimalında atəşkəsə nəzarət bölgəsində xidmət etməsi mümkündür. Çünki Astana anlaşması da Türkiyənin Suriyanın şimalında sülhyaratma missiyası həyata keçirməsinə əsas verir. Digər tərəfdən, Afrin və daha əvvəl azad edilmiş Azez-Cerablus xəttində sülhü mühafizə, qaçqınların terrordan qorunması üçün müttəfiq ölkələrin Türkiyəyə hərbi yardım etməsi hüquqi baxımdan mümkündür. Sadəcə, bunun müvafiq mexanizmi hazırlanmalıdır./Musavat.com/



Oxşar Xəbərlər

Xəbər lenti