Naxçıvan polemikaları iki dostu üz-üzəmi qoydu? - Əliməmməd Nuriyevdən sürpriz açıqlamalar

Naxçıvan polemikaları iki dostu üz-üzəmi qoydu? - Əliməmməd Nuriyevdən sürpriz açıqlamalar

 

Ölkədə maraqlı hadisələr yaşanır.

 

BAXCP sədri Qüdrət Həsənquliyev Naxçıvandakı problemləri dilə gətirdikdən sonra muxtar respublika ilə o qədər də əlaqəsi olmayan bəzi siyasi xadimlər də polemikalara qoşulub.

Bizim üçün ən sürpriz olan belə şəxslərdən biri isə "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin rəsmi informasiya vasitələrinə veridyi açıqlamalar oldu. Nədən ki, Əliməmməd Nuriyev uzun illərdən bəri deputat Qüdrət Həsənquliyevin yaxın dostu kimi tanınırdı. Siyasi müzakirələrin gücləndiyi belə kritik məqamda köhnə dost isə tamamilə başqa mövqedən çıxış edib.

AzərTAC-ın bugünkü məlumatını təqdim edirik:

Muxtar respublikanın Ordubad rayonunun Azadkənd kəndində su təchizatı sisteminin inşası layihəsi kənd əhalisini içməli su ilə təmin etmək məqsədi daşıyır. Layihə Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşdırılır və bu layihənin uğurlu icrası üçün bizə hərtərəfli dəstək göstərilir. İnanıram ki, qısa müddətdə bu layihəni başa çatdıra biləcəyik.

 

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.

 

Əliməmməd Nuriyev vurğulayıb ki, biz muxtar respublikada həyata keçiriləcək yeni bir layihənin də üzərində işləyirik. Artıq Yaponiya səfirliyi yeni layihəyə müsbət münasibətini bildirib. Ümidvaram ki, gələcəkdə də bu sosial layihələr uğurla davam etdiriləcək.

 

"Naxçıvanda böyük infrastruktur quruculuğunun həyata keçirildiyinin şahidi olduq. Təkcə paytaxt Naxçıvan şəhərində deyil, rayon və kəndlərdə də böyük abadlıq və quruculuq işləri görülüb. Muxtar respublikanın bütün yaşayış məntəqələri qazlaşdırılıb, məktəb binaları yenilənib, yaşayış məntəqələrində tibb ocaqları yaradılıb, yol infrastrukturu müasir səviyyədə yenidən qurulub, yaşıllıqlar salınıb”, – deyən Əliməmməd Nuriyev vurğulayıb ki, Azərbaycanda yaşıllıqların orta göstəricisi 11 faiz olsa da, bu rəqəmin Naxçıvanda 20 faizə çatması sevindirici haldır. Halbuki, 1994-cü ildə Naxçıvanda demək olar ki, ağac yox idi, hamısı kəsilmişdi. Amma bu gün biz tamam başqa bir mənzərənin şahidi oluruq.

 

Əliməmməd Nuriyev bildirib ki, Naxçıvan blokada şəraitində yaşamasına baxmayaraq inkişaf edir.

Qeyd edək ki, bir müddət əvvəl Qüdrət Həsənquliyev qəzetimizə müsahibə verərək, Naxçıvanın ağır durumundan danışmış və muxtar respublika kəndlərinin müharibədən çıxmışa oxşadığını irəli sürmüşdü. Əliməmməd Nuriyevin son açıqlamaları isə deputata cavab təəssüratı bağışlayır.



Oxşar Xəbərlər

Xəbər lenti