8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il oktyabr ayının 24-də "Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb.Təhsil Nazirliyi tərəfindən bu Sərəncamla əlaqədər yanvarın 11-də müvafiq əmr verilib. Yuxarıda qeyd edilən sənədlərə əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) imzalanmış əmrlə "Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi ilə əlaqədər Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Planına uyğun olaraq ADPU-da həyata keçiriləcək tədbirlər müəyyən edilib. Fəaliyyət planında ADPU-da "Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda elmi konfransın keçirilməsi və konfrans çərçivəsində dramaturqun həyat və yaradıcılığını əks etdirən ədəbi-bədii kompozisiyanın təqdimatı və fotosərginin təşkili, Hüseyn Cavidin 135 illik yubileyi ilə bağlı aparılan elmi-tədqiqatların nəticələrinin ADPU-nun dövri elmi nəşrlərində dərc edilməsi, "Hüseyn Cavid XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri kimi” mövzusunda mühazirənin təşkili, tələbələr arasında Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsinin keçirilməsi öz əksini tapıb. Aprelin 18-də universitetdə Filologiya fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, Filologiya fakültəsinin müəllim və tələbələri, həmçinin ADPU-da keçirilən "Açıq qapı günləri” layihəsi çərçivəsində Bakı şəhəri 245 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov çıxış edərək bildirib ki, Hüseyn Cavidin dramaturgiyası XX əsr Azərbaycan romantizminin ən səviyyəli nümunəsi olmaqla yanaşı, dünya romantizminin əlamətlərinə də malikdir. Bir sıra janrları, xüsusən sonet, xalq musiqisini və marşları Azərbaycan şeirinə ilk dəfə Hüseyn Cavid gətirmişdir. O, yaradıcılığında monoloq və dialoqlardan məharətlə istifadə etmişdir. Hüseyn Cavid zəngin yaradıcılıq irsi qoyub getmişdir. Qüdrətli söz üstadı, böyük mütəfəkkir Hüseyn Cavid dünyanın müqəddəs dəyərləri olan həqiqəti, gözəlliyi və məhəbbəti vəhdətdə tərənnüm etmişdir. Hüseyn Cavid Türk dünyasının, eləcə də bütün dünyanın tanınan, sayılıb-seçilən yazıçılarından biridir. Onun əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub. Hüseyn Cavid bizim müasirimizdir, onun əsərləri həmişə sevilə-sevilə, böyük maraqla oxunacaq.
Tədbirdə Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş slayd nümayiş etdirilib.
Tədbirdə çıxış edən ADPU-nun Ümumi tarix kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev, bədii qiraət ustası, Əməkdar artist Ağalar Bayramov universitetdə Hüseyn Cavidin xatirəsinin anılmasını yüksək qiymətləndiriblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək bədii qiraət müsabiqəsinin keçirilməsini çox əhəmiyyətli bir hadisə kimi dəyərləndirib. Qeyd edib ki, xalqımızın böyük tarixi şəxsiyyətləri çoxdur. Onların arasında Hüseyn Cavid xüsusi yer tutur. Hüseyn Cavid xalqımızın milli sərvətidir. Belə dahi şəxsiyyətlər bizim üçün yüksək zirvədir. Biz bu sərvətlərimizə sahib çıxmalıyıq. Ulu öndərimiz Heydər Əliyev Hüseyn Cavidin şəxsiyyətinə və yaradıcılığına yüksək qiymət verib. Qədirbilən xalqımız onun xatirəsini əziz tutur. Rektor çıxışının sonunda tədbirin təşkilatçılarına təşəkkür edib və uğurlar arzulayıb.
Bədii qiraət müsabiqəsində tələbələr və şagirdlər Hüseyn Cavidin şeirlərini, əsərlərindən parçaları, şairin sözlərinə yazılmış mahnıları və müxtəlif rəqsləri ifa ediblər. Onların çıxışları iştirakçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb.
Sonda xatirə şəkli çəkdirilib.
Hurriyyet.org