8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Fərid Zəkəriyyə
"Washington Post” (ABŞ)
Bəzən məndən ən çox kimdən müsahibə götürmək istədiyimi soruşurlar. Cavab aydındır: Kim Çen Indan. Dünyanın hər yerində Şimali Koreya liderinin dəli, təxribatçı və anlaşılmaz olduğu düşünlür. Amma əminəm ki, o, strateq, ağıllı və tamamilə zehni yerində olan adamdır. Bu müsahibəni götürmək çətin ki, mümkün olsun, odur ki, onu təsəvvürümə gətirmək qərarı verdim.
– Marşal Kim, nə üçün Şimali Koreyaya qarşı siyasi və iqtisadi sanksiyalara məruz qaldığınız halda, nüvə silahı yaratmaq və ya raket sınaqları həyata keçirməyə davam edirsiniz?
– Millətim sağ qalma kimi fundamental məsələ ilə məşğuldur. Rejim həmişəkindən daha çox təhdid edir. Əcdadlarımın işi asan idi. Böyük lider, babam o zamanların iki güclü dövlətinin – Sovet İttifaqı və Çin kimi nəhəng qonşumuzun dəstəyi ilə ölkəni idarə edirdi. Əziz lider, atam Pekindən kömək umurdu. Ancaq bu gün Sovet İttifaqı artıq tarixdir, Çin də Qərb sisteminə inteqrasiya olunur. Bundan başqa, yeganə super güc olan Birləşmiş Ştatlar ölkəmdə rejim dəyişikliyinə can atır. Ancaq biz hələ də sistemimizi və ideologiyamızı qoruyuruq. Necə? Nüvə silahları kontekstində özümüz üçün toxunulmazlıq yaratdıq.
– Çin hələ də sizin üçün ərzaq və yanacaq mənbəyidir. Bu ölkəni müttəfiq hesab etmirsiniz?
– Çin amansız praqmatikdir. Bu ölkə bizi öz mənafeyinə yönəldir. Çin milyonlarla qaçqını olan, yaxud Cənubi Koreyanın daha böyük bir versiyası olan ABŞ-la müttəfiq vahid Koreyanın yaranmasını istəmir. İnanıram ki, Çin artıq bizi müttəfiq kimi qəbul etmir. Çünki bu ölkə BMT Təhlükəsizlik Şurasında bizə qarşı tətbiq olunan sanksiyalara səs verib. Çin prezidenti Si Tszinpin Cənubi Koreya ilə sıx əlaqələri inkişaf etdirir. Si, Şimali Koreya lideri ilə əlaqə qurmadı. Əksinə, hətta Cənubi Koreyanın son iki prezidenti ilə 10 dəfə görüşdü. Çin lideri iki il əvvəl Pekində keçirilən İkinci Dünya müharibəsində qələbənin 70 illiyi ilə əlaqədar böyük tədbirdə Rusiya və Cənubi Koreya prezidentlərinin yanında oturdu. Biz, şimali koreyalılar mərasimlərə və mərasimlərdən gələn siqnallara böyük əhəmiyyət veririk.
– Məhz buna görə də, Çinin və bu ölkə liderinin acığına yolunuzdan dönmürsünüz?
– Şimali Koreya bir küncə dirədilib tələyə salınmayacaq. Biz Çin və ABŞ rəsmilərinin Şimali Koreyada daha çevik bir liderin olmasına ümid etdiyini eşitmişik. Bunun qarşısını almaq üçün lazımi tədbirləri görmüşük və indi də görürük. Hökumətimdə bu, Çinə tanış olan və belə bir çevrilişi həyata keçirə biləcək əmim idi. Təbii davamçım ola biləcək ikinci adam isə qardaşım idi. Onların hər ikisi artıq məhv edilib, digər 100 yüksək səviyyəli məmur kimi.
– Danışıqlar masasına oturmaq istəyirsinizmi? Sanksiyaların aradan qaldırılmasına qarşı nüvə silahlarının ləğv edilməsi fikrini qəbul edirsiniz?
– Bəli və yox. Danışıqlar üçün çox asanlıqla masaya otura bilərik. Ancaq nüvə silahlarımızdan heç bir halda imtina etməyəcəyik. Biz axmaq deyilik. O, bizi diri saxlayan qalxandır. İraqa hücumdan bir il əvvəl ABŞ-ın Şimali Koreyanı "şər oxu"nun bir hissəsi adlandırılmasını, Səddam Hüseynin taleyini unutmamışıq. Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin də nüvə proqramından imtina etməsi barədə razılığa gəldikdən sonra aqibətini xatırlayırıq. İndi İran üçün nə etdiyinizə baxın. Vaşinqton bir saziş imzaladı və İran öhdəliklərə sadiq qalmağı qəbul etdi. Amma hazırda Tramp deyir ki, sazişdən çıxacaq və müqaviləni ləğv edəcək. Bu hadisələri gördükdən sonra biz ABŞ-ın vədlərinə inanacaq qədər səfeh deyilik. İndi nüvə gücümüz var. Bu, müzakirə mövzu ola bilməz. Pxenyan raket sınaqlarını məhdudlaşdırmaq və ya dayandırmaq üçün müzakirəyə hazırdır. Amma bizə möhkəm zəmanət lazımdır. İstədiyimiz pul deyil, təhlükəsizliyimizi təmin etməkdir. Vaşinqton diplomatik zəmanət verməlidir ki, özü ilə birlikdə Çin, Yaponiya da bizə hücum etməyəcək.
– Amerikalılar Şimali Koreyanın tezliklə Birləşmiş Ştatlara hücum edə biləcəyindən narahatdır. Bu barədə nə düşünürsünüz?
– Bu potensiala çatacağıq. Amma nyə ABŞ-a hücum etmək üçün müharibəyə əl atım, axı cavab zərbəsi rejimimi bitirəcək… Həmişə xatırlamalıyıq ki, bütün mübarizəm, səylərimiz və qarşılaşdığımız çətinliklər mənim və rejimimin qorunması üçündür Niyə özümü riskə atmalıyam ki? Mən terrora inanıram, intihara yox.