Azərbaycanın adı Özbəkistanla eyni “qara siyahı”ya salına bilər

Azərbaycanın adı Özbəkistanla eyni “qara siyahı”ya salına bilər

 


Dövlət başçısının göstərişləri gözdən salınır və hakimiyyətin əleyhinə yönəldilir

Prezident İlham Əliyevin qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişafı haqqında hökumətin qarşısında qoyduğu tələb elə şəkildə yerinə yetirilir ki, dövlət başçısının əleyhinə işləməyə başlayıb. Məsələn, pambıqçılığın inkişafı ilə bağlı dövlət başçının göstərişi ölkəmizin adına ləkə yaxacaq şəkildə həyata keçirilir. Əlbətdə, dünyada gedən proseslərdən, dünya ictimaiyyətinin məcburi əməyin əleyhinə apardığı mübarizədən xəbərsiz məmurlar hərəkətlərinin nəticələri haqqında heç bir fikirə  sahib ola bilməzlər. Buna görə də dünya ictimaiyyətinin məcburi əməklə bağlı mövqeyini göstərəcək bir məqamı burada oxucuların diqqətinə çatdırmaq istərdik. Bəlkə, qəzet, jurnal, kitab oxumayan, internetdən istifadə edə bilməyən məmurlar da bu məlumatı oxuyub, öz əməlləri haqqında dərindən düşünərlər. Beynəlxalq təşkilatlar dəfələrlə Özbəkistan hakimiyyətindən pambıq istehsalında məcburi əməkdən istifadəson qoymağı tələb ediblər, dünyanın nüfuzlu 100-dən çox şirkəti bu ölkədən pambıq almaqdan imtina edib. Bunun nəticəsində, Özbəkistan pambığı bazar qiymətlərindən çox aşağı qiymətə,əsasən vasitəçilərə və Çin şirkətlərinə satır. Özbəkistan pambığını Qərb bazarlarına ixrac etmək isə hələ də arzu olaraq qalır. Özbəkistanda büdcə təşkilatlarının işçilərini məcburi şəkildə pambıq yığımına cəlb edilməsini yerli məmurlar fermerə kömək edəcək işçi qüvvəsi yoxluğu ilə əlaqələndirirlər. Hansı ki Özbəkistanın yerli işçi qüvvəsinin önəmli bir hissəsi muzdlu iş üçün Rusiyadadır. Görünür, Rusiyada ən ağır işlər belə pambıq yığmaqdan gəlirli və az əziyyətli olduğu üçün milyonlarla özbək Rusiyanın şəhər və qəsəbələrinə üz tutur.

İndi Azərbaycan məmurları da Özbəkistan məmurlarının yolu ilə gedirlər. Məsələn, Göyçay səhiyyə işçiləri pambıq yığımına cəlb ediliblər.

İşçilərin çoxuna paltarını dəyişməyə belə imkan verilməyib, maşınlara basıb tarlalara aparıblar. Oxşar hadisə pambıq əkilən əksər rayonlarda, bəzi məlumatlaragörə isə hamısında həyata keçirilib. Zərdab rayonunda isə büdcə təşkilatlarının işçilərindən təcili pambıq yıgımına getmələri, yıgıma getməyənlərin də işdən azad olunacaqları bildirilib. Digərməlumatda deyilirdi ki,  icra hakiminin müavinləri Pərvin və Rəhman adlı şəxslər tarlada işləyənlərin sayını yoxlayıb. İşçilərə də tapşırığın Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev tərəfindən verildiyini deyib. Lütvəli Babayev Özbəkistan məmurlarının təcrübəsinin ölkəmizə heç bir xeyir verməyəcəyindən xəbəri olmaya bilər,ancaq Prezident Adminstrasiyasının belə məsələlərdən xəbərsiz olması inandırıcı deyil. Əlbətdə, Azərbaycanda elə də çox pambıq istehsal olunmur ki, onun ixracı ilə bağlı Özbəkistanın üzləşdiyi problemlə üzləşsin. Azərbaycanın özündə  pambıqemal edəcək fabriklərin mövcud olduğunu nəzərə alanda, Özbəkistanın üzləşdiyi problemlə üzləşmək ehtimalımız yoxdur. Ancaq insanların, xüsusilə də büdcə təşkilatlarının işçilərinin məcburi şəkildə pambıq yığımına cəlb olunması, ölkəmzin əleyhinə olan məsələdir. Həm də bu ölkəmizin imicinə o qədər ziyan vuracaq ki, yığılan pambığı iki qatına satsaq belə  ölkəmizin adına vurulan ziyanın əvəzi olmayacaq.

Büdcə təşkilatlarının məcburi şəkildə pambıq yığımına cəlb edilməsi ilə bağlı daha bir məlumat ondan ibarətdir ki, bu məsələ əsasən yerli icra hakimiyyəti başçılarının göstərişi ilə həyata keçirilir. Əksər hallarda pambıq yığımına cəlb edilən işçilərin çalışdıqları idarələrin tabe olduqları nazirlik, komitə və digər qurumların bundan xəbəri olmur. Məsələn, Meliorasaiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) yerli idarələrinin əməkdaşlarının pambıq yığımına cəlb edilməsindən ASC-i rəhbərliyinin xəbəri olmadığı bildirilir. Samux rayonunda Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli idarəsinin-Samux Suvarma Sistemləri İdarəsinin-kollektivi də məhz icra başçısı Alı Qocayevin əmri əsasında pambıq yığımına cəlb olunması haqqında məlumat yayılıb. Görünür, Alı Qocayev də Lütvəli Babayev kimi bu əməlinin hansı nəticələrə səbəb olacağını bilmir. Çox maraqlıdır ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi hələ də bu məlumata münasibət bildirməyib. Görünür, ASC-i rəhbərliyi indiki məqamda pambıq yığımı ilə bağlı danışmağın ümumiyyətlə pambıqçılıq əleyhinə çıxış kimi qəbul ediləcəyindən ehtiyyat edir.

Büdcə təşkilatlarının məcburi pambıq yığımına cəlb edilməsi ilə bağlı aldığımız başqa bir məlumata görə, rayonlarda pambıq əkini əsasən yerli məmurlar, onların yaxın qohumları tərəfindən əkilib. İndi insanlar da məhz həmin məmurların pambıq sahələrinə pambıq yığmağa göndərilirlər. Bununla bağlı məlumatları araşdırmağa və dəqiqləşdirilmiş məlumatları oxucularımızla bölüşməyə çalışacağıq.

Ancaq istənilən halda məmurlar bu əməllərinə son qoymalıdırlar. Əks halda Azərbaycanın adı daha bir qara siyahıya düşəcək.

"Yeni Sözçü" qəzeti 



Oxşar Xəbərlər

Xəbər lenti