8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Dövlətin instituta ayırdığı pullar nəyə və hara xərclənir? Plagiatçılıq niyə stimullaşdırılır? Bu işlərə cavabdeh olan akademik İsa Həbibbəyli niyə susur?!..
İdris Abbasov: "Plagiat kitabın arxasında akademik İsa Həbibbəyli dayanır”
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəylinin və Nəsimi adına Dilçilik İnstitunun direktoru, akademik Möhsün Nağısoylunun baş redaktorluğu ilə hazırlanaraq dövlət vəsaiti hesabına nəşr olunan "İzahlı dilçilik terminləri lüğəti” kitabının plagiat olduğu aşkarlanıb. Faktı gizlətməyə çalışan direktor Möhsün Nağısoylu dəfələrlə mətbuata bildirib ki, ümumiyyətlə, lüğət tərtibat işi olduğundan plagiat ola bilməz. M.Nağısoylu "İzahlı dilçilik terminləri lüğəti”nin plagiat olduğunu təsdiq edənləri qərəzçilikdə ittiham edib.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov dövlət vəsaiti hesabına nəşr olunmuş "İzahlı dilçilik terminləri lüğəti”nin plagiat olduğunu birmənalı təsdiq edib: "Dövlət vəsaiti hesabına nəşr olunmuş, hətta mükafatlandırıldığı deyilən "İzahlı dilçilik terminləri lüğəti” plagiatdır, yəni əmanətə xəyanətdir, müəllif hüququna qəsd, dövlətə, xalqa və elm ictimaiyyətinə hörmətsizlikdir”.
O, plagiat kitabın arxasında akademik İsa Həbibbəylinin dayandığını deyib.
Bu günlərdə İnstitutun direktoru Möhsün Nağısoylu öz taktikasında dəyişiklik edib. O, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin adından bəyanat yayaraq plagiat faktını gizlətməyə çalışıb. Görünür, M.Nağısoylu ölkə başçısının elmdə belə neqativ hərəkətlərə yol verənləri ciddi şəkildə töhmətləndirdiyini yada salıb və öz kuratoru – kitabın baş redaktoru İsa Həbibəylini töhmətdən qorumaq qərarına gəlib. Xatırladırıq ki, o zaman dövlət başçısı İlham Əliyev "Ensiklopediya”nın baş redaktoru, Milli Elmlər Akademiyasının Prezidenti Mahmud Kərimova tərtib işində yol verdiyi məsuliyyətsizliyə görə ciddi iradını bildirmişdir.
İ.Abbasovun sözlərinə görə, plagiat kitabın baş redaktoru akademik İsa Həbibəyli də eyni aqibəti yaşaya bilər: "5 aydır davam edən plagiat qalmaqalına əsərin baş redaktoru akademik İsa Həbibbəyli heç bir münasibət bildirmir. Əksinə, onun kuratoru olduğu Dilçilik İnstitutunun Elmi Şurasında plagiatlığı təsdiq etmiş şəxslərə qarşı direktor Möhsün Nağısoylunun başçılığı altında ciddi təzyiqlər göstərirlir, provokasiyalar edilir. Hadisələr qanunsuz məcraya yönəlib. Elmi-tədqiqat müəssisəsi elmdən uzaq düşüb. 3 ildir dövlətin instituta ayırdığı büdcənin, mənimsənilən qrantların müqabilində hansı işlərin görüldüyünün şəffaflığı təmin edilməlidir. Dilçilik İnstitutu pulmənimsəmə və istirahət ocağı deyildir”.
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin adından danışan M.Nağısoylu mətbuata açıqlamasında deyib: "Kitabın müəllifi Sayalı Sadıqova Müəllif Hüquqları Agentliyinə müraciət edib, həmin qurum da ona sənəd verib ki, tərtib işi, lüğət işi plagiat sayılmır. Çünki istənilən lüğət əvvəlki lüğətlər əsasında tərtib olunur. Burada plagiatdan danışmaq savadsızlıqdır”.
Professor İ. Abbasov direktor M.Nağısoylunun açıqlamasına da münasibət bildirib: "Direktor M. Nağısoylunun dediklərinin həqiqətə uyğun olduğuna qətiyyən inanmıram. Çünki Əqli Mülkiyyət Agentliyi öz rəsmi məlumatında 2 lüğətin plagiat olduğunu bəyan edib. İndi necə ola bilər ki, həmin qurum rəsmi sənəd versin və tərtib işinin, lüğət işinin plagiat olma ehtimalını təkzib etsin?! Neqativ davranışın bu cür akademik təzahürü (aldatma həvəsi) dövlətin yürütdüyü elm siyasəti ilə uzlaşmır. Dövlət və xalq qarşısında səhvlərini etiraf etmək əvəzinə, "dövlətdən gizlətmək”, "dövlətdən müdafiə olunmaq” (?!), "institut sirlərini qorumaq”, "institut çörəyi yemək” kimi düşüncə tərzinə malik alimlər bir həqiqəti dərk etməlidirlər ki, hansısa qrupa, "avtoritet”ə yox, öz dövlətinə, dövlət başçısına və qanunlara sədaqətli olmaq şərtdir. Alim adını daşıyan hər kəs dövlətin elm potensialının möhkəmlənməsinə töhfə verməlidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə edib plagiatlığı müdafiə etmək, dövlət vəsaitini mənimsəmək cinayətdir”.
Redaksiyamız müəyyən edib ki, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu "Tərtib işi, lüğət işi plagiat sayılmır” – deməklə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilən qeydiyyat haqqında sənədlə manipulyasiya edib. Akademik, qeydiyyatı təsdiq edən sənədi kitabın plagiat olmadığını təsdiq edən sənəd kimi təqdim edir. Beləliklə, o, ictimaiyyəti bir daha aldatmağa və Agentliyə olan etibarı sarsıtmağa cəhd edib. Halbuki başqasının əqli mülkiyyətini oğurlayıb öz adına çıxmaq ciddi hüquq pozuntusudur. Görünür, akademik bunu başa düşərək ciddi "səfərbərlik” elan edib.
Akademik Möhsün Nağısoyludan direktor olduğu üç il ərzində dövlət büdcəsindən iş görmək adı ilə müxtəli formalarda mənimsədiyi 100 minlərlə vəsaiti geri qaytarmağı tələb edən prof.İdris Abbasov "İzahlı dilçilik terminləri lüğəti”ni ictimaiyyətə təqdim və tərif edən baş redaktor akad. İsa Həbibəylini və plagiat əsərin birbaşa müdafiəçisi akad.Möhsün Nağısoylunu açıq elmi debata, diskussiyaya dəvət edib.
Bu istiqamətdə araşdırmanı davam etdirəcəyik.
"Hürriyyət”