Deputat Musa Quliyev:"Siyavuş Novruzovun əlində fakt varsa, hüquq-mühafizə orqanlarına təqdim etsin"

Deputat Musa Quliyev:"Siyavuş Novruzovun əlində fakt varsa, hüquq-mühafizə orqanlarına təqdim etsin"

 

Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Musa Quliyev Etikxeber.az-a müsahibə verib.

Sozcu.info həmin müsahibəni təqdim edir:

-Musa müəllim, Siz YAP-ın-partiyanızın İcra katibinin müavini, həmkarınız Siyavuş Novruzov son açıqlaması-sabiq nazirlər haqqında ittihamları ilə bağlı nə demək istərdiniz? Doğrudanmı, sabiqlər, xüsusilə də, YAP üzvü olan eks-nazirlərlə bağlı hakim partiyanın "dosye”si var, doğrudanmı, onlar üzv olduqları təşkilat və komanda üçün ciddi problem törədir və təhlükə mənbəyidirlər, doğrudanmı, onlar radikal adlandırılan müxalifətlə əlbirdirlər?

-Yaxşı olardı ki, bunu Siyavuşun  Novruzovun özündən soruşasınız. Məndə də elə bir dosye-filan yoxdur. Siyavuş Novruzovdan soruşun, mən nə deyim?! Onun dediyi sözlərə mənim, ya başqasının hər hansı bir şərh verməsi də doğru deyil. Hər kəs özü dediyi sözə görə cavab verir, dediyi sözə görə bilir ki, nə deyib və ona uyğun da izahat verir. O, həm də axı konkret bir adamın adını çəkməyib ki, biz də deyək bu adam yaxşı adamdır, ya pis adamdır.

Bununla belə, Siyavuş Novruzovun əlində hər hansı bir məlumat olmasa, o cür bəyanat verməz. Çünki, o, kifayət qədər ciddi vəzifə tutan və özü də ciddi  adamdır. İctimaiyyət üçün maraqlı olduğunu, yaxud, əhəmiyyətini də nəzərə alıb özü açıqlaya bilər, onu biz deyə bilmərik. Siyavuş Novruzov yaxşı olar ki, əlindəki faktları araşdırmaq üçün hüquq-mühafizə orqanlarına təqdim etsin.

– Tez-tez YAP-çılar arasında qarşıdurmalara, onların bir-birinin ünvanına səsləndirdiyi ittihamlara rast gəlirik. Belə olan halda, YAP-da partiyadaxili "müxalifət” və ya gizli müxalif qrup varmı?

– Belə bir məsələ yoxdur və YAP-çılar da bir-birinə qarşı heç bir iddia irəli sürmürlər. Ola bilsin ki, kimsə vaxtilə YAP-ın dəstəyi ilə vəzifdə olub, sonra vəzifədən çıxıb gedib, amma YAP üzvü kimi qalır və hər hansı bir tənqidini irəli sürürsə, biz bunu da normal qəbul edirik. Ancaq bu şərtlə ki, tənqid obyektiv olsun, əsaslı olsun və qərəzli olmasın. YAP kifayət qədər demokratik ab-havası olan bir partiyadır və partiyadaxili tənqidi də, özünütənqidi də qəbul edir.

Amma o tənqidləri qəbul etmir və etmirik ki, onlar əslində, qərəzdir və şəxsi maraqlardan doğur, heç bir obyektiv əsası yoxdur, dövlətçiliyimizə və xalqımızın birliyinə də ziyandır. Bunları qəbul etmirik və pisləyirik. Amma sağlam tənqidi niyə qəbul etəyək ki?

Sağlam tənqidi həmişə qəbul edirik. Özümüz də bəzən hökumətin işindəki müəyyən nöqsanları çox səmimi şəkildə tənqid edirik və  bu tənqidlərin yaxşı da nəticələr olur. Bu, normal bir məsələdir. Tənqid, özünütənqid hər bir siyasi partiyanın, hər bir cəmiyyətin inkişafı üçün çox vacib vasitələrdən biridir.

-Qarşıdan növbəti bələdiyyə və parlament seçkilər gəlir. Çox maraqlıdır ki, hər dəfə seçkilər yaxınlaşanda, seçkilərə start veriləndə iqtidarlı-müxalifətli bütün aparıcı partiyalarda gərginlik, təlatüm yaşanır…

– Bütün dünyada belə bir proses gedir və hər kəs istəyir seçicini öz tərəfinə çəksin və iş görən, işi olan öz işini ortaya qoyur, işi olmayan da başlayır iş görəni tənqid etməyə, müəyyən böhtanlar yağdırmağa, yaxud da, əsassız vədlər verməyə və iddialar irəli sürməyə. Bu, bütün dünyada gedən seçiqabağı proseslərdir və biz də bunu normal qəbul edirik. Amma bu şərtlə ki, o irəli sürülən ideyalar və iddialar milli maraqlara toxunmasın…

-Seçkilərlə, xüsusilə, parlament seçkiləri ilə bağlı YAP-da ayrılmalar, parçalanmalar baş verə bilərmi? Bəzən buna da tez-tez eyham vurulur…

-Bu, qətiyyən mümkün deyil. YAP kifayət qədər monolit bir partiyadır. YAP-da heç bir parçalanma yoxdur, olmayacaq və əslində onun heç əlamətləri də sezilmir. Amma partiya kifayət qədər böyük kontingenti olan bir partiyadır, yeddi yüz mindən çox üzvü var. Hər bir seçkiqabağı, yaxud da, hər hansı bir dövrdə beş nəfər, üç nəfər öz maraqları partiyanın maraqları ilə üst-üstə düşməyən insan ola və müəyyən bəyanatlarla, yaxud, etirazlarla öz fikirlərini söyləyə bilərlər. Bunu da normal qəbul edirik.

Bu, ümumi partiya üzvlərinin sıfır yüzdə bir faizini təşkil etmir. Bu da normal qəbul olunmalıdır. Çünki cəmiyyət hamısı bircinsli olmadığı, eyni düşünmədiyi kimi, yeddi yüz minlik üzvü olan partiyada ola bilsin ki, müəyyən insanlar başqa cür düşünə bilər. Amma bunlar partiyanın işinə heç bir xələl gətirmir və əsas odur ki, YAP xalqın etimadını qazanıb və bu etimadı doğruldur.

Kamil HƏMZƏOĞLU



Oxşar Xəbərlər

Xəbər lenti