Bəxtiyar Sadıqov Əli Həsənovu təkzib edir

 


 Hakimiyyət təmsilçilərindən "The Washington Post”-la bağlı iki fərqli mövqe

ABŞ-ın iki nüfuzlu nəşrindən biri olan "Washington Post” qəzetində dərc olunan  "Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır. Digərləri isə zindan” adlı redaksiya məqaləsi Bakının rəsmi dairələrində narazılıqla, bəzi vəzifəli şəxslər tərəfindən isə qəzəblə qarşılandı. Bu məqalə ilə bağlı ilk olaraq Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov münasibət bildirdi. Prezidentin köməkçisi "The Washington Post”-u feyk məlumatlar üzrə ixtisaslaşmış nəşr adlandırdı və mövqeyini də əsaslandırmağa çalışdı.

Prezident köməkçisinə görə, "The Washington Post”Azərbaycana qarşı həmişə qərəzli münasibətilə seçilib və "Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır. Digərləri isə zindan” adlı sifarişli redaksiya məqaləsi ilə bunu bir daha daha aydın şəkildə göstərib: "Dövlətin KİV əməkdaşlarının mənzil-məişət problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərin konkret cinayət əməlinə görə həbs edilmiş şəxslərin işləri ilə əlaqələndirilməsi qərəz və məntiqsizlikdən başqa bir şey deyil. Yalan, faktların təhrif olunması və ya məqsədli şəkildə təqdim edilməsi həmin məqaləyə və ümumiyyətlə, bu nəşrin informasiya siyasətinə xas olan xüsusiyyətlərdir”.

Ə.Həsənov daha sonra "The Washington Post”-u feyk məlumatlar üzrə ixtisaslaşmış nəşr məsələsinə aydınlıq gətirib: "Təsadüfi deyil ki, hətta ABŞ Prezidenti Donald Tramp artıq bir neçə dəfə "Washington Post”u yanlış məlumatlar dərc etməkdə, faktları saxtalaşdırmaqda, müxtəlif siyasi dairələrin maraqlarına xidmət göstərməkdə və "feyk xəbərlər” üzrə ixtisaslaşmaqda ittiham edib. Cənab Tramp öz Twitter hesabında bildirib ki, "Washington Post” qəzeti onun Bəşər Əsədlə mübarizə aparan Suriya üsyançılarına yardım proqramını dayandırması ilə bağlı faktları təhrif edib. ABŞ dövlət başçısının qənaətinə əsasən, feyk xəbərçi nəşr onun haqqında çoxlu sayda yalan tarixçələr quraşdırır və faktiki olaraq müəyyən dairələrin əlində silaha çevrilib. Açıq-aydın görünür ki, "Washington Post” ABŞ-ın müəyyən siyasi və monopolist dairələri tərəfindən dövlət başçılarına, ictimai-siyasi xadimlərə, biznes strukturlarına və hətta ayrı-ayrı dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə olunur və heç bir halda azad media nümunəsi hesab edilə bilməz”.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bu fikirləri Azərbaycan cəmiyyətində müzakirələrə səbəb oldu. İqtidar tərəfdarları cənab Əli Həsənovun fikirlərinin həqiqət olduğunu müdafiə etməyə çalışdıqları, müxalifət isə əks fikirlər səsləndirməyə çalışdığı bir zamanda deputat Bəxtiyar Sadıqovun rəhbərlik etdiyi nəşr tamamilə fərqli fikirlər irəli sürdü. Deputatın rəhbərlik etdiyi "Azərbaycan” qəzetinin 09 sentyabr 2017-ci il tarixli sayında "ABŞ-da Obama dövrünün stereotipləri yaşayır” başlıqlı redaksiya məqəsləsində "The Washington Post” nəşrinin Dövlət Departamentinin rəsmi orqanı kimi qəbul edilməsi ilə bağlı fikir irəli sürüb. Məqalədə deyilir: "Bu qüvvələr hesab edirlər ki, Azərbaycanın öz dövlətçilik, milli maraqları ya ümumiyyətlə olmamalı, ya da onların cızdığı çərçivədən kənara çıxmamalıdır. Bu, tamamilə yanlış düşüncə tərzidir. Azərbaycan artıq əyani şəkildə sübut edib ki, müstəqil dövlət olaraq daxili və xarici siyasətini, beynəlxalq əlaqələrini özü müəyyənləşdirir və bunun üçün hansısa güc mərkəzinin, kənar qüvvənin məsləhətlərinə ehtiyac görmür. Bəlkə buna görə ABŞ-ın bəzi dairələri belə fikirləşirlər ki, Azərbaycan artıq Qərbi və onun dəyərlərini "inkar etmək” yolunu tutub. Buna görə də Dövlət Departamentinin rəsmi orqanı kimi qəbul edilən "The Washington Post” qəzeti başda olmaqla bəzi Qərb KİV-ində Azərbaycanın əleyhinə heç bir tərəfdaşlıq anlayışına sığmayan, adi etika çərçivəsini aşan qondarma materiallar verilir”.

Göründüyü kimi deputat Bəxtiyar Sadıqovun rəhbərlik etdiyi "Azərbaycan” qəzetində dərc edilən redaksiya məqaləsində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun fikirləri təkzib edilir. Belə ki, "Azərbaycan” qəzetinin  09 sentyabr 2017-ci il tarixli sayında dərc olunan "ABŞ-da Obama dövrünün stereotipləri yaşayır” başlıqlı redaksiya məqaləsində isə "The Washington Post” nəşri nə az, nə çox Dövlət Departamentinin rəsmi orqanı kimi qəbul edilməsi ilə bağlı oxucuda rəy yaradır. Bu məqalə oxucuda belə rəy yaradır ki,  "The Washington Post” Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun təqdim etdiyi kimi feyk məlumatlar üzrə ixtisaslaşmış nəşr deyil, nüfuzuna görə ABŞ-ın üçüncü dövlət orqanı hesab edilən Dövlət Departamentinin mətbu orqanıdr. Deməli, Prezident köməkçisinin dediyi kimi "The Washington Post”-un yazdıqlarıAzərbaycana qarşı həmişə qərəzli münasibətilə seçilən Kütləvi İnformasiya Vasitəsinin feyk məlumatı yox, ABŞ Dövlət Depratmentinin rəsmi mövqeydir. Deputat Bəxtiyar Sadıqovun redaktoru olduğu "Azərbaycan” qəzetinin "ABŞ-da Obama dövrünün stereotipləri yaşayır” başlıqlı redaksiya məqaləsində "The Washington Post”-un Dövlət Departamentinin orqanı olması ilə bağlı rəy gücləndirilmək üçün sentyabrın 7-də Dövlət Departamentinin sözçüsü Heather Nauert bəyanatla çıxış edərək hazırda həbsdə olan "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin azadlığa buraxılmasını tələb etməsinə diqqət çəkilir. Bununla da oxucuda belə rəy yaranır ki, "The Washington Post” Dövlət Departamentinin orqanıdır və Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məhz  Dövlət Departamentinə münasibət bildirib.

Onun  "The Washington Post”-u feyk məlumatlar üzrə ixtisaslaşmış nəşr fikiri həqiqətdən uzaqdır.

Milli Məclsiinin mətbu orqanı olan "Azərbaycan” qəzetinin redaksiya məqaləsində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun "The Washington Post”la bağlı mövqeyinin bu şəkildə təkzib olunmasının nədən qaynaqlandığını və ya arxasında hansı niyyətlər durduğunu isə ancaq təxmin etmək olar.

Həmin təxminlərdən biri bundan ibarətdir ki, hakimiyyət daxilində Qərb tərəfdarları ilə Rusiya tərəfdarlarının mübarizəsi kəskinləşib. Rusiya tərəfdarları Qərb mətbuatında səslənən hər bir fikiri Vaşinqton və Bürüsselin rəsmi mövqeyi kimi təqdim etməklə anti-Qərb ovqatı yaratmağa çalışır. Digər təxmin isə ondan ibarətdir ki, xarici təzyqilər artdıqca hakimiyyət daxilində fikir müxtəlifliyi daha çox qabarıq üzə çıxmağa başlayır.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun "The Washington Post”la bağlı mövqeyinin deputat Bəxtiyar Sadıqovun rəhbərlik etdiyi  "Azərbaycan” qəzetinin redaksiya məqaləsində təkzib olunmasının pərdəarxası məqamlarının olduğunu da iddia edənlər var. Belə iddialar var ki, son zamanlar Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun əleyhidarları fəallaşıblar və onlar Azərbaycan iqtidaının ən istedalı və təcrübəli nümayəndələrindən biri olan bu şəxsin istefasına, mümkün olmasa isə mövqeyinin zəifləməsinə nail olmaq istəyirlər. Bu fikirlərin nə dərəcədə həqiqətə uyğun olub-olmadığına isə növbəti saylarımızın birində aydınlıq gətirəcəyik.

Arzuman LOĞMANOĞLU,

"Yeni Sözçü” qəzeti  



Oxşar Xəbərlər

Xəbər lenti