Şirvanda iki vergi ödəyicisinin əmlakı hərraca çıxarılıb

 

Vergilər Nazirliyi vergi borcuna görə Şirvan şəhərində yerləşən iki vergi ödəyicisinə məxsus üç əmlakı hərraca çıxarıb.

Nazirlikdən verilən məlumata görə, vergi ödəyicisi Bayramov Hüseyn Yadulla oğluna məxsus Şirvan şəhərində, Xəqani küçəsi, 367 ünvanında yerləşən bağ evinə 41 min manat qiymət qoyulub. İlkin hərracda satılmadığından əmlakın dəyəri 10% aşağı salınıb. Bu səbəbdən hərracda iştirak etmək istəyənlər əmlaka görə müvafiq olaraq 3690 manat beh verməlidir.

Bundan başqa, vergi ödəyicisi Kərimov Əlirza Abuzər oğluna məxsus iki əmlak da vergi borcuna görə hərraca çıxarılıb. Ə.Kərimovun Şirvan şəhərində, H.Əliyev prospekti, 1/8 ünvanında yerləşən ümumi sahəsi 102,4 kvadrat metr olan qeyri-yaşayış sahəsinə 45 min manat və M.Ə.Rəsulzadə küçəsi, ev. 9, 42 saylı mənzilə 20 min manat qiymət qoyulub.

Hər iki əmlak ikinci dəfə hərraca çıxarıldığından hərracda iştirak etmək istəyənlər əmlaklara görə müvafiq olaraq 4050 və 1800 manat beh verməlidir.



Oxşar Xəbərlər

Xəbər lenti