Faruk Faik Köprülü : “Azərbaycanı ikinci vətənim bilirəm"

 

Faruk Faik Köprülü : “Azərbaycanı ikinci vətənim bilirəm"

 

Dünən  Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tədqiqatçı- alim, professor, şair Faruk Faik Köprülünün "Kərkük tarixi və Türkmən eli mədəniyyətindən səhifələr” mövzusunda məruzəsi dinlənilib. Tədbirdə ADPU-nun rəhbərliyi, Tarix və coğrafiya fakültəsinin və Filologiya fakültəsinin professor-müəllim heyəti, doktorantları, magistrləri və tələbələri iştirak ediblər

ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq bilidirib ki, bu gün universitetin həyatında əlamətdar bir gündür. Bu gün bizim xüsusi qonağımız var. Professor Faruk Faik Köprülü Türk dünyasının böyük alimi, vətənpərvər ziyalısıdır.  Çıxışında professor Faruk  Faik Köprülünün həyat və fəaliyyəti haqqında məlumat verən rektor bildirib ki, Türkmən eli mədəniyyətinin qurucularından, araşdırmaçılarından olan professor Faruk Faik Köprülü 1953-cü ildə Kərkük mahalının Altınkörpü qəsəbəsində anadan olub. 1974-cü ildə Bağdad Universitetinin Təhsil fakültəsinin ərəb bölməsini bitirib. Əmək fəaliyyətinə Kərkükdə orta məktəbdə  müəllim işləməklə başlayıb. 2004-cü ildən türk məktəbində fənnbirləşməsi rəhbəri olub, İraq-Türkmən məktəbinin tədrisinə rəhbərlik edib.

Gənc yaşlarından ədəbiyyatla məşğul olmağa başlayıb. Bədii yaradıcılığa şeir yazmaqla başlayıb. Sonradan öz yüksək məzmunlu yazıları ilə Türkmən ədəbiyyatçıları sırasına qoşulub. Bağdaddakı Türkmən radiosunda ədəbiyyat və folklor proqramlarını hazırlayaraq təqdim edib. 35 ildən çoxdur ki, "Türkmən eli” proqramının aparıcısıdır. Elmi və mədəni fəaliyyəti ilə İraq Türkmən mədəniyyətinə böyük xidmətlər göstərib. Bir çox beynəlxalq konfransların iştirakçısı olub. İraq Xəttatlar Dərnəyinin, Türkmən Xalq Şairləri Dərnəyinin, İraq Ədəbiyyatçılar Birliyinin və digər yaradıcı təşkilatların üzvüdür. Ərəb və türk dillərində  50-dən çox kitabın müəllifidir. Bu kitablardan 6-nı Azərbaycana həsr edib. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. Mərkəzi Azərbaycanda olan Beynəlxalq Vektor Elm Mərkəzi tərəfindən fəxri doktor adına layiq görülüb. Professor Faruk Faik Köprülü həmçinin "Qızıl ulduz” medalı ilə təltif edilib. "Kərkükdən Bakıya şahin uçurtdum” adlı son kitabı 4 ay bundan öncə çap olunub. Belə görüşlər xalqlarımız arasında əlaqələrin güclənməsinə səmərəli təsir göstərir.

Dəyirmi masa arxasında İraq türkmanlarının siyasi, sosial, iqtisadi vəziyyətləri, ana dillərində təhsil, mədəni muxtariyyət, Azərbaycan və Türkiyənin türkmanlı soydaşlarımızla əlaqələri, eləcə də digər məsələlər geniş müzakirə olundu.

Kərkürklü yazıçının Nizami Gəncəvi ,İmadəddin  Nəsimi, Məhəmməd Füzuli, Hüseyn Cavid, Məmməd Hüseyn  Şəhriyar, Bəxtiyar Vahabzadə və digər ədiblərimizin  incilərindən elə gözəl sitatlar gətirirdi ki, sanki fenomenal yaddaşa malik  Azərbaycanın filoloq alimi kimi çıxış edirdi.

Tədbir sonunda Professor Faruk Faik Köprülü görüşdə öz şeirlərini oxuyub, iştirakçıların suallarını cavablandırdı.

Professor Faruk Faik Köprülüdən "Yeni Sözçü” qəzeti üçün  eksklüziv müsahibə aldıq.

-Faruk bəy, Azərbaycanla bağlı hansı təsüratdasınız?

-Azərbaycana gələndə nə yadlıq, nə də yorğunluq hiss edirəm. Çünki soyumuz, dilimiz, kültürümüz birdir. Ona görə Azərbaycanı ikinci vətənim hesab edirəm.

-Bu gün çıxışınızda İraqdakı türkmanların radio və televiziya verlişlərinin fəaliyyətlərindən söhbət açdınız. Bəs qəzet, jurnallarınız necə, nəşr olunurmu?

-Bəli, nəşr olunur. Mən özüm 16 ildən çoxdur ki, "Fənər” dərgi baş yazarıyam. Əvvəllər İraqda qəzetimiz də nəşr olunurdu, təəssüflər olsun qəzetimizin fəaliyyəti dayandı və hal-hazırda dərc olunmur.  Bu sahədə fəaliyyətlərimizi gələcəkdə də davam etdirməyi düşünürük.

-Türkman soydaşlarımız istiqlaliyyətləri uğrunda savaşa hazırdımı?

-Bəli, əgər söhbət haqq-ədalətli mübarizəsindən gedirsə, o zaman başımız düşmənlərimizin qoltuqaltında qalsa belə, son damla qanımıza qədər savaşacağıq və ər meydanından çəkilməyəcəyik.

-Türkmanlar qaraqoyunlu və ağqoyunluların törəmələridir. Siz özünüzü türkman, yoxsa Azərbaycan türkü hesab edirsiniz?

-Həm türkmanlar, həm də Azərbaycan türkləri eyni soydandırlar və bir bulaqdan su içmişlər. Yəni, türkman demək elə Azərbaycan türkü deməkdir.

-Bütöv Azərbaycan arzusunun yaxın gələcəkdə bərqərar olacağına inanırsınızmı?

-İnsanlarımızın milli şüur və özünü dərki olacaqsa, dövlətlərimiz də bunu siyasət meydanında ortaya qoyacaqlarsa bütöv Azərbaycan da, böyük Turan da olacaqdır...

 

Abdulla İsmayıloğlu,

"Yeni Sözçü qəzeti

 

Faruk Faik Köprülü : “Azərbaycanı ikinci vətənim bilirəm"

 


 



 



Oxşar Xəbərlər

Xəbər lenti