8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Prezident Ilham Əliyev pambıqçılığın inkişafına həsr olunmuş birinci ümumrespublika müşavirəsində bu sahənin sürətlə inkişaf edəcəyinə əminliyini ifadə edərək bildirmişdi ki, pambıqçılıq həm insanlar, həm dövlət üçün böyük gəlir gətirən bir sahədir. Prezidentin göstərişinə uyğun olaraq ölkədə pambıqçılıq genişlənir. Belə ki, əgər 2015-ci ildə 18 min hektarda pambıq əkilmişdisə, 2016-cı ildə bu rəqəm təxminən üç dəfə artaraq 51 min hektara çatdı. Bu il isə 136 min hektarda pambıq əkildiyi haqqında məlumat var. Məlumata görə, 2015-ci ildə 36 min ton, ötən il isə 100 min tona yaxın pambıq yığılıb. Bu il isə bu rəqəmin 300 min tona yaxın olması kimi məqsəd qarşıya qoyulub. Bəs həmin pambığın ixrac edilməsi ilə bağlı vəziyyət necədir?
Dövlət Gömrük Komitəsinin "Xarici iqtisadiyyatın vəziyyəti barədə" arayışına əsasən, 2015-ci ildə 8431 ton pambıq ipliyi ixrac edilib və bundan 14 milyon 390 min dollar gəlir gəlib. 2016-cı ildə 9362 ton pambıq ipliyi 18 milyon 13 min dollara satılıb. Azərbaycan pambıq və pambıq məhsullarını əsasən Rusiya, Türkiyə, İran, Gürcüstan, Malta və Ukraynaya ixrac edib.
Bütün bunlara baxmayaraq fermerlər və digər istehsalçılar pambığın qiymətinin aşağı olmasından şikayət edirlər. Baxmayaraq ki, dövlət başçısının göstərişi ilə pambığın alış qiyməti 41 qəpikdən 50 qəpiyə qaldırılıb, üstəlik dövlət də 10 qəpik subsidiya verir. Yerlərdəki vəziyyətə bələd olanlar bilir ki, gələn il pambıqçılıqla bağlı planlar indiki kimi rəvan olmaya bilər. Çünki, bu il havaların erkən soyuması pambıq yığımına ciddi təsir göstərib. İqtisadçılar isə Azərbaycanın iqlim baxımından pambıqçılıq üçün sərfəli ölkə olmaması ilə bağlı xəbərdarlıqlarını yada salırlar. Həqiqətən də hələ iki il əvvəl bəzi iqtisadçılar Azərbaycanın iqlim baxımından pambıqçılıq üçün əlverişli ölkə olmaması haqqında xəbərdarlıq etmiş, bu sahəyə subsidiya verilməsinin prespektivlərini şübhə altına almışdılar. Iqtisadçilar pambçılığın əvəzinə bağçılıq və bostançılığı inkişaf etdirməyi təklif edirdilər. Qeyd edək ki, bu sahələrin inkişafı həm də ölkəni xammal istehsalçısı olmaqdan da xilas edə bilər. Azərbaycan dünya bazrlarına meyvə və bostan məhsullarını emal şəklində də ixrac edə bilər. Ancaq Azərbaycanın yaxın gələcəkdə tekstil sahəsində uğur qazanması şübhəlidir. Bütün bunlarla yanaşı ölkədə pambıçılıq hələlik genişlənməkdədir. Bundan isə sadə kəndlilər faydalana bilmir. Pambıqçılığın inkişafından indiki halda oliqarxlar faydalanır. Məsələ ondan ibarətdir ki, ölkədəki pambıq zavodları iki-üç oliqarxın nəzarətindədir. Onlar isə nəmlik və zibillik adı altında qəbul etdikləri pambığın bir hissəsini çəkidən çıxırlar. Bu isə yerlərdə ciddi problemə səbəb olur və narazılıq doğurur. Məlumata görə, artıq bununla bağlı Prezident Adminstrasiyasına belə şikayətlər edilib. Məlumatlı şəxsin sözlərinə görə, bundan sonra pambıq zavodları bir qədər güzəştə getsələr də, havaların soyumasından sonra yenə əvvəlki qaydalarını bərpa ediblər.
Ötən saylarımızın birində qeyd etmişdik ki, oliqarxlar əyalətlərdəki istehsal müəssisələri uğrunda rəqabət aparır və əsasən kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan zavodları nəzarətlərinə keçirmək istəyirlər. Oliqarxların nəzarətlərinə almaq istədikləri müəssisələrdən birinin də Ağdamdakı pambıq zavodunun olduğunu qeyd etmişdik. Son məlumata görə, bu zavod Gilan Holdinqə verilib. Ümumiyyətlə ölkənin əksər pambıq zavodları məhz bu Holdinqin nəzarətindədir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsinin biznes imperiyası olan bu Holdinq ölkədə tekstil sahəsində əsas şirkət hesab olunur. 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyətə başlayan Gilan Tekstil Parkı bir neçə müəssisədən, Toxuma fabriki, Boyama fabriki və Tikiş fabrikindən ibarətdir. Doğrudur, Gilan Holdinqin Yevlax Jalə Tekstil adlı müəssisəinin də olması haqqında məlumatlar var. Ancaq bu günə kimi Gilan Tekstilin dünya bazarlarına çıxa bilən məhsulu haqqında hər hansısa məlumata rast gəlinməyib. Bu müəssisələrin əsasən dövlət strukturlarının ehtiyacı üçün geyimlərin istehsalı ilə məşğul olduğu haqqında məlumatlar var. Yəni faktiki olaraq bu müəssisələr dövlət sifarişləri hesabına mövcudluğunu sürdürə bilər. Əks halda onların hamısı bağlana bilər. Əlbəttə, ordu, polis və digər silahlı birləşmələrin ehtiyaclarının yerli müəssisələr tərəfindən təmin olması müsbət haldır. Ancaq əgər burada rəqabət olmasa keyfiyyət aşağı olacaq. Aşağı keyfiyyətli malların alınması isə sonda dövlət büdcəsinə zərər vuracaq. Bu mövzu ayrıbir araşdırma mövzusudur. Hələlik isə ölkədə əsas mövzu pambıqçılığın inkişafı və bunun kimə xeyir verməsidir. Bütün nikbinliklərə baxmayaraq pambıqçılığın dövlətə və xalqa xeyir verdiyini söyləmək mümkün deyil. Belə bir iddianı sübut etmək üçün statistik məlumatlar, sadəcə olaraq yoxdur. Əvəzində oliqarxların artıq bu prosesdən xeyir götürməsi, üstəlik əhalini də narazı salması haqqında çoxsaylı məlumatlar var.
"Yeni Sözçü” qəzeti