Gömrük Komitəsində Kəmaləddin Heydərov dövrü bitir

Gömrük Komitəsində Kəmaləddin Heydərov dövrü bitir

 


Səfər Mehdiyev gömrük generalları ilə savaşa başlayır

 

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin Hava Nəqliyyatında Baş Gömrük idarəsinin rəisi, gömrük xidməti general-mayoru Sadiq Abduyev və Gömrük Hospitalının, Tibbi Xidmət İdarəsinin rəisi, general-mayor Fikrət Qədiməliyevi tutduqları vəzifələrdən azad etməsi gündəmin əsas mövzusuna çevrildi. Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılarkən rəhbərliyində həyata keçirilmiş bütün dövlət strukturlarında kadr dəyişiklikləri baş verir. Ancaq ən çox diqqət çəkən Dövlət Gömrük Komitəsində iki generalın vəzifələrindən kənarlaşdırılmasıdır.

Gömrük orqanlarında baş verən proseslərə dərindən bələd olan mənbə bildirir ki, Gömrük Komitəsində iki generalın vəzifələrindən kənarlaşdırılmasının bu qədər çox diqqəti cəlb etməsi səbəbsiz deyil. Çünki, vəzifəsindən kənarlaşdırlan hər iki general fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kadrları hesab olunurdu. Hava Nəqliyyatında Baş Gömrük idarəsinin rəisi, gömrük xidməti general-mayoru Sadiq Abduyev isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşının qohumu idi. Dörd il əvvəl prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr və fəxri adlar verilərkən Komitənin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevi "Əməkdar həkim” adına layiq görülmüşdü. İndi göründüyü kimi bütün bu adlar və rütbələr onun karyerasını qoruya bilmədi. Mənbə bu iki generalın vəzifəsindən uzaqlaşdırılmasını Dövlət Gömrük Komitəsində Kəmaləddin Heydərov dövrünün başa çatmasının start siqnalı kimi dəyərləndirir. "Kəmaləddin Heydərov 1995-ci ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin sədri təyin edildiyi Səfər Mehdiyev sədr təyin olunan günə kimi bu dövlət orqanını nəzarətdə saxlayıb. Hətta 2006-ci ilin fevral ayında Kəmaləddin Heydərov fövqalədə hallar naziri təyin edilməsinə, Dövlət Kömrük Komitəsinin rəhbərliyinə Aydın Əliyevin gətirilməsinə baxmayaraq bu orqan "fövqəlnazir”in tam nəzarətində idi. Son iyyirmi üç il ərzində bu qurumda ən xırda məsələ belə Kəmaləddin Heydərovun  iradəsindən kənar baş verə bilməzdi. İndi isə aydın göürünür ki, ölkənin siyasi rəhbərliyi bu vəziyyətə son qoymaq qərarı verib”.

Belə görünür ki, Dövlət Gömrük Komitəsində baş verənlər bu iki generalın vəzifələrindən kənarlaşdırılması ilə bitməyəcək. Vəzifəsindən kənarlaşdırılan iki generalın rəhbərlik etdiyi qurumda hazırda araşdırmalar aparılır. Bunu mətbuata Hava Nəqliyyatında Baş Gömrük idarəsinin sabiq rəisi Sadiq Abduyev də etiraf edib: "Hər hansı müdaxilə olmaması üçün mən və Fikrət Qədiməliyev sərəncama göndərilmişik. Yəqin ki, işimizlə bağlı aparılan araşdırmadan sonra qərar veriləcək”.

Mənbə xatırladır ki, hələ bu təyinatlardan əvvəl Yevlax Gömrük İdarəsinin  rəisi Məhəmməd Qasımov vəzifəsindən azad edilmişdi. Buna səbəb isə hüquq-mühafizə orqanlarından birinin xüsusi arayışı səbəb olmuşdu. O zaman o da məlum olmuşdu ki, yalnız Yevlax Gömrük İdarəsində deyil, bütün gömrük orqanında yoxlamalar aparılır.

Bununla bağlı ı mənbə bildirir ki, Hava Nəqliyyatında Baş Gömrük idarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevdən sonra növbə Bakı baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzova çatacaq. "Gömrük Komitəsində belə şaiyələr yayılıb ki, Vüsal Novruzovun vəzifədən azad edilməsi haqqında artıq əmr hazırdır. Ancaq onun elan olunması qalıb”.

"Yeni Sözçü" qəzetinə daxil olan məlumata görə, vəzifəsindən çıxarılan kadrların istintaqa cəlb olunması da gözlənilir. Eyni zamanda bu proses Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsinə hazırlıq prosesi kimi də qiymətləndirilməlidir. Məlum olduğu kimi Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb. Vergilər Nazirliyindən bu departamentin yaradılması Prezident İlham Əliyevin "Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə yaradılıb. Belə görünür ki, Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti idxal-ixrac əməliyyatlarına tam hakim olana kimi Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsi paralel fəaliyyət göstərəcək. Bu prosesin sonunda isə iki qurum birləşdiriləcək. Mənbə bildirir ki, bu proses ilin sonuna kimi başa çatacaq. Həmin zamana kimi Səfər Mehdiyev də Dövlət Gömrük Komitəsini Kəmaləddin Heydərovun kadrlarından təmizləyəcək. Yaxın günlərdə Komitə sədrinin iki müavini, Əsgər Abdullayev və Nazim Məmmədov da vəzifəsindən kənarlaşdırılacağı iddia olunur. Mənbə qeyd edir ki, Əsgər Abdullayevin qudası Heydər Əsədovun kənd təəsürraftı naziri vəzifəsindən kənarlşadırılmasından sonra Dövlət Gömrük Komitəsi sədrinin müavini də istefa ərəzəsini yazıb. Komitə sədrinin digər müavini Nazim Məmmədov isə Kəmaləddin Heydərova ən yaxın kadr hesab olunur. Nazim Məmmədov Heydərovlar ailəsinin faktiki üzvü hesab olunur. İndi isə Dövlət Gömrük Komitəsində Kəmaləddin Heydərov erası bitir və bu şəxs daha sədr müavini vəzifəsində qala bilməz.

Dövlət Gömrük Komitəsinin 23 illik bir dövrünü əhatə edən Kəmaləddin Heydərov dövrünün bitməsinin daha kimlərin karyerasına son qoyacağı ilə bağlı ən son məlumatları bizi izləməklə əldə edə bilərsiniz.

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti