Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
"Əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, yeni iş yerləri açmaq, ölkədə müasir texnologiyalı müəssisələrin yaradılmasına nail olmaqdır”.
Bunu fevralın 18-də Sumqayıtda "SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev müəssisənin kollektivi ilə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib: "Mən çox şadam ki, bu zavodda işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Mən sizi ürəkdən salamlayıram və zavodun açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bir neçə il bundan əvvəl bu zavodun təməli qoyuldu. O vaxt burada heç nə yox idi. Vaxtilə burada fəaliyyət göstərmiş müəssisələr sıradan çıxmışdı və yarıdağılmış vəziyyətdə idi. Dövlət tərəfindən bu ərazi nəzarətə götürüldü, böyük təmizlik işləri aparıldı. Ümumiyyətlə, Sumqayıt Kimya Sənaye Parkının ərazisi 500 hektardan çoxdur və bu ərazidə bütün kommunikasiyalar, infrastruktur layihələri icra edildi ki, burada müasir sənaye mərkəzi yaradılsın. Biz buna nail ola bilmişik”.
İlham Əliyev bildirib ki, bu gün Sumqayıt Kimya Sənaye Parkında bir çox müəssisələr fəaliyyət göstərir və onların arasında "SOCAR Polymer”in əlbəttə ki, xüsusi yeri var: "Keçən il polipropilen zavodunun açılışı rəsmi qaydada qeyd olundu. Bu gün isə biz yüksək sıxlıqlı polietilen zavodunun açılışını qeyd edirik. Beləliklə, "SOCAR Polymer” tam gücü ilə işə başlayır. Bu, çox əlamətdar hadisədir. Bu, ölkəmizin inkişafını göstərir. Bu, ölkəmizə xarici maliyyə qurumları tərəfindən inamın təzahürüdür. Çünki bildiyiniz kimi, bu zavodun tikintisində xarici banklar fəal iştirak ediblər. Bu, bütövlükdə ölkəmizdə gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir.
Siz – burada çalışan gənclər yaxşı bilirsiniz ki, zavodun istehsal gücü 300 min ton olacaqdır. Bu, bizim qeyri-neft ixracımızın 15 faizinin artımı deməkdir. Bizim əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, ölkə iqtisadiyyatını şaxələndirmək, yeni iş yerləri açmaq və Azərbaycanda müasir texnologiyalı müəssisələrin yaradılmasına nail olmaqdır. Bununla paralel olaraq, belə böyük, texnoloji cəhətdən müasir zavodların fəaliyyəti gənclərin hazırlanmasına da xidmət göstərir. Siz gənclər təlim keçmisiniz, orta əməkhaqqı çox yüksəkdir. Siz buna layiqsiniz. Siz müasir sənaye müəssisəsində çalışacaqsınız və bu müəssisənin fəaliyyəti ölkəmizi gücləndirəcək”.
Prezident vurğulayıb ki, yeni iş yerlərinin yaradılması prosesi burada təmin olunur, təxminən 500-dən çox yeni iş yeri açılır: "Bu yaxınlarda karbamid zavodunun açılışında iştirak edərkən məlumat verildi ki, orada da 500-dən çox iş yeri yaradılır. Yəni, bu iki mühüm müəssisənin əhəmiyyəti çox böyükdür. İlk növbədə, bu iki müəssisəyə 1,6 milyard dollar sərmayə qoyulub. Çox böyük rəqəmdir. Özü də nəzərə alsaq ki, bu sərmayə qeyri-neft sektoruna qoyulur. Digər tərəfdən, burada istehsal olunan məhsullar ixracyönümlüdür və ölkəmizə valyuta gələcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, hazır məhsuldan valyuta qazanacağıq”.
Dövlət başçısı deyib ki, burada müasir texnologiyalar tətbiq olunur və Azərbaycanın texnoloji inkişafına bunun müsbət təsiri var. Mindən çox iş yeri, gənclər üçün gözəl imkanlar yaradılır:
"Yəni, bir sözlə, belə böyük layihələrin icrasının çox böyük mənası, çoxşaxəli təsiri var və bir daha onu göstərir ki, Azərbaycan düzgün yoldadır. Biz bu layihələrə start verəndə, əlbəttə, təxmin edirdik ki, bu, çox gözəl nəticələrə gətirib çıxaracaq. Bu gün biz bunu əyani şəkildə müşahidə edirik. Bundan sonra da Azərbaycanın sənaye potensialı inkişaf edəcək. Sənayeləşmə öz gözəl nəticələrini verir. Keçən il qeyri-neft sektorunda sənaye istehsalı 9 faizdən çox artmışdır, bu ilin birinci ayında isə 14 faizə yaxın artmışdır, o cümlədən bu zavodların fəaliyyətə başlaması nəticəsində. Əlbəttə ki, bundan sonra da qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir zavodların, fabriklərin yaradılması prioritet olaraq qalacaqdır. Əminəm ki, belə müəssisələr gələcəkdə bizim sənaye imkanımızı böyük dərəcədə artıracaqdır və ölkəmiz davamlı olaraq inkişaf yolu ilə gedəcəkdir”.
Azərbaycan Prezidenti əlavə edib ki, bu zavodun fəaliyyətə başlaması Sumqayıt şəhərinin ümumi inkişafına da böyük töhfədir:
"Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Son illərdə Sumqayıtda bir çox müasir müəssisələr yaradılıb. Bu il Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin açılışı nəzərdə tutulur. Sumqayıtın həm sənaye, həm iqtisadi, sosial inkişafı daim diqqət mərkəzindədir. Sumqayıt bu gün yüksək ekoloji standartlara cavab verən şəhərlərdən biridir. Biz bu sahəyə də çox böyük önəm verirdik. Çünki bilirsiniz ki, sovet vaxtında Sumqayıtda ekoloji vəziyyət o qədər də ürəkaçan deyildi. Sovet məkanında Sumqayıt bu baxımdan geridə qalmış şəhərlərdən biri idi. Bu da təbii idi, çünki o vaxt müasir təmizləyici qurğular mövcud deyildi və burada böyük kimya mərkəzi yaradılmışdı. Bu gün isə Sumqayıtın gözəl havası, ictimai yerləri var, istirahət üçün parklar yaradılıb, vaxtilə salınmış parklar abadlaşdırılıb, Sumqayıt bulvarı yaradılıb, özü də qısa müddət ərzində. Bu da çox gözəl hadisədir. Yəni, şəhərin ümumi inkişafı ilə bağlı çox böyük tədbirlər görülür, infrastruktur layihələri icra edilir. Bu yaxınlarda 2 saylı şəhər xəstəxanasının təmiri ilə bağlı müvafiq Sərəncam verilmişdir. Bu xəstəxanada təxminən 200-ə yaxın çarpayı var. Ondan əvvəl biz 1 saylı xəstəxananın təmirini təmin etdik. Qazlaşdırmanın səviyyəsi təxminən 100 faizdir. Yəni, bir sözlə, belə zavodların fəaliyyətə başlaması şəhərin inkişafına da təkan verir”.
İlham Əliyev bildirib ki, bu gün nəinki Sumqayıtın tarixində, ölkəmizin tarixində çox əlamətdar bir gündür:"Çünki hər bir ölkə belə gözəl müəssisələrlə fəxr edə bilər. Xüsusilə nəzərə alsaq ki, bu müəssisələrdə işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Yəni, Azərbaycanın gənc nəsli müasir Azərbaycana xidmət edir. Sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Sizə uğurlar arzulayıram. Sağ olun”.