İraq baş nazirindən gözlənilməz fərman:KÖNÜLLÜLƏR HAMILIQLA HÖKUMƏTİN NƏZARƏTİNƏ KEÇƏCƏKMİ?

İraq baş nazirindən gözlənilməz fərman:KÖNÜLLÜLƏR HAMILIQLA HÖKUMƏTİN NƏZARƏTİNƏ KEÇƏCƏKMİ?

 

Əli Məmuri

"Əl-Monitor”, 02.07.2019

 

İraq baş naziri Adil Əbdülmehdi iyulun 1-də Xalq Səfərbərlik Birləşmələrinin (XSB – "Həşdi Şəabi”) dövlət təhlükəsizlik qüvvələrinə tam şəkildə inteqrasiyasını nəzərdə tutan fərman imzalayıb.

Fərmana əsasən, XSB daxilində olan bütün hərbi qruplar siyasi və hərbi mənsubiyyətlərindən imtina etməli və Silahlı Qüvvələrin baş komandanı kimi baş nazirin tam nəzarəti altında olmalıdırlar.

Sabiq baş nazir Heydər İbadi 2018-ci ilin mayında bənzər bir fərman imzalayıb, ancaq o, sonadək həyata keçirilməyib, çünki XSB-da bəzi fraksiya hələ də siyasi partiyalarla əlaqəsini saxlayır və İranın təsirinə məruz qalır. ABŞ-İran gərginliyi artdıqdan sonra XSB-in "Hərəkat Hizbullah əl-Nücəba” qrupu ABŞ-ın İraqdakı maraqlarını hədəfə alıb. "Exxon Mobil”-ın fəaliyyət göstərdiyi İraqın cənubunda bir neçə ABŞ obyektinə raket hücumu həyata keçirilib.

Əbdülmehdinin fərmanına görə, bütün XSB qrupları köhnə adlarından imtina etməli və İraq ordusunun qaydalarına uyğun olaraq, yeni adlar almalıdır. Fərman siyasi partiyalar və parlament bloklarının XSB fraksiyaları ilə əlaqəsini qadağan edir. Sənəd həmin fraksiyaları siyasi və paramilitar fəaliyyəti arasında seçim etmək və ya dövlətin təhlükəsizlik qüvvələrində qalmağı tələb edir. Onlar siyasətlə məşğul olmağa davam etsələr, silah gəzdirməyə icazə verilmir. Həm də bütün qərargahlar, iqtisadi ofislər və keçid məntəqələri bağlanılacaq.

Fərmanda deyilir: "İctimai mənafeyə və Konstitusiya ilə bizə verilmiş səlahiyyətlərə əsasən… bütün Səfərbərlik Birləşmələri silahlı qüvvələrin bölünməz bir hissəsi kimi fəaliyyət göstərməlidir və eyni qaydalara tabedir”. Əks halda, onlar fərari qaçqın hesab olunacaqlar.

Ali şiə avtoriteti Ayətullah Əli Sistani də XSB fəallarının dövlətə tabeçiliyini tələb edib. Sistani və onun nümayəndələri, əslində, dövlətdən ayrı müstəqil hərbi qüvvələrin mövcudluğuna qarşı olduğunu göstərən ifadələrində "Həşdi Şəabi”nin adını çəkməyiblər.

Tanınmış şiə din xadimi Müqtəda Sədr də fərmanı dəstəkləyib və ona əməl edəcəyini açıqlayıb. 2003-cü ildə ABŞ-ın İraqı işğal etməsindən sonra Sədr milis quran ilk şəxslərdən biri idi və ABŞ qüvvələri ilə mübarizə aparmaq üçün İrandan hərbi-maliyyə dəstəyi alıb. Son bir neçə ildə o, Tehranın nüfuzuna qarşı çıxaraq millətçi mövqe tutub.

Sədr deyib ki, "baş nazirin XSB-yə dair fərmanı mühüm bir məsələdir və güclü bir dövlət qurmaq üçün doğru addımdır”.

O, özünün hərbi fraksiyasını – "Saraya əl-Salam”a dövlətə tabe olmağı əmr edib.

Buna baxmayaraq, "Nücəba” və "Əsaib” kimi İran dəstəkli milislərin fərmana uyğun hərəkət edəcəyi şübhəlidir.

"Əsaib Əhli Haqq”ın rəhbəri Qeys əl-Xəzali də Əbdülmehdinin fərmanını alqışlayıb. "Baş nazirin son qərarı silahlı qüvvələrin peşəkar və sabit bir hissəsi olmaq üçün doğru istiqamətdə atılmış addımdır və bunu aradan qaldırmaq və ya birləşdirmək üçün bütün cəhdləri dayandırır”, – deyə o, "Twitter”-də yazıb.

Xəzalinin bəyanatı İraqın təhlükəsizlik qüvvələri ilə vahid bir qüvvə kimi birləşməyə hazır olmadığını, lakin hökumət nəzarəti altında paralel bir qüvvə olaraq qalacağını nəzərdə tutur.

"Bədr” parlament blokunun rəhbəri Həsən əl-Kaabi deyib: "Bütün XSB qrupları artıq silahlı qüvvələrin baş komandanının nəzarəti altındadır”.

İranın dini lideri Əli Xamnəi tez-tez İraq hökumətindən XSB-ni İraq ordusuna inteqrasiya etməməsini tələb edib.

Paralel güc olaraq, XSB fraksiyaları ordudan ayrı fəaliyyət göstərə bilər, amma bu, İraq üçün Birləşmiş Ştatlar və ya bölgə dövlətləri ilə problem yaradar.

İyunun 28-də dərc edilmiş bir "Wall Street Journal” məlumatına görə, ABŞ səlahiyyətliləri Səudiyyə Ərəbistanının neft borularına dron hücumlarının Yəməndən deyil, İraqdakı İran dəstəkli milislərdən gəldiyi qənaətindədir.

ABŞ dövlət katibi Mayk Pompeo iyunun 14-də Əbdülmhdi ilə telefonla danışıb, İraqın suverenliyinə zidd olan İran dəstəkli milislərdən gələn təhdidlərə qarşı səylərə görə ona təşəkkür edib. Pompeo may ayında Bağdada sürpriz səfər reallaşdırıb. İraqlı səlahiyyətlilərə İran dəstəkli milisləri ram etməyi, hücuma məruz qaldıqda ABŞ-ın güc tətbiq edəcəyini söyləyib.

Əbdülmehdinin fərmanı İraqın İran və ABŞ arasında döyüş meydanına çevrilməsinin qarşısını almaq üçün əhəmiyyətli bir addım olsa da, iranpərəst milislərin bu fərmana riayət edəcəyinə dair heç bir zəmanət yoxdur.

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti