Daşdan çörək çıxara bilməyənlər: “Bax, bu saat cibimdə 80 qəpikdən artıq pul yoxdu…”

 

Azərbaycanda iqtisadiyyatın tikinti sektorunda 2015-ci ildən başlayan və ötən ilin sonlarına qədər davam edən durğunluq mişar daşları ilə yüklü maşınların cərgə ilə düzülüb müştəri gözlədiyi "daş bazarları”ında öz təsirlərini hələ də göstərməkdədir. Çünki tkinti bumunun səngiməsinin nəticəsi olaraq mişar daşlarına tələbat azalıb, qiymətlər isə xeyli enib. Nəticədə çörəyi daşdan çıxarmaq indi daha da çətinləşib, müşkülə dönüb...

Bu ilin yanvarından "daş bazarı”nda mişar daşının bir az da ucuzlaşması müşahidə olunur, ötən il 35-40 qəpiyə satılan daş hazırda 30-35 qəpiyə təklif edilir. Paytaxtdakı köhnə, qəzalı evlərin söküntüsündən sonra tikinti sektorunun canlanacağına dair gözləntilər də özünü doğrultmayıb, bazar alıcı üzünə həsrət qalıb. Virtualaz.org saytı xəbər verir ki, metronun "Xalqlar Dostluğu” stansiyasının yaxınlığındakı yol kənarlarında mişar daşı ilə yüklü onlarla yük maşını günlərdir alıcı gözləyir.

Ayda 25 manat…

 

Satıcılardan Əmir Həsənov deyir ki, onun "KAMAZ” maşınına 750-800-ə yaxın daş yükləmək olur. Qiymət daşın sayı və keyfiyyətinə görə dəyişir. Məsələn, Türkandan gətirilən 1 maşın daş 250 manatadır: "Bir maşın daşdan 25 manat qazanırıq. Bəzən qiyməti "öldürürlər”, bizə heç 15-20 manat qalmır”.

Satıcı son 2-3 aydır satış olmadığından "fəhlə bazarın”da günəmuzd işləməklə dolanır: "Baxın, bu maşın 1 aydır buradadır. Sürücü kiminsə bağında işləyir, telefon nömrəsini də qoyub ki, müştəri olarsa zəng vursun. Bəzilərinin axşam evə getmək üçün avtobusa verməyə pulu yoxdur, maşında gecələyir”, -Əmir əlavə edir.

Satıcılardan biri isə ciblərini göstərir, cəmi 80 qəpik pulu var. Deyir ki, 20 ildir daş satmaqla ailəsini dolandırıb, indi isə evə çörək almağa belə çətinlik çəkir. "2015-ci ilə qədər yaxşı dolanmışıq. Amma indi ayda heç 25-30 manat da qazana bilmirik. 5-10 daş satanda sevinirik ki, axşam evə 2 çörək ala biləcəyik”, -satıcı söyləyir.

"Daşın keyfiyyətinə deyil, qiymətinə baxırlar”

Satıcılar deyirlər ki, əvvəllər villa və ya özünə bağ evi tikdirən məmurlar, zənginlər daha çox "Qızılqaya daşı” və ya "Qaradağ” mişar daşı sifariş edirdilər. Çünki bu daşlar digər daşlardan fərqli olaraq nəmliyə daha dözümlüdür. İndi isə bazarda bu daşlardan yoxdur. "Yeni tikilən çoxmərtəbəli binalarda əsasən kərpic və betondan istifadə edilir. Yalnız fərdi ev tikənlər daş alırlar ki, onlar da keyfiyyətlə deyil, qiymətlə maraqlanırlar. Biz əsasən Türkandakı karxanadan daş alırıq. Bu daşın da keyfiyyəti pis deyil”, -Məhəmməd adlı satıcı söyləyir.

"Bizi şəhərə buraxmırlar”…

Satıcılar onu da deyirlər ki, yük maşını ilə şəhərə girişlərinə icazə verilmir. Onlar da yol kənarlarında, gəliş-gedişin çox olmadığı yerlərdə dayanmağa məcburdular. Dərnəgüldəki tikinti bazarına da girə bilmirlər, çünki bazarda kənardan gəlib daş satanlara əngəl yaradılır.

"Burada bizdən yer pulu istəmirlər, digər bazarlarda isə satdın-satmadın, gərək gündə yer pulu ödəyəsən”, -Məhəmməd əlavə edir. Bildirir ki, 60 yaşı var, "fəhlə bazarı”nda onun kimilərini indi ağac dibi belləməyə də aparmırlar. Ona görə də yol kənarında oturub müştəri gözləməkdən başqa çarəsi yoxdur...

Ülviyyə Xudiyeva

Foto Samirə Həsənovanındır

Virtualaz.org



Oxşar Xəbərlər

Xəbər lenti