64-ÜN ÜSTÜNƏ 1 GƏLƏ BİLMƏYƏN RİYAZİYYAT MÜƏLLİMİ


O, Masallıda riyaziyyatçılar “ordusunun” sərkərdəsi idi. Bunu təkcə mən demirəm. Riyaziyyatla məşğul olan hər kəs-müəllimlər, şagirdlər, tələbələr belə düşünürdü. Riyaziyyat adı gələndə Cəmaləddin müəllim, Cəmaləddin müəllim adı gələndə riyaziyyat yada düşür.

Mənim üçün şərəfdir ki, belə bir müəllimlə düz 27 il bir yerdə-Masallı Şəhər S.Tağıyev adına 4 saylı Digah Tam Orta Məktəbində işləmişik. Təkcə riyaziyyat adı gələndə deyil, ümumiyyətlə, müəllim adı gələndə də Cəmaləddin müəllimi təsəvvür etmək kifayətdir. O, təpədən dırnağa qədər müəllim idi. Səliqəli geyimi, yaraşıqlı boy-buxunu, şax yerişi, ölçülü-biçili, dəqiq, konkret danışığı ilə müəllimlərə örnək idi. Uzun-uzadı danışmağı sevməzdi, eyni zamanda həmsöhbətindən də tələb edirdi ki, vaxta qənaət etsin, geniş, ucsuz-bucaqsız, lazımsız söhbətlərə yer verməsin. Axı o, dəqiq fənni-riyaziyyatı tədris edirdi. Hər gün məktəbə ilk gələn biz olardıq. Dərs başlayana qədər müxtəlif mövzuda fikir mübadiləsi aparardıq. Bəzən görürdüm ki, qulaq asa-asa beynində nə isə hesablayır. Dərsarası asudə vaxtlarında sinif otaqlarının birinə girər, lövhəni doldurardı misal-məsələ ilə.

Cəmaləddin müəllim təkcə Digah məktəbinin riyaziyyat müəllimi deyildi. Masallıda repetitorluq fəaliyyəti ilə məşğul olan ilk müəllimlərdən idi. Onun yanına nəinki Masallıdan, hətta  qonşu rayonlardan da şagirdlər gələrdi. Kim gəlirdisə, bilirdi ki, nəticə yaxşı olacaq. Cəmaləddin müəllim qəbul imtahanında riyaziyyat fənninin qarantı idi. Onun mənim övladlarımın da üzərində böyük zəhməti olub. Üç övladım ondan riyaziyyat dərsini öyrənib, yüksək balla ali məktəbə daxil olublar. 2019-cu ildə buraxılış imtahanından 300 bal toplayan, 685 balla ali məktəbə daxil olaraq Prezident təqaüdünə layiq görülən övladım Şəhriyarın riyaziyyat müəllimi fəxrlə deyirəm ki, Cəmaləddin müəllim olub. O, təkcə orta məktəb proqramı ilə uşaqlarla məşğul olmurdu. Hər il neçə-neçə şagirdi olimpiadalara hazırlayardı, özü də təmənnasız olaraq. Digah məktəbinin şagirdlərindən Şəhriyar Respublika Fənn Olimpiadasının final turunda riyaziyyat üzrə mükafata layiq yer tutdu, Xalid və Ağa LDU-nun regional olimpiadasında 1-ci və 2-ci yerləri tutublar, özü də iki il dalbadal. Bəli, bu uğurların əldə olunması asan başa gəlməyib. Bu uşaqlarla Cəmaləddin müəllim saatlarla məşğul olardı. Bir misalın həlli üçün Şəhriyar evdə 3 gün gecə-gündüz əlləşərdi. O, qəsdən misalın cavabını uşaqlara bildirməzdi, deyərdi ki, zəhmət çəkin, 3-4 gün vaxt sərf edib cavabı tapın. Belə olanda beyinləriniz inkişaf edər.

Bəli, Cəmaləddin müəllim belə riyaziyyat müəllimi idi. Hər bir şagirdinin uğuruna hədsiz sevinən, onlarla qürur hissi keçirən müəllim idi. Yadımdadır, bir neçə il bundan qabaq şagirdi Süleyman Prezident təqaüdünə layiq görüləndəonun necə sevindiyini gözlərimlə görmüşəm, cümləsinin əvvəli də, sonu da Süleyman idi.

Cəmaləddin müəllim 7 yanvar 1957-ci ildə Masallı rayonunun Çaxırlı kəndində zəhmətkeş ailədə dünyaya gəlib. Orta məktəbi doğma kəndində oxuyub. Onun istedadı hələ orta məktəbdə oxuduğu illərdən üzə çıxmışdı. Şagird olarkən riyaziyyat fənni üzrə Respublika olimpiadasında iki dəfə iştirak edib, 10-cu sinifdə 2-ci yerə layiq görülüb. Orta məktəbi bitirdikdən sonra riyaziyyat fənnindən yazılı və şifahi imtahanlardan iki “5” ilə ADU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olub.

1983-cü ildə Cəmaləddin müəllim ali təhsilini bitirib Masallı şəhər İsgəndərli məktəbinə riyaziyyat müəllimi təyin olunub. Bir ildən sonra Digah məktəbində fəaliyyətini davam etdirib. O vaxtdan ömrünün axırına qədər Digah məktəbində riyaziyyat müəllimi kimi fəaliyyət göstərib. Cəmaləddin müəllim heç vaxt vəzifə arzusunda olmayıb. Əgər istəsəydi təhsil sahəsində hansısa vəzifəyə yüksələ bilərdi. Axı o, Masallıda hamının tanıdığı, hörmət etdiyi, hətta rəhbər vəzifələrdə işləyənlərin də övladlarının müəllimi idi. Rayon olimpiadalarında riyaziyyat fənnindən sualların hazırlanması, nəticələrin yoxlanılması işlərində Rayon Təhsil Şöbəsinə yaxından kömək edərdi. Bir sözlə, Cəmaləddin müəllim hər kəsə lazım olan müəllim idi. Bir xahişi ilə istənilən vəzifəyə keçə bilərdi. Amma onun üçün ən şərəfli, ən uca vəzifə müəllimlik peşəsi idi. Bu peşənin də öhdəsindən layiqincə gələrdi. Onun Digah məktəbində dərs dediyi şagirdlər-Bəxtiyar, Rasim, Şərafət, Mədət, Fikrət və başqaları hələ orta məktəb illərində Moskva Dövlət Universitetinin nəzdində Ali Riyaziyyat məktəbi ilə sıx əməkdaşlıq etmiş, qiyabi 3 il həmin məktəbdə oxumuşlar. Həmin şagirdlər diplomla, Cəmaləddin müəllim isə fəxri fərmanla təltif olunmuşdu. “Kvant”, “Matematika v şkole” jurnalları ilə sıx əməkdaşlıq edirdi Cəmaləddin müəllim. Riyaziyyat fənninə aid maraqlı fikirləri həmin jurnallarda dərc olunardı. Azərbaycan mətbuatında da Cəmaləddin müəllimin metodiki yazıları çap olunub. “Fizika, riyaziyyat və informatika tədrisi” jurnalında müntəzəm olaraq olimpiada misal və məsələlərinin həllinə aid yazıları dərc olunub. 2001-ci ildə adı çəkilən jurnalın keçirdiyi “Məsələ həlli” müsabiqəsində o, 1-ci yeri tutub. Cəmaləddin müəllimin hazırladığı abituriyentlər hal-hazırda respublikanın nüfuzlu dövlət orqanlarında çalışırlar. O, ictimai fəaliyyətindən də geri qalmırdı. Məqam düşəndə hərbi hissələrə dəvət olunur, əsgər və zabitlərimizin qarşısında vətənpərvər çıxışlar edirdi. Elə bu vətənpərvərlik fəaliyyətinin nəticəsidir ki, Digah məktəbinin 20-ə yaxın məzunu 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərib, 2 nəfər-Araz və Cavad şəhidlik məqamına yüksəlib, qalanları da Prezidentin  sərəncamı ilə orden və medallara layiq görülüblər.

37 illik fəaliyyəti dövründə Cəmaləddin müəllim hər cür mükafatlara layiq görüldü: “Baş müəllim” adı aldı, fəxri fərmanlarının sayı-hesabı yoxdur. Amma onun üçün ən böyük mükafat vaxtı ilə zəhmət çəkib yetişdirdiyi şagirdlərinin arabir bayramlarda zəng edib onun halını soruşması idi.

Cəmaləddin müəllim dediyimiz kimi təpədən dırnağamüəllim idi. Müəllim çörəyi ilə övladlarını böyüdüb boya-başa çatdırıb. Həyat yoldaşı Dilarə müəllimə ilə uzun müddətdir ki, eyni məktəbdə çalışırdı. Ər-arvad halal zəhmətlə 3 övladını böyüdüb, onlara həyatda düz yol göstərib. Övladlarının üçü də ali təhsillidir. Oğlu Elnur da dəfələrlə olimpiadalarda qalib gəlib. Keçmiş Təhsil naziri Misir Mərdanov şəxsən olimpiada qalibi kimi Elnura fəxri fərman təqdim edib. Qızları da-Şəhla, Samirə dəfələrlə olimpiada qalibi olub, hazırda ailə həyatı qurublar. Müəllimin nəvələri-İlkin, Toğrul, Gülnar, Sərvət, öz adını daşıyan Cəmaləddin də məktəbdə əlaçıdırlar. Bir sözlə, bu ailədə məişət danışığı riyaziyyat dilinə qarışıb.

Yaşasaydı Yanvarın 7-də 64 yaşı tamam olacaqdı. Bir ildən sonra təqaüdə çıxacaqdı. Masallıda riyaziyyat “ordusuna” sərkərdəlik edən, ən çətin misal və məsələlərin həllini asanlıqla tapan, bu qədər riyaziyyatçılar yetişdirən Cəmaləddin müəllim, təəssüf ki, çox asan misalın öhdəsindən gələ bilmədi, amansız əcəl imkan vermədi:

64+1=?

Əziz dostum Cəmaləddin müəllim, siz həmişə yaşayacaqsınız. Sizin əkdiyiniz ağacların meyvələrinin dənələrini külək Azərbaycanın hər tərəfinə səpələyib. Məktəbimizin kollektivi də, yetirmələriniz də sizin adınızı öz qəlblərində daim yaşadacaqlar. Rahat yat, qardaş. Məkanın cənnət olsun!

Şahin Səmədli­



Oxşar Xəbərlər

Xəbər lenti