8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sabunçudan cəbhə bölgəsinə niyə ancaq kasıbların uşaqları əsgər göndərilir?
Sovet idarəçilik sisteminin ən bərbad strukturlarından olan Hərbi Komissarlıqlar ləğv edilib, əvəzində Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti yaradılanda yeni yaranan qurumun fərqli fəaliyyət göstərəcəyinə böyük ümid vardı. Ədalət naminə demək olar ki, ilk zamanlar Xidmətin fəaliyyəti Komissarlığın fəaliyyətindən keyfiyyətcə fərqlənirdi. İnsanlarda belə bir inam vardı ki, zamanla digər qüsurlar da aradan qalxacaq. Ancaq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin artıq mövcud olduğu üç il yarımda ilk vaxtlar mövcud olan nailiyyətlərin itirilməsi prosesinin getdiyini söyləmək olar. Ən azından redaksiyamıza Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu şəhər şöbəsinin fəaliyyəti ilə bağlı daxil olan məlumat belə deməyə əsas verir. Məlumata görə, indi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu şəhər şöbəsində keçmiş Hərbi Komissarlığın bədnam ənənəsi tam bərpa olunmaqdadır. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinin rəisi İlqar Əlimirzəyevin tapşırığı ilə imkanlı şəxslər övladlarını hərbi xidmətdən yayındıra, Milli Orduda deyil, digər silahlı birləşmələrdə ən pis halda isə döyüş bölgələrindən daha uzaq bölgələrdə hərbi xidmət keçməsinə nail ola bilirlər.
Ən ciddi problem isə çağırışçıların tibbi müayinədən keçirilməsi ilə bağlıdır. Deyilənlərə görə, Sabunçu rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin tərkibində fəaliyyət göstərən hərbi həkim komissiyasının sədri və üzvləri İlqar Əlimirzəyevlə əlbir olaraq hərbi xidmətdən yayınmaq istəyən gənclərin işini həll edirlər.
Məlumat müəllifi iddia edir ki, bu gün Sabunçu rayonunda vəzifə tutan məmurların heç birinin övladına cəbhə bölgəsində rast gəlmək olmaz. Məlumat müəllifi bütün bunlara görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu şəhər şöbəsinin rəisi İlqar Əlimirzəyevi ittiham edir. Məlumatda qeyd edilir ki, bu gün Daxili Qoşunlar, Sərhəd Qoşunları, Ədliyyə və Fövqəladə Hallar Nazirliyinin Hərbi Hissələrində xidmət üçün bir neçə min manat ödəmək lazım gəlir ki, buna da ancaq imkanlı şəxslərin imkanı çatır. Sıravi, imkansız insanların övladları isə bir qayda olaraq cəbhə bölgəsinə göndərilir. Bunu cəbhə xəttində şəhid olanların hansı təbəqədən olması ilə bağlı məlumatlar da göstərir. Məlumatda o da qeyd edilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu şəhər şöbəsinin rəisi İlqar Əlimirzəyevin fəaliyyəti ilə bağlı Xidmətin rəisi Arzu Rəhimova şikayətlər edilsə də, heç bir tədbir görülmür. Bu isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu şəhər şöbəsinin rəisi İlqar Əlimirzəyevidaha iri vəzifəli məmurların himayə etməsi ilə bağlı şaiyələrə səbəb olub. İlqar Əlimirzəyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinin rəisi təyin edilməsində Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevlə yanaşı Prezident Adminstarsiyasında bir məmurun rol oynadığı da iddialar arasındadır. Bütün bu məlumatlara Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinin rəisi İlqar Əlimirzəyevin mövqeyini öyrəndikdən sonra məlumatda əksini tapan bilgiləri, hərbi xidmətdən yayındırılma, əsasız yerə möhlət hüququ verilməsi və pullu şəxslərin övladlarını istədikləri qoşun növlərində, xidmətlərdə hərbi xidmət keçməsinə nail olmaları ilə bağlı məlumatları araşdırmağa çalışacağıq.
"Yeni Sözçü” qəzeti