8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qüdrət Həsənquliyev üçüncü dəfə prezident seçkilərində nə qədər səs yığacaq?
Mətbuatda yayılan məlumata görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev növbədənkənar prezident seçkilərində iştirak etmək niyyətindədir. Bunun üçün artıq Q. Həsənquliyevin prezidentliyə namizədliyi ilə bağlı sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib. Əgər BAXCP-nin sədri, deputat Qüdrət Həsənquliyev prezidentliyə namizəd kimi qeydə alınmaq üçün tələb olunan minimum 40 min imzanı yığıb Məzahir Pənahovun rəhbərlik etdiyi Mərkəzi Seçki Komissiaysına təqdim etsə, üçüncü dəfə prezident seçkilərində iştirak etmək hüququ qazanacaq.
MSK-nın 2008-ci ildə keçirilən prezident seçkiləri ilə bağlı yekun protokoluna görə, deputat Qüdrət Həsənquliyevə cəmi səksən üç min otuz yeddi seçici səs verib ki, bu da seçkidə iştirak edənlərin cəmi 2.28 faizinin səsi deməkdir. Çox maraqlıdır ki, 2013-cu ildə Qüdrət Həsənquliyev cəmi yetmiş üç min yeddi yüz iki seçicinin səsini alıb. Yəni, 2013-cü ildə deputatı prezident kimi görmək istəyənlərin sayı 2008-ci ilə nisbətən doqquz min üç yüz otuz beş nəfər az olub. Beş il ərzində seçici etimadınıartırmaq əvəzinə, itirən bir şəxsin yenidən prezident seçkilərinə qatılmaq istəyini anlamaq çox çətindir. Görünür prezident seçkilərində iştirak etmək deputatın xobbisinə çevrilib. Bunun başqa izahını vermək çox çətindir. Qeyd edək ki, ölkədə beş min üç yüz əlli doqquz seçki məntəqəsi var. Qüdrət Həsənquliyevin 2013-cü ildə aldığı səsi məntəqələrin ümumi sayına böləndə məlum olur ki, hər məntəqədə təxminən 14 seçicinin səsini qazanıb. Buraya onu da əlavə etsək ki,Qüdrət Həsənquliyev deputat və partiya sədridir, deməli ona səs verənlərin əhəmiyyətli hissəsi rəhbərlik etdiyi partiyanın üzvüləri, onların yaxınları və deputatın təmsil etdiyi seçki dairəsinin ərazisində yaşayan seçiciləri olmalıdr. Bu isə deputatın prezidentliyə namizəd kimi xalqdan heç bir dəstək almadığı anlamına gəlir. Belə halda isə onun yenidən prezident seçkisinə qatılması həqiqətən təəccüblüdür.
Prezidentliyə namizəd olmaqdan yorulmayan deputat Qüdrət Həsənquliyev zaman-zaman qəribə açıqlamaları ilə də diqqəti cəlb edir. Məsələn, Milli Məclisin iclaslarından birində deputat Qüdrət Həsənquliyev maraqlı təkliflə çıxış edərək yaltaqlığı qadağan edən hansısa qanun qəbul edilməsini təklif etmişdi. Deputat bu zaman Özbəkistan nümunəsindən çıxış etmiş, orada yaltaqlığa "dövlət səviyyəsində qadağa qoyulduğunu” əsas götürərək Azərbaycanda da yaltaqlığı qadağan edən qanun qəbul edilməsini təklif etmişdi. Qeyd edək ki, Öbəkistanda hakimiyyət dəyişikliyindən sonra rəsmiləri mədh edən mahnılar qadağan olunub. Qüdrət Həsənquliyev isə deputat və məmurların yaltaqlıq etmələrinin qarşısını alan qanun qəbul etməyi təklif edirdi. O zaman Qüdrət Həsənquliyevin bu təklifi Rusiya mətbuatında Azərbaycanla bağlı kinayəli, istehzalı şərhlərin yazılmasına səbəb olmuşdu. Yəni, deputat bu təklifi ilə ölkəmizi Rusiya jurnalistlərinin gülüş hədəfinə çevirmişdi.
Ümumiyyətlə, Qüdrət Həsənquliyevin belə açıqlamaları zaman-zaman olur. Məsələn, deputat müsahibələrinin birində Azərbaycan Ordusunun uğurlu aprel döyüşlərini Rusiya faktoruna görə dayandırdığını bəyan etmiş və bununla torpaqların azad edilməsi ilə bağlı prezidentin siyasi iradəsinin yetərli olmaması haqqında radikal müxalifətin tezisini gücləndirmişdi.
Başqa bir müsahibəsində isə deputat bəyan etmişdi ki, Rusiya ilə açıq danışıqlara gedib, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Avrasiya İqtisadi İttifaqına daxil olmalıyıq. Deputat hesab edir ki, Rusiyanın xeyir-duasını almadan işğal altındakı torpaqlarımızı azad etmək üçün müharibə etməyimiz təhlükəli ola bilər. Bu təhlükənin qarşısını almaq üçün isə Rusiyanın xeyir-duasını almağı təklif edir. Bunu siyasətdən, azacıq tarixi bilgilərdən məhrum bir şəxs söyləsə, bunu onun diletatntlığına bağışlamaq olar. Ancaq, Bakı Dövlət Universitetinin hüquq fakultəsinin məzunu, siyasi partiya sədri və deputatın belə bir fikir səsləndirməsi çox təəccüblüdür.
Zaman-zaman belə təklifləri ilə gündəmə gələn deputat Qüdrət Həsənquliyevin bu seçkilərdə iştirakına icazə veriləcəyi tərzdə yeni təkliflərlə diqqətləri öz üzərinə çəkəcəyini proqnozlaşdırmaq olar. Deputatın seçki kompaniyasını yaxından izləməyə və bu zaman imzaları haradan, necə yığmasına aydınlıq gətirməyə çalışacağıq. Bütün bu iradlara yanaşı qanunla seçki iştirak etməsinə icazə verilən hər bir şəxs kimi Qüdrət Həsənquliyevin də növbədənkənar prezident seçkilərində iştirakına da hörmətlə yanaşırıq.
Qüdrət Həsənquliyevlə yanaşı prezidentliyə namizədliyini irəli sürüən digər şəxslərin də seçkilərə qatılmaq səbəbləri, nəyə ümid edə biləcəkləri haqqında yazmağa çalışacağıq. Çünki, onların bəziləri də artıq neçənci dəfədir ki heç bir uğur əldə etmədikləri təkrar-təkrar seçkiyə qatılırlar. Bununla onların prezident seçkilərini ictimai rəydə necə zədələdiklərinin fərqində olmadıqları da göz önündədir.
A. NƏBİYEV,
”Yeni Sözçü” qəzeti