8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Novruzəli Orucovun vəzifədə olduğu dönəmdə öz rəisi Arzu Rəhimov barədə kompramatları mətbuata ötürdüyü iddia olunur
Oğlunun həbsi ilə bağlı mediadan narazılıq edən Novruzəli Orucov vəzifə başında bir çox KİV-ləri himayə edirmiş
Ötən həftə prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun həbsi ölkə gündəmində geniş müzakirələrə səbəb olmuşdu.
Xatırladaq ki, generalın oğlunun döydüyü sürücü "Xaliq Faiqoğlu” şirkətinə məxsus avtobusu idarə edib. Son günlər isə bir sıra mətbuat orqanlarında məhz Rüstəm Orucovun həbsinin arxasında "Xaliq Faiqoğlu” MMC-nin iştirak etdiyi vurğulanır və şirkətlə bağlı ittihamlar səsləndirilir.
Lakin Novruzəli Orucov "Qafqazinfo” ilə əlaqə saxlayaraq oğlunun "Xaliq Faiqoğlu” şirkəti tərəfindən tutdurulması haqqında yazılanları cəfəngiyyat adlandırıb. O qeyd edib ki, "Xaliq Faiqoğlu” şirkətinin rəhbərliyini bu günə kimi tanımayıb: "Şirkətlə heç bir əlaqəm olmayıb. Hadisə şirkətin sürücüsünün başına gəlib. Olay bu şirkətin yox, digər bir şirkətin də sürücüsü ilə də yaşana bilərdi. Çox təəssüflər olsun ki, bu hadisə oldu. Şirkətlə bağlı heç bir şikayətim yoxdur. Jurnalistlər yazırlar ki, guya ki, Faiq müəllim oğlumu tutdurub. Bunlar hamısı boş söhbətlərdir.
Yazırlar ki, oğlumun həbsindən sonra sürücüyə zəng edib onu şantaj etmişəm. Əksinə, ona heç bir iradım yoxdur. Nə sürücünün, nə də şirkətin bizə qarşı şikayəti var".
Sabiq rəis müavini oğlu ilə görüşmədiyini qeyd edib:
"Oğlum həbs ediləndən sonra onunla görüşməmişəm. Əsasən vəkili və qardaşı görüşür. Qanuna uyğun olaraq görüş keçirilir. İstintaq gedir və yəqin ki, cəzasını alacaq".
Orucov ailəsi haqda səsləndirilən fikirlərə sərt münasibət bildirib: "Bütün saytlar mənim və ailəm haqqımda təhqir dolu yazılar yayımlayır. İllərlə bu dövlətə qulluq etmişəm. Yazıların altında biabırçı söyüşlər yazırlar. Ayıbdır. Sizin vasitənizlə müraciət edirəm ki, o təhqirləri yığışdırsınlar. Bu hər bir adamın başına gələ bilər. Əks halda, mən məhkəməyə müraciət etməli olacam".
General hazırda nə işlə məşğul olduğunu da açıqlayıb: "Mən heç nəylə maraqlanmıram. Sərəncam verildiyi gündən də evdə oturub nəvələrimlə oynayıram".
Bu gün Novruzəli Orucovun mətbuatdan gileylənməsi təkcə oğlunun əməlləri və özünün vəzifədən azad olunması haqda yazılan məqalələrlə bağlı deyil. Məlumata əsasən, əslində N.Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsində çalışdığı dövrdə himayə etdiyi və maddi dəstək göstərdiyi KİV-lərin hazırda onun müdafiəsindən üz döndərməsindən gileylidir. Bu haqda redaksiyamızı bilgiləndirən mənbə deyir ki, Novruzəli Orucov vəzifədə olduğu dönəmdə öz ətrafında geniş bir media şəbəkəsi qurubmuş. Hətta generalın bu KİV-lərdən istifadə edərək hakimiyyətdəki bir sıra rəqiblərinə qarşı zaman-zaman cəbhə açdığı haqda informasiyalar da var. Ən maraqlısı isə odur ki, N.Orucovun himayə etdiyi media şəbəkəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovun əleyhinə də məqalələr yazdırdığı iddia olunur. Deyilənə görə, A.Rəhimov barəsində mətbuata bir sıra kompramatların ötürülməsi heç də onu yazan jurnalistlərin araşdırması nəticəsində ortaya çıxımayıb, əksinə, həmin məlumatlar məhz xidmət rəisinə yaxın şəxslər tərəfindən ötürülüb. Burada isə N.Orucovun da xüsusi rolunun olduğu iddia edilir...
KƏNAN
P.S. Qeyd edək ki, keçmiş rəisi Arzu Rəhimovun əleyhinə olan məlumatların KİV-ə sızdırılmasında Novruzəli Orucovun əlinin olduğu haqda informasiyalara münasibətini öyrənmək üçün dünən gün ərzində onunla əlaqə saxlamağa çalışsaq da, bu cəhdimiz alınmadı. Odur ki, növbəti sayımızda bu haqda ətraflı məlumat verməyə çalışacağıq.